Hakimiyyətyönlü deputatdan sensasiyalı xəbərdarlıq

25-05-2014, 13:23   
Hakimiyyətyönlü deputatdan sensasiyalı xəbərdarlıq
“Putinin zirehli gəmiləri Xəzər dənizində bir-iki platformada hansısa əməliyyatlar keçirəndə, Qərb bizim mövqeyimizin haqlı olduğunu xatırlayacaq”
Son iki həftədə Qərbin Azərbaycan hakimiyyətinə basqısı intensiv xarakter alıb. Fransa prezidenti Bakıda müxalifətlə görüşür, ardınca ABŞ səfiri buradakı fəaliyyəti dövründə heç vaxt sərgiləmədiyi sərt açıqlamalarla çıxış edir, onun ardınca Avropa Şurasının baş katibi Azərbaycanda insan haqları, demokratiya məsələsini qaldırır, bir-iki gün sonra AŞPA prezidenti siyasi məhbuslar, Azərbaycanın götürdüyü öhdəliklər məsələsini qəti şəkildə qoyur və Azərbaycan hökuməti sərt suallar atəşinə tutulur.
Hakimiyyətyönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, baş verənlər bir-biri ilə bağlı prosesdir: “Qərb ölkələrinin və beynəlxalq qurumlarının xarici siyasət kursunda xeyli koordinasiyalılıq, biri digərinə bağlılıq var. Onların səfirləri koordinasiya olunmuş formada işləyirlər və öz ölkələrinə verilmiş məlumatlar əsasında xarici işlər nazirlərindən alınmış tapşırıqları müəyyən bir sinxronluqla da həyata keçirməkdədirlər. Ona görə də bu proses sistemli olaraq reallaşdırıldı. Biz bunu təsadüfi hadisə saya bilmərik”.

Bir kimsə Azərbaycanı xarici siyasət kursuna yenidən yenidən baxmaqda və əsas strateji müttəfiqlərini dəyişmək istəməyə, postsovet məkanının geopolitik siyasi quruluşu dəyişdiyindən özümüzü zorən ora uyğunlaşdırmağa görə Qərb dövlətlərindən imtina etməkdə qınaya bilməz. Bu siyasi savaşı, siyasi cəbhəni Qərb dövlətləri açdı. Məni ən təəccübləndirən odur ki, hazırkı dönəmdə bir tərəfdən Qərb institutlarının Qafqaz bölgəsində ciddi hərəkətlənməsi var, o biri tərəfdən isə leksikonları dəyişir. Danışıq dillərindəki əsas terminlər daha çox qınaq, hansısa məsələlərdə suçlandırma və günahlandırma mövqeyinə keçdi. Ona görə də mən deyirəm ki, bu təxminən ötən əsrin sonlarındakı vəziyyətə bənzəyir.

O zaman ki, ərazi bütövlükləri, suverenliklər, siyasi müstəqilliklərin müdafiəsi daha çox zəruri idi gəlib ölkə içərisində insan haqları ilə bağlı hansısa fərdi problemlər axtarılırdı. İndi də belə edilir. Halbuki daha qlobal mənada regionun taleyi həll olunur. Ona görə də hesab edirəm ki, qeyd olunan qınaqlara qarşı Azərbaycan dövləti adından hörmətli Ramiz Mehdiyevin münasibəti həm cəmiyyət mövqeyini, həm də bütövlükdə hakimiyyət institutlarının baxışlarını tamamilə özündə əks elətdirdi".

Deputat bəyan etdi ki, Azərbaycan cəmiyyətində Avropa dairələrindən çox ciddi qırılma var, xəyalların iflasa uğraması mövcuddur: “Azərbaycan bütün iqtisadi siyasətini Qərblə işlədiyi halda özünün milli problemlərinə dəstək almadıqca, əksinə, bu milli problemlər Qərbin maraqları üçün alətə çevriləndə Qərblə bağlı milli düşüncədə şübhəsiz ki, bir çat yaradacaqdı”.

Z.Oruc düşünür ki, əslində bütün son cəhdlər Azərbaycanı Rusiyadan qoparmağın hədələridir: “Qərb institutları açıq şəkildə bəyan eləməyə başlayırlar ki, əgər siz Avropa Birliyinin Şərq tərəfdaşlığı Proqramı çərçivəsində daha da irəli gedib Gürcüstan, Moldova, Ukraynanın yeni hakimiyyəti kimi Qərbin birmənalı yanında olmasanız, Rusiyaya qarşı istehkamlara, siyasi barrikadaya daxil olmasanız sizi daxili sosial toqquşmalar, hansısa siyasi kataklizmlər gözləyə bilər. Budur məsələnin mahiyyəti. Yəni bütün proseslər kontekstli geopolitikadır. Qəti şəkildə şübhə doğurmur ki, Riçard Morninqstarın açıqlamaları o dövr daha çox qabardı ki, hiss olunan bu idi - Azərbaycan Rusiya ilə normal münasibətlərini saxlayacaq.

Heç kəs bizi Qərbi Rusiyanın ayağına verməkdə qınaya bilməz. Çünki BMT-dəki səsvermədə göstərilən iradədən sonra da yenə Avropa dairələri nəticə çıxarmadılar. Bu gün bizə sadəcə bəyanatlarla, Qarabağ nizamlanması üçün simvolik 6 prinsiplə rahatlandırmaq mümkün deyil. Gerçək addımlar yoxdur ortada. Ona görə də hesab edirəm ki, bundan sonrakı dönəmdə hansısa daxili qüvvələr Qərb institutları ilə Azərbaycan hakimiyyəti arasında soyuqlaşmanı öz xeyri üçün sayacaqsa, bundan faydalanmaq niyyəti güdəcəksə, onlar da milli mənafelər əleyhinə mövqe tutmuş olacaqlar”.

“Artıq bəzi siyasətçilər hakimiyyətin Qərbyönümlü siyasətdən imtina etdiyi qənaətinə gəliblər. Qərbyönümlü siyasətdən imtina edilirmi” sualına həmsöhbətimiz belə cavab verdi: “Bunu deyənlər öz mövqelərini axıra qədər əsaslandıra bilməyəcəklər. Çünki uzun illər ərzində Azərbaycanın xarici iqtisadi siyasəti əsasən Qərb dövlətləri ilə qurulub. İstənilən iqtidarlar halında belə modeldən büsbütün imtina etmək, tamamilə Rusiyayönümlü, İranpərəst, hətta Asiya qitəsi ilə çulğalaşmaq model ortalığa qoymaq da çox çətin olardı. Azərbaycanın Qərbyönümlü siyasətdən imtina etməsi yalnız o halda söylənə bilərdi ki, biz neft müqavilələrindən imtina edirik, onun beynəlxalq məhkəmə vasitəsilə hüquqi qüvvəsinin dayandırılmasına çalışırıq.

Ondan sonrakı dönəmdə iqtisadi partnyorlarımızı dəyişirik, neft-qaz resurslarımızı Asiya qitəsinə çıxarırıq və yaxud yalnız Rusiyaya veririk və sair. İndiki gerçəklikdə isə bütün bunlar yoxdur ortalıqda. Lakin bizi nəyin bahasına olur-olsun Rusiya hərb maşınının tırtılları altında əzilməyə vadar eləmək olmaz. Çünki Qərbin başı bizim daxili vəziyyətimizə, demokratiya məsələlərinə qarışmışkən günün birində Putin Xəzər dənizində Qərb neft kampaniyalarını boğmaq üçün ultimatumlar verəndə və onun zirehli gəmiləri bir-iki platformada hansısa əməliyyatlar keçirəndə, bizim mövqeyimizin haqlı olduğunu xatırlayacaq. Xatırlayacaqlar ki, Azərbaycan söyləyirdi ki, daha qlobal problemlər və Azərbaycanın real siyasi suverenlik müdafiələri, təhlükəsizlik müdafiəsinin yanında olun, nəinki hansısa məsələləri dramatikləşdirin”.

EL Hərəkatının sədri Eldar Namazov bildirib ki, hakimiyyətə yönəlik tənqidlər, təzyiq davam edəcək: “Hələ proseslər davam edir. Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başladığı üçün Bakıda Avropa Şurası, bu qurumun Parlament Assambleyasının tədbirləri keçirilir. Bu tədbirlər zamanı çox ciddi müzakirə və tənqidlər qaçılmazdır. Bu gün baş verənlər bunun ilk işartılarıdır. Hesab edirəm ki, gərginliklər bundan sonra da davam edəcək. İnsan haqları, siyasi məhbuslarla bağlı məsələlərdə ciddi irəliləyiş olmayana qədər Avropa Şurası ilə Azərbaycan hökuməti arasında gərgin durum aradan qalxmayacaq”.

BAXCP sədri deputat Qüdrət Həsənquliyev də bildirib ki, AŞPA-nın rəhbərliyinin və ABŞ- səfirinin hərəkətləri bir-biri ilə bağlıdır: “Burada qətiyyən təsadüfdən söhbət gedə bilməz. Planlaşdırılmış, razılaşdırılmış şəkildə bir fəaliyyət, təzyiqdir. Onları qıcıqlandıran odur ki, Azərbaycan hakimiyyəti özündə haradan cəsarət tapıb ki, onlarla birbaşa işləyən, maliyyələşdirdikləri QHT rəhbərlərini, yaxud jurnalistləri həbs edib. Mən hökumətin bu hərəkətlərinin hüquqi əsaslarının olub-olmadığı məsələsini dartışmıram. Özüm də müraciət etmişdim ki, o insanlar əfv olsunlar və bu gərginlik də müəyyən mənada aradan qalxsın. Qarşıdan 28 may Respublika Günü gəlir, çox istərdim ki, bu şəxslər bayram ərəfəsində əfv edilsinlər.

Amma söhbət bu cür hikkədən, isterik açıqlamaların verilməsindən, Azərbaycana açıq təzyiq edilməsindən, hədə ilə danışılmasından gedir. Bu, qəbul olunmazdır. Əgər hansısa dövlət və ya beynəlxalq təşkilat hesab edirsə ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı problem var, o dövləti inqilabla hədələməklə yox, etik çərçivədə, lazım olarsa, bağlı qapılar, bəzən ictimai müzakirələr açmaq yolu ilə də bu məsələləri hökumətin diqqətinə çatdıra bilər. Mən o prinsipi tam qəbul edirəm ki, insan haqları, demokratiya məsələsi heç bir dövlətin daxili işi deyil.

Azərbaycan hökuməti də bunu qəbul edir və üzərinə öhdəliklər götürüb. Amma tutaq ki, hansısa bir ölkə bu öhdəliyi pozubsa və həmin ölkədən açıq hədələr formasında həmin şəxslərin azad edilməsini tələb edirlərsə, bu, yolverilməzdir, bu, bir çox hallarda əks reaksiyalar doğurur. Nəinki bu sahədə vəziyyəti yaxşılaşdırır, əksinə, gərginliyi bir az da artırır. Ona görə də məncə, onlar bunun fərqindədirlər və fərqində olmalıdırlar. Həm də onlar hesab edirlər ki, insan hüquqları pozulub, Azərbaycan hökuməti deyir ki, söhbət qanun pozuntusundan gedir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.