"Qardaşım kayfdadır, hoqqa çıxartmaq istəyir" Deputat Elton Məmmədovun "ziyalı" oğlu, Milli Məclisin əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun döyülməsini sifariş edən Aynar Məmmədovun əks olunduğu bir video göndərilib redaksiyamıza. Həmin videonun 10-19-cü saniyələrində meyxanaçılara ən yaxın masada oturan Aynar Məmmədov və onun dostları görüntülənirlər.
"Ziyalılar"ın "kayfda" olduğu ilk baxışdan görünür. Meyxanaçılar da, həmin masanın sifarişi ilə "Qardaşım kayfdadır, hoqqa çıxartmaq istəyir", nəqaratı ilə deyişməyə başlayırlar.
Videoda söyüşlər olduğu üçün, musavat.com ona +18 işarəsi qoyur. Amma Elton Məmmədovun da dediyi kimi, bu söyüşlər "ziyalı" söyüşləri olduğu üçün, üstündən keçmək də olar.
Musavat.com bildirir ki, əslində Aynar Məmmədova və onun Fərahim İlqaroğluna qarşı sui-qəsdinə həsr olunan başqa bir video var. Və biz həmin videonun anonsunu verdik, sabah da özünü verəcəyik.
Video "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu döyən dəstənin hadisə yerindən ayrılandan sonra getdikləri hərəkət trayektoriyasını əks etdirir və Feyruz Termişinin tək olmadığını sübut edir.
Bu, əsil sensasiyadır - Aynar Məmmədovun adamları qrup halında jurnalistə sui-qəsd planlayıblar və onu həyata keçirdikdən sonra birgə qaçıblar. Ətrafdakı obyektlərdə quraşdırılmış müxtəlif videokameralardan yığılmış həmin rolik cinayətə və onun istintaqına ciddi aydınlıq gətirəcək mötəbər sübutdur. Musavat.com iddia edir bu görüntülər istintaqda da var.
Musavat.com bildirir ki, həmin video-lent sabah səhərə yaxın yayınlanacaq, hələliksdə oxucularımız ziyalı Elton Məmmədovun ziyalı oğlu Aynar Məmmədovun "kayf" və musiqi zövqü ilə tanış olsunlar.
Qeyd: Xəbər və video sayta qoyulandan sonra Məmmədovlar klanı onu you-tubedən sildirməyə nail oldular. Lakin video musavat.com-un öz videoarxivində də var. Az sonra bərpa olunacaq.