Fərahim İlqaroğluna sui-qəsddən bir ay ötdü; istintaq rəsmi və qeyri-rəsmi olaraq, iki hissəli aparılır...
Aprelin 25-də “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun yaşadığı binanın qarşısında vəhşicəsinə döyülməsindən 1 ay ötür. Keçən bu bir ay ərzində ona qarşı zorakılığı həyata keçirən şəxs yaxalanıb. Lakin Feyruz Termişiyə jurnalistə qarşı sui-qəsdi sifariş verənlər - vasitəçi Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov hələ də tutulmayıblar.
Buna baxmayaraq, cəmiyyət üçün bu cinayət açıqdır. İndi hamı bilir ki, bu cinayəti deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sifariş edib. Buna səbəb də F. İlqaroğlunun Aynar Məmmədovun avto-xuliqanlığı barədə reportaj hazırlaması və həm də facebookda onun haqqında tənqidi statuslar yazmasıdır. F. Termişi istintaqa ilkin olaraq verdiyi ifadədə bir çox məqamları etiraf etmiş, Tural Bayramovun adını çəkmişdir. Lakin sonradan məlum olub ki, bu mühüm ifadə istintaq tərəfindən qeydə alınmayıb. Buna səbəb kimi də sifarişçinin əmisi nazir Ziya Məmmədovun və atası, deputat Elton Məmmədovun istintaqa təzyiqləri göstərilir.
Buna baxmayaraq, “Yeni Müsavat”a məlum olub ki, istintaq rəsmi və qeyri-rəsmi olmaqla, iki hissəli aparılır. Rəsmi hissədə Tural Bayramov və Aynar Məmmədov dindirilməsələr də, qeyri-rəsmi hissədə onlardan ifadə alıblar; hətta Tural Bayramovu 20 sutka həbsdə saxlayaraq, “üzərində” işləyiblər. Görünən budur ki, istintaq siyasi qərar gözləyir və hər ehtimala qarşı, bütün variantlar üzrə də hazırlığını görür. Mənbələrimizdən biri deyir ki, hazırda Tural Bayramovu həbs etmək istintaq üçün bir problem deyil; lakin onun saxlanması avtomatik olaraq Aynar Məmmədovun saxlanması demək olacaq. Bir nazirin qardaşı oğlunun jurnalistə qarşı sui-qəsd sifarişi verməklə suçlanması və həbs olunması sadə məsələ deyil. Təbii ki, bu fakt mövcud iqtidarı da təsirləndirəcək. Ona görə də hər kəs prezidentin qərarını gözləyir. Tamamilə mümkündür ki, qeyri-rəsmi olaraq aparılan istintaq hərəkətlərindən prezidentin də xəbəri var, hazırda o işi öyrənir; cinayətin dərəcəsindən asılı olaraq, qərarını verə bilər. Hazırda Məmmədovların, xüsusi ilə Aynar Məmmədovun taleyi ölkə rəhbərinin dodağının arasından çıxacaq bir kəlməyə bağlıdır.
Sui-qəsdə məruz qalan jurnalist də istintaqın rəsmi gedişindən razı deyil. Bu səbəbdən də Fərahim İlqaroğlu ölkə prezidentinə müraciət edib və ondan prosesə müdaxilə etməsini istəyib.
Fərahim İlqaroğlu müxbirimizə deyib ki, hər gün müstəntiqlə əlaqə saxlayır. Müstəntiq hər hansı bir yenilik olsa, xəbər verəcəyini deyir. Jurnalist: “İstintaqdakı susqunluqdan çox narahatam”, deyir.
Vəkil Elçin Sadıqov isə 3 gün öncə müstəntiqlə görüşdüyünü söylədi: “Təəssüf ki, Tural Bayramov və digər şəxslər hələ də istintaqa cəlb olunmayıb. İstintaqla bağlı bir yenilik yoxdur. Mən hesab edirəm ki, istintaq həmin cinayətin sifarişçilərini və təşkilatçılarını ifşa etmək niyyətində deyil”.
Vəkil istintaq yubadılsa, yaxud ört-basdır edilsə, görəcəkləri işlərdən də danışdı: “Əgər istintaq birtərəfli aparılsa, təbii ki, bununla bağlı vəsatət və şikayətlərimizi verəcəyik”.
Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı başlanan istintaqa rəhbərlik edən müstəntiq Mikayıl Cabbarovla da əlaqə saxladıq. Müstəntiq hazırda işdə olmadığını və bu barədə mətbuat xidməti ilə əlaqə saxlamağımızı istədi. Gün ərzində mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, istirahət günü olduğu üçün bu da mümkün olmadı.
Mövzunu hər gün davam etdirəcəyik.