Avtomobildə 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb. Bakıda avtomobil nömrələrini oğurlayan şəxsin saxlanılması üçün əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ DYPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Esmira Həşimovaya məxsus avtomobildən oğurlanmış 99 ES 993 dövlət qeydiyyat nişanları ilə idarə edilən “Hyundai” markalı avtomobil Cavadxan küçəsində saxlanılıb.
Bu zaman sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb. Araşdırmalar nəticəsində saxlanılmış avtomobilin Şəki rayon sakini Məmməd Məmmədova məxsus olması müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı müxtəlif markalı avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.