O, Ukrayna xalqının gözləntisnə uyğun olaraq,"şokolad kimi prezident" ola biləcəkmi:
Xəbər verildiyi kimi, dünən Ukraynada keçirilən prezident seçkilərinin ilk tutunda ukraynalı siyasətçi və iş adamı Pyotr Alekseyeviç Poroşenko seçicilərin əksəriyyətinin səsinin toplayaraq ilk turda qalib gəlib.
Poroşenko kimdir? Onu Azərbaycan oxucusuna qısa belə təqdim etmək olar:
Poroşenko öz ölkəsində məşhur siyasətçi və uğurlu biznesmendir.
1965-ci ilin sentyabrında doğulub. Şevçenko adına universiteti bitirib. "Forbes" jurnalının (2013, fevral) rəyinə əsasən, öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard).
Prezident seçilməzdən öncə Ukraynanın xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti olub.
1998-2005-ci və 2006-2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Milli Bankı Şurasının rəhbəri (2007-2012-ci illər), Ukraynanın xarici işlər naziri (2009-2010-cu illər), Ukraynanın iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il) vəzifələrində çalışıb.
Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir.
Ukraynanın yeni prezidentinin azərbaycanlı siyasətçilərlə də əlaqəsi və təmasları var. Bir neçə ay öncə, Maydan hərəkatının gərgin dönəmində demokratiya mücadiləsi verən Ukrayna xalqına dəstəyini ifadə vermək üçün Kiyevə gedən Müsavat başqanı İsa Qəmbər meydanda nümayişçilər qarşısında çıxış edərkən Pyotr Poroşenko olə də görüşüb(Ümumiyyətlə, Müsavat başqanının bundan əvvəl Ukraynanın rəhbərləri olmuş Viktor Yuşşenko və Aleksandr Turçinovla da görüşləri olub).
Tanıyanlar Poroşenkonu praqmatik və qətiyyətli siyasətçki kimi xarakterizə edirlər.
Hazırda ən önəmli məsələ budur: Poroşenko ərazi anneksiyasına, iqtisadi depressiyaya məruz qalan Ukraynanı dirçəldə, "şokolad kimi prezident" ola biləcəkmi?