Rusiya Müdafiə Nazirliyi mümkün nüvə müharibəsi zamanı bütün yerüstü komanda məntəqələrinin məhv ediləcəyi halda cavab nüvə zərbəsini koordinasiya etmək üçün İl-80 təyyarəsinin bazasında yeni modernləşdirilmiş hava idarəetmə məntəqəsini sifariş verməyə hazırlaşır.
Virtualaz.org xəbər verir ki, bu haqda TASS-a açıqlamasında Rusiyanın “Uçuş” Elmi Tədqiqat Müəssisəsinin (Birləşmiş cihazqayırma korporasiyasının tərkibindədir) baş direktoru Aleksey Komyakov deyib.
“Belə planlar var, həm silahlı qüvvələrin Baş qərargahında, həm Hava-Kosmik Qüvvələrinin komandanlığında. Vəzifə qoyulub ki, bu təyyarələrin mövcud qruplaşması bu günün tələblərinə uyğun gücləndirilsin. Sənaye bu vəzifənin öhdəsindən gəlməyə hazırdır”-Komyakov bildirib.
Baş direktor əlavə edib ki, Müdafiə Nazirliyi artıq ikinci təyyarəni sifariş verməyə hazırlaşır. Çünki başa düşür ki, bu, zəruridir. Bundan əvvəl “Rostex” korporasiyası İl-80 təyyarəsinin bazasında Rusiya Müdafiə Nazirliyi üçün əlahiddə hava idarəetmə məntəqəsi yaradıb.
Belə hava komanda məntəqələrini ABŞ-da “Qiyamət Günü təyyarəsi” adlandırırlar. Nəzərdə tutulur ki, bu təyyarə nüvə müharibəsi zamanı bütün yerüstü komanda məntəqələrinin məhv edilməsi halında işə düşəcək. Belə təyyarələrdən ən məşhurları Amerikanın E-4B təyyarəsidir ( Boeing-747 təyyarəsinin bazasında yaranıb) və Rusiyanın İl-80 təyyarəsidir (İl-86 təyyarəsinin bazasında yaradılıb).
Rusiya Müdafiə Nazirliyinin ikinci belə təyyarə sifariş verməsi son zamanlar Moskvanın NATO-nu nüvə silahı ilə tez-tez hədələməsi fonunda baş verir. Bu günlərdə Rusiya Cənub Hərbi Dairəsinin qəfil manevrləri çərçivəsində Krımda şərti düşmənin taktiki nüvə zərbələrinin dəf edilməsi və əks zərbələrin endirilməsi ssenarisi sınaqdan keçirilmişdi.
Ötən il isə Rusiya Şimal dənizində keçirdiyi hərbi təlimlər zamanı Tu-95M strateji bombardmançısından İsveçə nüvə zərbəsinin endirilməsini sınaqdan keçirmişdi. Rusiya Kalininqradda taktiki nüvə başlıqları daşıya bilən “İsgəndər-M” raketləri yerləşdirib. Bu yaxınlarda Krımda da belə raketlərin dislokasiya olunduğu haqda xəbərlər yayılıb. Qərbdə deyirlər ki, heç soyuq müharibə dövründə SSRİ belə nüvə silahından istifadə barədə indiki Rusiya kimi açıq danışmırdı.
Virtualaz.org