Anar Məmmədovun Vaşinqton projesi bata bilər

25-05-2014, 13:20   

Nazir oğlu çətin durumda; Əmisi oğlunun adı jurnalistə qarşı sui-qəsdin təşkilində keçən nəqliyyat nazirinin övladını Amerikada 28 may ziyafətində çətin suallar gözləyir; gənc Məmmədovu həm də hakimiyyətlə ABŞ arasındakı münasibətlərin kəskinləşməsi ağır duruma salıb
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan Amerika Alyansının sədri Anar Məmmədov Vaşinqtonda 28 may Respublika Günü tədbirlərinə hazırlaşır. Hər il A.Məmmədov Azərbaycanla bağlı bir neçə təqvim günündə Vaşinqton və Nyu-Yorkda tədbirlər keçirir.

Onlardan biri də 28 may Respublika Gününün qeyd olunmasıdır. Bu il də A.Məmmədov hələ bir neçə ay əvvəldən 28 may tədbirləri hazırlıqlarına başlayıb. Bu işdə ona Azərbaycan-Amerika Alyansında təmsil olunan keçmiş konqresmenlər və lobbi təşkilatçıları kömək edir.

Yaxın vaxtlara qədər A.Məmmədovun Vaşinqton tədbirinin hazırlıqları yüksək səviyyədə getsə də, son günlərdə ortaya bir sıra problemlər çıxıb.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, A.Məmmədovun əmisi uşaqları, deputat Elton Məmmədovun oğlanları Aynar Məmmədovla, Elnur Məmmədovun harınlıqları ilə bağlı bir sıra qalmaqalların yaşanması, xüsusən də Aynar Məmmədovun adının qəzetimizin əməkdaşı Fərahim İlqaroğluna qarşı sui-qəsdin təşkilində keçməsi nazir oğlunun planlaşdırılan Vaşinqton tədbirinə kölgə salıb.

Məlumatlara görə, əvvəllər A.Məmmədovun ziyafətində çox məmnunluqla iştirak edən amerikalı senatorlar, konqresmenlər, Dövlət Departamentinin nümayəndələri kuzeninin adı bir jurnalistə sui-qəsd işində keçən bir şəxsin ziyafətində iştirak etməyə tərəddüd edirlər. Onsuz da hər dəfə A.Məmmədovun ziyafətlərində iştirak edən sabiq və indiki senatorlar, konqresmenlər, ABŞ rəsmiləri Amerika mətbuatının tənqidlərinə tuş gəlirdilər. ABŞ mediası onları mənşəyi bilinməyən, yaxud çirkli pullar hesabına verilən ziyafətlərdə iştirak etməkdə və azərbaycanlı oliqarx-nazir oğlundan maliyyə almaqda ittiham edirdilər. Bu il isə vəziyyət daha pis ola bilər. Əmisi oğlu Bakıda jurnalistə sui-qəsd təşkil edən Anar Məmmədovun söz azadlığına çox həssas olan bir ölkədə yüksək səviyyədə qarşılanması çox ciddi qınaq obyektinə çevrilər.

Diplomatik kanallardan aldığımız məlumatlara görə, bu baxımdan A.Məmmədovun Vaşinqtonda Milli Muzey binasında təşkil etməyi planlaşdırdığı 28 may ziyafətinə dəvət olunan bir sıra ABŞ senator və konqresmenləri, beyin mərkəzlərinin rəhbərləri, sabiq rəsmilər, media təmsilçiləri bu tədbirdə iştirak edib-etməyəcəklərini dəqiq bilmədiklərini deyiblər. Vaxt isə azdır və A.Məmmədov bu tədbiri mümkün qədər yüksək səviyyədə keçirməklə Məmmədovlar mövzusunda gündəmi xeyli dərəcədə öz xeyirlərinə dəyişmək istəyirlər. Amma eyni zamanda A.Məmmədovun özündə və Azərbaycanın ABŞ-dakı səfirliyində bu tədbirlə bağlı çox ciddi narahatlıqlar var. Onlar həm dəvət olunanların bir çoxunun tədbirdə iştirak etməyə biləcəyindən narahatdırlar, həm də bu tədbir zamanı çətin suallarla üzləşəcəklərindən ehtiyat edirlər.

İndiki məqamda həm Məmmədovlar soyadının üzərində jurnalistə qarşı sui-qəsd təşkil etdirmək ittihamı var, həm də ABŞ-Azərbaycan münasibətləri çox ciddi şəkildə kəskinləşib.
ABŞ səfiri Riçard Morninqstarın Azadlıq Radiosuna müsahibəsində Azərbaycanda insan haqlarının, demokratiyanın durumunu tənqid etməsindən, siyasi fəallara, vətəndaş cəmiyyəti təmsilçilərinə basqılardan danışmasından sonra hakimiyyət nümayəndələri səfiri və Amerikanı topa tutmağa başlayıblar. Hazırda Azərbaycanda rəsmi şəxslər tərəfindən, eləcə də iqtidar mediasında ABŞ əleyhinə olduqca sərt ittihamlar səsləndirilir. Bunların fonunda A.Məmmədovun Vaşinqtonda təşkil etdiyi tədbirdə onun özünün və Azərbaycan səfirinin bir çox sərt suallarla qarşılaşacaqları ehtimalları var.

Buna görə də A.Məmmədov bir yandan bu tədbirə soyadlarının imicini yaxşılaşdıracaq bir imkan kimi baxsa da, digər tərəfdən yeni qalmaqalla üzləşəcəyindən əndişələnir. Buna görə də demək olar ki, A.Məmmədovun Vaşinqton projesi təhlükədə və tam bir iflas həddindədir.

Yeri gəlmişkən, Vaşinqtonda təhsil alan və yaşayan demokratik düşüncəli azərbaycanlıların A.Məmmədovun 28 may ziyafətini etirazla qarşılamağa hazırlaşması barədə də məlumatlar var. Bu məlumatlarla bağlı təfərrüatları öyrənməyə və növbəti saylarımızda bu haqda oxuculara məlumat verməyə çalışacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.