Rusiya tərəfindən həbs olunan “Naftalan” gəmisinin yükü tam boşaldılaraq müsadirə olunub. Bu barədə Axar.az-a Xəzər Dəniz Gəmiçiliyi QSC-nin adının çəkilməsini istəməyən səlahiyyətli nümayəndəsi məlumat verib. O, bu ilin iyunun 4-də həbs edilən gəmi kapitanı və heyət üzvlərinin məhkəməsinin baş tutacağını bildirib. Məhz bu məhkəmədən sonra gəminin və kapitan Asif Məhərrəmovun azad edilərək Azərbaycana qaytarılmasının nəzərdə tutulduğu deyilib. Mənbə hazırda gəmi heyətinə torpağa addım atmasına icazə verilmədiyi və dustaq həyatı yaşadığını söyləyib. O, gəmidəki bütün heyətin hamısının azərbaycanlılardan ibarət olduğunu qeyd edib. Qeyd edək ki, “Naftalan” tankeri saxlanandan sonra faktla bağlı FTX-nin Dağıstan üzrə idarəsi tərəfindən 2013-cü il avqustun 4-də Rusiya Cinayət Məcəlləsinin 226.1-ci (strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda “Naftalan” tankeri Mahaçqala dəniz limanına çəkilib. Tankerin kapitanı ilə köməkçisi Mahaçqala istintaq təcridxanasında həbsdə, 15 heyət üzvü isə tankerdə girovluqdadırlar. 10 ay həbsdə olan “Naftalan” gəmisi hər ay 30.000 manat ziyana düşür. Onu da xatırladaq ki, bir müddət öncə Rusiya qaçaqmala görə müsadirə etdiyi gəminin dəyərini istəmişdi. Lakin sabiq rəis Aydın Bəşirov bunu verməkdən imtina etmişdi.