Vaşinqtonda iqtidarla şok müzakirələr- masada nələr var...

26-02-2016, 10:37   

Obama-Əliyev görüşü üçün hazırlıqlar başlayıb; Qərb diplomatik mənbələrindən “Yeni Müsavata”a sızan xəbərə görə, artıq bir neçə aydır ki, Amerika və Azərbaycan nümayəndələri mütəmadi görüşlər keçirir; Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir; bəs, rəsmi Bakının şərtləri nədir...
ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevi apreldə Nyu-Yorkda keçiriləcək nüvə sammitinə dəvət etməsindən sonra iki ölkə münasibətlərində yeni mərhələnin başlandığını təsdiq edən daha bir sensasion məlumat almışıq.

Bakıdakı mötəbər Qərb diplomatik mənbələrindən “Yeni Müsavata”a sızan xəbərə görə, artıq bir neçə həftədir ki, Amerika və Azərbaycan nümayəndələri mütəmadi olaraq Vaşinqtonda görüşlər keçirir. Mənbə bildirib ki, müzakirələrdə hər iki ölkənin qarşılıqlı istəkləri müzakirə olunur.

Amerika tərəfinin hazırladığı paketdə bir neçə məsələ açıq şəkildə öz əksini tapib. Məlumatda iddia olunur ki, Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, o cümlədən Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir. Qaynağımızın daha bir sensasion məlumatı budur ki, ABŞ Xəzərdə bərabər səkildə təhlükəsizliyin qorunması, Əfqanıstana hərbi təyinatlı yüklərin aparılması üçün verilən dəstəyin artırılması niyyətindədir.



O cümlədən Amerika hərbi kontingentinin sivil şəxslərdən olan məhdud qrupunun Azərbaycana yerləsdirilməsi də müzakirə masasındadır. Azərbaycanın da öz şərtləri var. Bu, qondarma Qarabağ rejiminə maddi dəstəyin dayandırılmasından tutmuş, bəzi anti-Azərbaycan dairələrinin Amerikada fəaliyyətini nəzarətə almağa qədər, genişı bir spektri əhatə edir.

“Azərbaycan tərəfi hələ ki bu təklifləri müzakirə edir. Amma müzakirə üçün vaxt məhdudiyyəti də var. Çünki Amerika ölkə başçının Nyu-Yorka səfərinədək qəti qərar verməsini gözləyir”, - deyə, mənbə söyləyib. İddiada deyilir ki, əgər iki prezident arasında özəl görüş olmasa, o anlama gələcək ki, tərəflər razılıq əldə edə bilməyib.



Diplomatik qaynaq əlavə edib ki, hazırda münasibətlərdəki normallaşma çox kövrəkdir, Vaşinqtondakı Azərbaycan hakimiyyəti lobbiçiləri ilə “anti-Azərbaycan” qrupu “döyüş ərəfəsindədir”. Belə ki, Dövlət Departamenti və ona tabe olan İnsan Haqları və Demokratiya Bürosu, Konqresin bir hissəsi və bəzi beynəlxalq təşkilatlar rəsmi Bakıya qarşı Kristofer Smitin hazırladığı sanksiya layihəsini dəstəkləyirlər. Bunun reallaşması üçün hətta Ağ Ev basda olmaqla, Konqresə təzyiq edirlər. Lakin Pentaqon və Amerika Enerji Nazirliyi sanksiya qərarının qəbul edilməsinə qarşıdırlar, bunun yanlış olduğunu və basda Ağ Ev olmaqla, Konqresi də belə bu qanun layihəsinin qəbulu fikrindən daşındırmağa çalışırlar.



Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Bakıya ötən il etdiyi səfərdə Azərbaycan-Amerika birgə komissiyası ilə bağlı razılaşmaya əldə olunub. Ehtimal edilir ki, danışıqlar da məhz həmin birgə komissiya formatında aparılır. Bir müddət əvvəl ABŞ səfiri Robert Sekuta demokratiya sahəsində yaradılacaq komissiya barəsində danışarkən bu istiqamətdə irəliləyiş olduğunu təsdiqləmişdi: “Bu kimi mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələdə inkişaf var” deyə, səfir vurğulamışdı.



Yada salaq ki, 2014-cü ilin əvvəlindən Bakıda ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Bu beynəlxalq təşkilatlar Bakıdan gedəndən sonra insan hüquqları, demokratiyaya ilə bağlı məsələlərin layihələşdirilməsi və maliyyələşdirilməsi mümkünsüz olub. Bu isə ABŞ-ın Azərbaycandakı mövqelərinə ciddi təsir edib, vətəndaş cəmiyyəti ilə əlaqələr qırılıb. Bu səbəbdən də ABŞ-ın bu məsələdə israr etməsi təəccüblü deyil.

Siyasi məhbuslar məsələsi də rəsmi Bakı ilə Vaşinqton arasında soyuqluq yaratmış ən ciddi səbəblərdən biridir. İqtidar ötən əfv fərmanında siyasi məhbus kateqoriyasına aid edilənlərin heç birini azad etmədi.

Neftin qiymətinin kəskin düşməsi ilə ölkədəki iqtisadi-maliyyə şərtlərin ağırlaşması, Rusiyanın Ermənistanı silahlandıraraq bölgədə bilinməyən məkrli hərbi planlar hazırlaması Azərbaycan hakimiyyətinə Amerika ilə münasibətlərə yeni düzən verməsini zəruri edir. Amerika Konqresində müzakirəsi gözlənilən sanksiya layihəsi də rəsmi Bakı üçün arzuedilməzdir. Bu səbəbdən mümkündür ki, Vaşinqtondakı danışıqlar sonda anlaşma ilə nəticələnsin.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.