Məhəllədə bəzi evlərin bərpasına başlanılıb; sakinlər “Gözləyək tavan başıma uçsun?” deyir Bir müddət öncə söküntüsünə start verilən və qalmaqal yaradan “Sovetski” məhəlləsində maraqlı proseslər gedir. Burada söküləcəyi planlaşdırılan bəzi evlərin təmirinə başlanılıb. Təmir işləri “Sovetski”nin bir neçə küçəsində yerləşən fərdi yaşayış evlərində aparılır. Məsələ ilə bağlı “Yeni Müsavat”ı məlumatlandıran “Sovetski” sakinləri bildiriblər ki, Abdulla Şaiq, Balababa Məcidov kimi küçələrdə yaşayan sakinlər öz evlərinin təmirinə başlayıblar. Onların sözlərinə görə, təmir işləri rayon icra hakimiyyətinin nəzarəti altında aparılır. “Sovet vaxtı da deyirdilər söküləcək...” Ötən gün sözügedən küçələrə baş çəkib, təmir işləri aparılan evlərdə olduq. Qalib Məmmədov adlı “Sovetski” sakini bildirdi ki, təmir işləri qətiyyən dövlətdən artıq kompensasiya almaq məqsədi ilə aparılmır: “Sovet vaxtı da deyirdilər söküləcək. O vaxt da belə hay-küy qoparmışdılar. Sökdülər, bütün ”Sovetski"ni yox, cəmi bir-iki evi. Bu ilin fevralında da hay-küy elədilər, sonra sakitləşdilər. Ötən gün icra hakimiyyətindən gəlib dedilər ki, evinizi niyə təmir edirsiniz, onsuz da söküləcək. Söküləcək deyə, evi təmir etməyim? Gözləyək tavan başıma uçsun? Onsuz da rayon icra hakimiyyətinin Köçürmə Komissiyasındən gəlib evlərimizə baxıblar. Şəkillərini də çəkiblər. Söksələr belə bizə verilən kompensasiya dəyişməyək". Bir başqa “Sovetski” sakini isə bildirdi ki, söküləcək evlərin yerində park salınacağı deyilsə də, Balababa Məcidov və ona paralel küçələrdə hündür mərtəbəli binalar inşa olunur: “Biz evimizin qapısını dəyişən kimi icra hakimiyyətində adam qalmır tökülür qapımıza. ”Sovetski"də evlərin plana düşdüyü küçələrdən biri də Balababa Məcidovdur. 3 ayın içində 9 mərtəbəli göydələn ucaltdılar. Kimsədə, onlara bir söz demədi. Sakinlərə Abid Şərifovla görüş zaman demişdilər ki, sökülən evlərin yerində heç nə tikilməyəcək. Ərazi parka görə sökülür. İndi bizə məlum olur ki, “Sovetski”ni hissə-hissə alıb hündür mərtəbəli binalar tikirlər". Məlumat üçün bildirək ki, “Sovetski” də söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir. Amma, görünən mənzərə tamam başqadır. Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətinə satılıb. Balababa Məcidov küçəsində sökülən evlərin yerində hündür mərtəbəli yaşayış binası tikilir. Sözügedən ərazinin bir hissəsi həmçinin hökumətin təqdim etdiyi park layihəsinə düşür. Belə olan halda bu tikintiyə kimləri icazə verməsi sual doğurur. Sonda qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Bu ilin fevralında Yasamal Rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazir müavini Abid Şərifov bildirib ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə, yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”. A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib. Xatırladaq ki, ərazinin baş planın hazırlanması üçün bir ay vaxt qoyulmuşdu. O vaxt bildirilmişdi ki, sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq, köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək.