Ankara ilə Kremlin münasibətlərinin kəskinləşməsi rəsmi Bakının mövqe bildirməsini vacib edir
Rusiyanın nüfuzlu internet-nəşri olan gazeta.ru maraqlı mövzuya toxunub. Türkiyə ilə Rusiya arasında yaşananları nəzərə alan nəşr vurğulayıb ki, Azərobaycan baş verənlərlə bağlı mövqe sərgiləməlidir. Nəşrdə yer alan məqalədə vurğulanır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə ABŞ-ın ünvanına sərt tənqidlər söylədi, bildirdi ki, Suriya kürdlərinə verilən Amerika dəstəyi bölgədə qanın çay kimi axmasına səbəb oldu. Bundan qabaq Moskva, indi isə Vaşinqtonla mübahisələri yaranan Ərdoğan getdikcə daha tez-tez etnik yaxınlığı olan Azərbaycan tərəfə boylanmaqdadır.
“Gec-tez seçim anı gələcək”
Məqalə müəlliflərinə görə, Bakı Suriya münaqişəsində getdikcə daha nəzərəçarpan rol oynayır və gec-tez o, Moskva ilə Ankara arasında seçim eləməli olacaq: “Az öncə Səudiyyə Ərəbistanı Azərbaycana IŞID-ə qarşı yeni ”Islam koalisiyası”na qoşulmağı təklif edib. Bu yaxınlarda isə Ilham Əliyev Londona gedib və orada “Suriyaya və regiona kömək” konfransına qatılıb. Bundan əlavə, fevralın 18-də Ərdoğanın Bakıya səfəri nəzərdə tutulub. Sahə ekspertlərini bununla bağlı belə sual qayğılandırır – Türkiyə prezidentinin qarşıdakı səfəri yalnız ikitərəfli əlaqələrlə bağlıdır, yoxsa səfərin arxasında Ankara-Moskva ziddiyyətləri və Suriya böhranında oyunçuların qlobal maraqlarından formalaşan mürəkkəb “bekqraund” dayanır? Hər nə olur-olsun, Bakının Suriya qıfına daxil edilməsi belə bir sual haqda düşünməyə vadar edir: Rusiya Azərbaycanı itirir?”
Nəşr daha sonra qeyd edir: “Azərbaycan hələ ki nə Qərbin, nə də Rusiya və Səudiyyə Ərəbistanının başçılıq elədiyi koalisiyalara qoşulub. Qoşulmamağın məntiqi isə həm obyektiv səbəblər, həm də siyasi amillə bağlıdır: birincisi, güclənən sosial-iqtisadi böhran, habelə son vaxtlar həyəcanlı meyllərin özünü göstərdiyi, həll olunmamış Qarabağ məsələsi fonunda Azərbaycanın üstəlik, Yaxın Şərq böhranına cəlb olunması istər ölkə iqtisadiyyatına, istərsə də sosial ab-havaya öldürücü təsir edərdi – Qarabağ fitilinin çəkilməsi mümkünlüyü də öz yerində.
“Azərbaycan üçün seçim etmək çox çətindir”
Ikincisi, Ankara və Moskvanın qarşıdurması dövründə Azərbaycan üçün seçim eləmək çox çətindir. Səudiyyə Ərəbistanının yaratdığı və Türkiyənin də daxil olduğu koalisiyaya qoşulmaqla Bakı şimal qonşusu ilə münasibətləri güclü şəkildə korlaya bilər. Eyni prinsip əks istiqamətdə işləkdir: Azərbaycan bir çox məsələlərdə Rusiya ilə əməkdaşlıq eləməklə Moskvanın və Tehranın yaratdığı koalisiyalara daxil olmağa razılaşa bilməz, nədən ki, bu, nəinki Türkiyə ilə əlaqələrə xələl gətirər, eyni zamanda Qərbdə çoxlu izafi suallar doğurardı. Lap yaxınlaradək iki od arasında balansı qorumaq Bakıya müyəssər olub. Ancaq son hadisələr öz zəruri düzəlişlərini edib və belə görünür, Azərbaycan çətin seçim etməli olacaq”.
Məqalədə ardınca iddia olunur ki, Səudiyyə Ərəbistanı və Türkiyə Suriyaya quru qoşunları yeritməyə hazırlaşır və bu plan Pentaqonun da müsbət rəyini alıb: “Rusiyada isə bu, açıq-aşkar neqativ qarşılanır. Ancaq bu plan baş tutsa, o zaman biz Yaxın Şərqdə lokal yox, Güney Qafqaz və Xəzərsahili region ölkələrinin, bir çox başqalarının da cəlb olunduğu qlobal müharibənin şahid olacağıq. O halda dünya müharibələri tarixindəki ən yaxşı ənənələr üzrə oyunçular müxtəlif koalisiyalara səpələnəcək. Belə görünür, Londonda Ilham Əliyevlə məhz Azərbaycanın Suriya məsələsində potensial rolu müzakirə olunub, hansı rolun ki, əsas tərkib hissəsini bu sual təşkil edib – Bakı kimin komandasına qoşulacaq?”
“Bakının seçimi”
Məqalədə daha sonra Bakı üçün seçimin böyük olmadığı vurğulanır: “Seçim böyük deyil. Bir yandan Rusiya və Iran, digər yandan, köhnə müttəfiq Türkiyə və öz kapitalı ilə Qərb dünyası – hansı ki, ucuzlaşan neft fonunda Bakıya xüsusilə lazımdır. Avropa Birliyinin Azərbaycanı öz komandasına niyə çəkmək istədiyi aydındır. Bakı təkcə Avropa bazarları üçün potensial qaz tədarükçüsü deyil (hərçənd bu məsələ indi ikinci plandadır), həm də o, Ankaranın strateji tərəfdaşı olmaqla AB tərəfindən Türkiyədən ayrılmaz şəkildə nəzərdən keçirilir. Əgər Ankara Suriyada geniş miqyaslı əməliyyatlara hazırlaşırsa, o zaman aydındır ki, hətta ilkin məsləhətləşmələrsiz-filansız Azərbaycan artıq kənarda qala bilməyəcək. Deməli, praqmatik avropalılar Londonda Əliyevə, sadəcə, işarə vurublar ki, seçim eləmək lazımdır”. (Müsavat.com)
“Azərbaycan Türkiyənin yanında olmalıdır”
hikmet-hacizade-yeni
Politoloq Hikmət Hacızadə hesab edir ki, Rusiya mətbuatında dərc olunan bu məqalə Azərbaycana tam mənada mesaj sayıla bilməz. Amma məqalədə toxunulan nüanslar maraqlı, həm də reallığa uyğundur: “Prinsipcə məqalədə əksini tapan fikirlər səhv deyil. Həqiqətən də iki iri dövlət arasında baş verənləri nəzərə alanda Azərbaycan üçün gərgin situasiyanın yarandığını demək olar. Amma bu məqaləni hökumətin mesajı saymaq olmaz”.
Yaranmış durumda Azərbaycanın hansı yolu seçəcəyinə gəlincə isə H.Hacızadə vurğuladı ki, rəsmi Bakı Ankaranın yanında olmalıdır.
Xəyal