Çavuşoğlunun Bakı səfərindən sonra Kerri ilə danışması görüşlərdəki ciddi müzakirələrdən xəbər verir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini ləğv etmək məcburiyyətində qaldı. Buna səbəb səfərdən öncə Ankarada törədilən qanlı terror hadisəsi oldu. Ərdoğan Ilham Əliyevə axşam saatlarında zəng vuraraq, Ankaradakı partlayışdan sonra Azərbaycana səfərini daha sonrakı tarixə təxirə salmağın uyğun olacağını bildirdi.
Planlaşdırılmış Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V Iclası yenidən müəyyənləşdiriləcək və bir başqa tarixdə baş tutacaq.
Səfər çərçivəsində olduqca mühüm məsələlərin müzakirəsi planlaşdırılırdı. Onlar sırasında Suriyada baş verənlər, Rusiya-Türkiyə münasibətləri, ümumiyyətlə, region üçün təhlükəli tendensiyaların müzakirəyə çıxarılması planlaşdırılırdı. Ərdoğanın məhz bu məqamda Azərbaycana rəsmi səfər etməsi ətrafında çeşidli versiyalar səsləndirilib.
Ərdoğanın hətta Azərbaycandan bəzi məsələlərdə konkret mövqe sərgiləməsini istəyəcəyi gözlənilirdi.
Belə ehtimal etmək olarmı ki, törədilən terror aktının bir hədəfi də bu səfərin qarşısının alınması olub?
Bir sıra ekspertlərin fikrincə, terrorun törədilməsinin bir səbəbi də səfərin baş tutmasını əngələmək ola bilərdi. Regionla bağlı ən üst səviyyədə məsələhətləşmələrin baş tutumaması və gələcək addımların planlaşdırılmaması Türkiyənin bölgədə zəifləməsini istəyən qüvvələrin amalı ola bilər.
Bundan başqa, o da nəzərə alınmalıdır ki, Ərdoğanın səfəri təxirə salınsa da, Türkiyənin xarici işlər naziri Bakıya səfər etdi. Buradakı təmaslardan sonra isə Çavuşoğlunun ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığının baş tutması bəzi gizli mətləblərdən xəbər verir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Ankaradakı terror planlaşdırılmış addım idi. Amma bu addımın başlıca məqsədi heç də Ərdoğanın Azərbaycan səfərini əngəlləməyə hesablanmamışdı: “Ankaradakı terror birbaşa Türkiyəyə yönəlmiş addım idi. Terrorun Türkiyənin paytaxtında baş verməsi və hərbçilərə yönəlməsi təsadüfi deyil. Burada Rusiya izi var. Bu bir ehtimaldır. Amma terror hadisəsinin törədicisi Suriya vətəndaşlarıdır. Suriyada canlı bombalar kifayət qədərdir”.
Xəyal