Şəkidə maskalı şəxslər 74 yaşlı qadını yaşadığı mənzilin qarşısında bıçaqlayıblar.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 07 radələrində, Şəki şəhəri 31-ci rayon 20 Yanvar küçəsi 54, mənzil 2-də yaşayan, 1940-cı il təvəllüdlü Gülxar Şaban qızı Ərəbova bədəninin sol bazu oynağı, boynun sol hissəsi, sol qaş nahiyəsi və başın ənsə nahiyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.
Aparılan sorğu zamanı məlum olub ki, 74 yaşlı qadın yaşadığı mənzildən bayıra çıxan zaman iki maskalı şəxslə qarşılaşıb. Maskalı şəxslər qadına hücum edərək ona bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıblar.
Xəstəxanadan APA-ya bildirilib ki, G. Ərabovanın kəsilmiş yaraları tikildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.
74 yaşlı qadının maskalı şəxslər tərəfindən bıçaqlanması faktı Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən təsdiqlənib, hazırda polis əməkdaşlarının hadisə yerində əməliyyat-axtarış tədbirləri apardıqları bildirilir.