«Hazırda Iran uğrunda Azərbaycanla Ermənistan arasında yarış gedir»
Elxan Şahinoğlu: «Irana səfər sırf iqtisadi və ticari əlaqələrlə bağlıdır»
Azərbaycanın dövlət başçısı Ilham Əliyev bu gün Tehrana rəsmi səfərə yollanır. Səfər haqda Iranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı açıqlanıb.
Vaezinin sözlərinə görə səfər zamanı Azərbaycanla Iran arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq.
Səfər kifayət qədər qəliz dönəmə təsadüf edir. Iranla Azərbaycan arasında münasibətlər ötən müddət ərzində yaxşılığa doğru dəyişməyib. Əksinə, iki ölkə arasında əlaqələr daha da soyuqlayıb. Hazırda ölkələr arasındakı gərginlik hələ də qalmaqdadır.
Səfəri maraqlı edən məqamlar da məhz bunlardır.
Məsələn, bir müddət əvvəl Iranın xarici işlər naziri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla vəhhabilərin əlaqəsi barədə araşdırma aparacaqlarını bəyan etdi. Bundan başqa, maliyyə çətinlikləri ilə üzləşən Azərbaycan hökuməti vəsait cəlb etmək üçün Irana rəqib ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmağa çalışır. Dövlət başçısının BƏƏ-yə bir müddət qabaqkı səfəri də bunu təsdiqləyir.
Iki ölkə münasibətlərində daha bir gərgin nüans bu yaxınlarda meydana çıxıb. Söhbət Iran qazının Gürcüstana nəqlinə dair Tehranla Tiflis arasında start götürən danışıqlardan gedir. Iran qazının Gürcüstana çatdırılacağı marşrut isə Ermənistan ərazisindən keçəcək. Bu proyekt Azərbaycanı Gürcütanın qaz bazarından sıxışdırmaqla yanaşı, Ermənistanın regionda önəminin artmasına səbəb olacaq.
Eyni zamanda Suriyada baş verənlər, Azərbaycanın Suriyada ərəb koalisiyasına qoşulma ehtimalı da səfər zamanı müzakirə predmeti ola biləcək məsələlərə daxildir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hazırda Azərbaycan rəhbərliyi siyasətini iqtisadi maraqlar əsasında yürüdür. I.Əliyevin BƏƏ-yə, Səudiyyə Ərəbistanına səfərlərinin də sırf iqtisadi maraqlara xidmət etdiyini deyən E.Şahinoğlu bildirdi ki, Səudiyyəyə səfər neftin düşməkdə olan qiymətini müzakirə etməyə hesablanırdı: “Irana səfər də sırf iqtisadi və ticari əlaqələrlə bağlıdır. Hazırda Iran uğrunda Azərbaycanla Ermənistanın yarışı gedir. Çünki sanksiyalar Iran üzərindən götürüləndən sonra Iran dünyaya açılıb və yeni texnologiyalar əldə etməyə çalışır. Iran da öz növbəsində iqtisadi əməkdaşlığı genişləndirməyə, təbii qazını Avropaya çıxarmaq istəyir. Azərbaycanın bu istiqamətdə infrastrukturu var. Amma bəzi məlumatlar da gəlir ki, Iran qazını Ermənistan və Gürcüstan vasitəsilə Avropaya nəql edəcək”.
E.Şahinoğlunun sözlərinə görə, I.Əliyevin səfərinə rəğmən bu baş verəcəksə, bu, Azərbaycana ikiqat zərbə olacaq. Çünki bu, həm də Gürcüstandan vurulan zərbə olacaq. Gürcüstan Azərbaycanla strateji müttəfiqliyə rəğmən Tiflis belə bir əməkdaşlığa gedir. E.Şahinoğlunun fikrincə, bu, Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinə də gələcəkdə kölgə sala bilər. Digər tərəfdən isə əgər Iran öz qazını məhz Ermənistan vasitəsilə Avropaya çatdıracaqsa, bu, Yerevanın üzləşdiyi blokada vəziyyətindən çıxması demək olacaq: “Ona görə Ilham Əliyevin Irana bu dəfəki səfəri bütün digər səfərlərdən fərqlənir. Səfərin yekunu olaraq məlum olacaq ki, Azərbaycan Iranı nəqliyyat dəhlizi kimi ölkəmizi seçməsinə sövq edə biləcəkmi? Bu səfərdən çox şey asılıdır”.