Bu gün Amerikanın nüfuzlu “Forbes” jurnalı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini, Birləşmiş Ştatların Bəhreyndəki keçmiş səfiri (2007-2011) Adam Erelinin məqaləsini dərc edib. Məqalə Rusiyanın Ermənistanı silahlandırmasından və bu ölkəyə durmadan hərbi qüvvə cəmləşdirməsindən, Vaşinqtonun isə buna səssiz qalmasından bəhs edir. Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:
****
Milad bayramına iki gün qalmış, amerikalı siyasətçilər bayram tətilinə çıxmağa hazırlaşdığı bir vaxtda Rusiya Ermənistanla hava hücumundan birgə müdafiəyə dair hərbi müqavilə bağladı. Bununla da Rusiyanın Ermənistanda hərbi qüvvə cəmləşdirməsini sürətləndirdi. Bu, Putinin NATO sərhədlərində yeni satellit dövlət yaratmasının və ABŞ-ın əvəzedilməz müttəfiqi Türkiyəni təhdid etməsinin ən bariz nümunəsi idi.
Rusiyanın Ermənistanda hərbi qüvvə cəmləşdirməsi Vaşinqtonda sükutla qarşılanır, baxmayaraq ki, Putinin planının əsas hissəsi Suriyada artan nüfuzu və İranla güclənən hərbi əlaqələri ilə yanaşı regionda dominantlığı təmin etməkdir. Ən başlıcası, Ermənistanın NATO üzvü, alyansın cənub cinahını təşkil edən Türkiyə ilə 165 mil sərhədi var.
Son altı ayda-Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından və Türkiyəyə qarşı təzyiqlərin güclənməsindən bəri Ermənistana silah və hərbi personal axını da güclənib. Rusiya Ermənistana ən yeni “Navodçik-2” sistemləri və pilotsuz təyyarələr, habelə “İsgəndər-M” ballistik raketləri yerləşdirib. Ötən ilin iyul ayında Putin Rusiyanın xaricdəki maraqlarına yönələn mümkün təhdidlərə qarşı Ermənistandakı hərbi bazalara qəfil döyüş hazırlığı əmri verdi. Bu ayın əvvəllərində isə müdafiə naziri Sergey Şoyqu cənub-qərb strateji istiqamətində irimiqyaslı hərbi manevrlər başlatdı. Bu manevrlərə 8500 hərbçi, 900 yerüstü artilleriya vasitələri, 200 döyüş təyyarəsi və 50 hərbi gəmi qatılmışdı.
Rusiyanın Ermənistandakı hərbi iştirakı artır, ancaq son göstəricilərə əsasən həyacanlı tendensiya halını alır: Putin NATO-nun və ABŞ-ın Avropadakı maraqlarına təhdid yaradır.
Erməni-rus ittifaqı möhkəmlənir. Ermənistanda hazırda 5 minə yaxın Rusiya hərbçisi, iki hərbi bazası var. Bu günlərdə Rusiyanın Ermənistana yeni müasir silahlar verəcəyi açıqlanıb. Gümrüdəki 102-ci hərbi baza Türkiyə sərhədlərindən cəmi 10 kilometr məsafədədir və Rusiyanın ən mühüm platsdarmlarından biridir.
Rusiyanın başqa istənilən NATO ölkəsinin sərhədləri boyu qüvvə cəmləşdirməsi dərhal etirazlara və narazılığa səbəb olur. Bəs biz Türkiyəyə qarşı bu cür artmaqda olan aqressiyaya niyə susuruq? Və nəyə görə biz Putinin zərbə qüvvələrinin qarşısında qırmızı xalı sərən Ermənistana qarşı heç nə demirik?
Türkiyə sonda İŞİD-ə qarşı qlobal müharibədə mühüm müttəfiqlərdən biridir. 2015-ci ildə Türkiyə ABŞ-la İŞİD-ə qarşı birgə mübarizə haqda razılaşma əldə edib. Nəticədə İncirlik bazasından İŞİD-ə zərbə endirməyə imkan yaranıb.
Ancaq biz bütün bunları görməməzliyə vururuq. Ermənistan ABŞ-ın üç kritik müttəfiqi ilə-Gürcüstan, Türkiyə və Azərbaycanla sərhəddir. Rusiya qüvvələri hazırda Gürcüstanın bir hissəsinə nəzarət edir. Azərbaycan Moskvanın təhdidlərinə inadla müqavimət göstərir və bizim Avropanın Rusiyanın enerji daşıyıcılarından asılığını azaltmaq səylərimizin özəyini təşkil edir.
Səhv etmirsiniz: Rusiyanın Ermənistandakı hərbi iştirakı və rus-erməni hərbi müttəfiqliyinin möhkəmlənməsi NATO-nun ürəyinə sancılan xəncərdir. Ancaq Moskvanın qılıncını yellədiyi bir vaxtda Vaşinqton susur.
Ötən ilin avqustunda “The Moscow Times” yazmışdı ki, Putin Türkiyənin Moskvadakı səfirinə belə deyib: “Öz diktator prezidentinə de ki, özünün İŞİD terrorçuları ilə birlikdə cəhənnəm olsun və mən Suriyanı “Böyük Stalinqrada” çevirəcəyəm”. Tamaşa bir kənara qalsın, məqsəd aydındır. Rusiya Türkiyəni düşmən dövlət hesab edir və geri çəkilməyəcək.
Yaranan mənzərə olduqca həyacanvericidir: Ermənistan pis aktyora çevrilib, Rusiya isə ondan bizim həyati əhəmiyyətli maraqlarımızı təhdid etmək üçün istifadə edir. Amerika liderləri güc mövqeyindən çıxış edərək danışıqlar aparmalıdır. Bunun əvəzində biz Putinin güc şousuna tamaşa etməklə kifayətlənirik. 20-ci əsrin tarixi göstərir ki, bunun axırı yaxşı qurtarmayacaq.
Virtualaz.org