Şok: Rusiya Ermənistana 200 milyon dollar adı ilə 1 milyardlıq silah verir

25-02-2016, 11:53   
Şok: Rusiya Ermənistana 200 milyon dollar adı ilə 1 milyardlıq silah verir


Moskva işğalçını Azərbaycan və Türkiyəyə qarşı sürətlə hərbiləşdirir; istefada olan rus generalından xəbərdarlıq: “Kremlin yeni hədəfi Azərbaycan ola bilər...”
Rusiyanın Ermənistana növbəti dəfə böyük həcmdə -200 milyon dollar həcmində silah-sursat vermək qərarı bir həqiqəti bir daha təsdiqlədi: rəsmi Moskva iqtisadi izolyasiyada olan öz forpostunun Azərbaycan qarşısında hərbi cəhətdən zəifləməsində maraqlı deyil və işğalçının arxasındadır.

Əksər siyasi analitiklər sonuncu faktı ən əvvəl bu kontekstdən izah və şərh edirlər - baxmayaraq ki, erməni tərəfi guya Rusiyanın Bakıya müasir, İrəvana isə köhnə silahları verdiyini iddia edir. Görünür, bu da erməninin gerçəyi maskalamaq üçün növbəti və ənənəvi hiyləgər gedişidir.

* * *

“Bu, çox təhlükəli bir gediş, eyni zamanda Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi əngəl deməkdir". Bu fikri politoloq Qabil Hüseynli söyləyib (axar.az). Sabiq dövlət müşavirinin sözlərinə görə, Rusiyanın Ermənistana göndərdiyi silahların növünə və sayına diqqət yetirdikdə şimal qonşumuzun işğalçıya 200 milyon deyil, əslində 1 milyard dollar dəyərində silah verdiyi bəlli olur.



“Göndərilən silahların Rusiya ordusunda tətbiq edilən ən son modeldə olması diqqət çəkir. İrəvan artıq neçənci dəfədir ki, Rusiyadan kredit adı altında çoxlu sayda silah-sursat alır. Yeltsinin dövründə 1 milyard dollar həcmində silah Ermənistana bağışlanmışdı. Hətta Rusiya qoşunları Gürcüstandan çıxarılanda da buradakı silahların çoxu - təxminən 800 milyon dəyərində - Ermənistana göndərildi. Hazırkı isə üçüncü belə güclü silahlandırmadır. Bununla yanaşı, Ermənistandakı rus bazalarına göndərilən silahların çoxu erməni silahlı qüvvələrinə çatır” - deyib ekspert.

Onun sözlərinə görə, hazırda Ermənistan regionun ən çox hərbiləşdirilmiş bölgəsidir: “İrəvan qoşunların saxlanılmasına dair Avropada qəbul olunan kvotanı pozur. Paralel surətdə isə KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) hava hücumundan müdafiə sistemlərinin yaradılması çox təhlükəli tendensiyadır”.

Politoloq hesab edir ki, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hazırda erməni faktorundan geniş istifadə edir: “Moskva Ermənistanı silahlandırmasını Türkiyə, NATO və Yaxın Şərqdəki münaqişə ilə əlaqəndirsə də, bu, bölgədə qüvvələr nisbətini dəyişməyə yönəlmiş siyasətdir. Bu, çox təhlükəli bir gediş, eyni zamanda Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi əngəllər deməkdir. Görünür, Rusiya münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlıdır”.



***

Qeyd edək ki, ötən həftə Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair imzalanan saziş açıqlanıb. Rusiyanın ağır maliyyə durumu səbəbindən bu krediti ayırmaq imkanında olmadığı bildirilirdi. Ancaq bir müddət öncə ilk ödənişin 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verildiyi bildirildi.

Sənədə edilmiş əlavəyə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İqla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, TOS-1A ağır odatanları, 9M113M idarəolunan raketləri, RPG-26 qumbaraatanları, Draqunov snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq. Həmçinin, Rusiya Ermənistandakı aviabazasına dördüncü nəsil “MiQ-29", modernləşdirilmiş ”MiQ-29S" və modernləşdirilmiş “Mi-8MT” nəqliyyat helikopterləri göndərib.

* * *



Ermənistanın sürətlə hərbiləşdirilməsi Türkiyə-Rusiya münasibətlərindəki gərginlik fonunda xüsusi diqqət çəkir. İki ölkə arasında hərbi qarşıdurma ehtimalı da öz ciddiliyini saxlamaqdadır. Ötən ilin 24 noyabrında baş vermiş təyyarə insidenti ilə korlanan münasibətlər Suriyada atəşkəslə bağlı ümidverici xəbərlərlə öz kəskinliyini nisbətən azaltsa da, ekspert dairələri, politoloqlar təhlükənin hələ sovuşmadığı qənaətindədirlər.
Bir çox təhlilçilər son vaxtlar bu təhlükənin Güney Qafqaza və Azərbaycan-Rusiya münasibətlərinə və Dağlıq Qarabağ məsələsinin həll perspektivinə də neqativ inikasından tez-tez danışırlar. Çünki həm Türkiyə, həm də Rusiyanın bu münaqişənin əsas tərəflərinə - Azərbaycana və Ermənistana ciddi təsir imkanları qalır.

Ankara və Moskvanın bölgədəki maraqları isə "Su-24" olayından sonra indi heç vaxt olmadığı qədər toqquşur. Bu xüsusda ekspert rəyləri hələ ki ümidverici deyil. Demək, Dağlıq Qarabağ ixtilafının çözümü daha qəlizləşmiş sayıla bilər.



* * *

“Azərbaycan Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola bilər”. Bu fikri istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov bildirib. Türkiyə baş naziri Əhməd Davudoğlunun “Rusiya ordusu Azərbaycana girə bilər” sözlərini şərh edən general deyib: “Bu, tamamilə mümkündür”.

Bununla bağlı Qreçaninov ardınca söyləyib: “Vaxtilə - Qərbi Sibirdə yeni neft yataqlarının mənimsənilməsinə kimi Azərbaycan Sovet İttifaqının neft sənayesi mərkəzi olub. O vaxt Azərbaycanda neft buruqlarını qorumaq üçün hava hücumundan müdafiə vasitələri, nəhəng sayda hərbi texnika yerləşdirilmişdi. Sibir nefti kəşf ediləndən sonra buna ehtiyac aradan qalxdı, çünki bu, bahalı məşğuliyyət idi”.

Bəs Azərbaycanı Moskvanın hədəfinə gətirən nə ola bilər? Rusiyalı general: “Azərbaycan İranla ”qohumluq əlaqələrinə" malikdir. Çoxlu sayda azərbaycanlı İranda yaşayır və əksinə. Bundan əlavə, Bakı Qərblə fəal şəkildə diplomatik əlaqələri inkişaf etdirir. Bu isə Rusiyanın maraqlarına bir elə uyğun deyil. Yəqin ki, səbəbi burda axtarmaq lazımdır".

* * *

Həm azərbaycanlı politoloq, həm də rusiyalı istefada olan generalın fikirlərindən belə bir qənaət hasil olur ki, Kreml üçün Dağlıq Qarabağ məsələsi, erməni işğalı ilk növbədə Azərbaycanı öz siyasi-hərbi orbitində saxlamaq üçün güclü vasitədir və Moskva onu elə-belə əldən buraxmaq niyyətində deyil.

Belə vəziyyətdə Azərbaycanın öz əzəli torpaqlarını güc yolu ilə azad eləmək variantı kifayət qədər riskli və Rusiya üçün güclü bəhanə təəssüratı bağışlayır. Görünür, bundan öncə ən azı Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsini gözləmək lazım gələcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.