İslahatlar aparılmasa, sanksiyalar qaçılmaz olacaq

1-03-2016, 10:09   
İslahatlar aparılmasa, sanksiyalar qaçılmaz olacaqReytinqi aşağı olan hökuməti lobbi təşkilatları xilas edə bilməz

Hakimiyyət dünyada baş verənlərdən qətiyyən dərs çıxartmır. Hətta dünənə qədər avtoritar hesab edilən, qapalı sistem kimi tanınan, dünya ilə konfrantasiyaya gedən ölkələr də artıq reallığı dərk edir və başa düşürlər ki, demokratikləşmə dövlət maraqlarına uyğundur. Kimisi siyasi məhbusları azad edir, kimisi Qərb şirkətləri ilə ciddi əməkdaşlığa başlayır, kimisi şəffaf seçki keçirir və s.

Amma Azərbaycan hakimiyyəti dünyadan təcrid olunub və geriçi siyasətlərini davam etdirirlər. Hələ də dünyanı aldatmağa, real islahatlardan yayınmağa çalışırlar. Artıq vəziyyət o həddə çatıb ki, Avropa Parlamentində, ABŞ Konqresində Azərbaycana sanksiya tətbiq olunmasıyla bağlı qanun layihələri müzakirəyə çıxarılır. Vəziyyət bu qədər ciddidir, ölkənin üzərində qara buludlar gəzir və hökumət yenə də manevr etmək üçün vasitə axtarır.


Bugünlrədə məlum oldu ki, hökumət ABŞ-da lobbi təşkilatı tutub və bu təşkilatın köməyi ilə öz etimadını bərpa etməyə çalışır. Kobud şəkildə ifadə etsək, bir qrup adama rüşvət verirlər ki, bizi tərifləyin. Bu bədbəxtlər başa düşmür ki, sunaminin qarşısını çətirlə almaq olmaz. Çətir sadəcə olaraq yağışdan qoruya bilər.

Bütün beynəlxalq təşkilatlar, ciddi ekspertlər, araşdırmaçı jurnaslistlər Azərbaycan reallığını ortaya qoyur. Siyasi, iqtisadi, hüquqi baxımdan ölkənin bərbad vəziyyətdə olduğu bildirilir. Əgər nüfuzlu siyasətçilər Azərbaycan hakimiyyətinin islahat aparmaq qabiliyyətində olmadığını söyləyirsə, ölkədə korrupsiyanın, hüquqsuzluğun meydan suladığı bildirilirsə, hansısa lobbi təşkilatının imic düzəltmə cəhdi əbəsdir.

Azərbaycan bütün reytinqlərdə sonuncu yerdədir. Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib. Məhşur “Standard&Poor’s”, “Moody”s Investors Service” agentlikləri Azərbaycanın iqtisadi göstəricilərini mənfi qiymətləndirib. Eyni zamanda Azərbaycan səyahət edilməsi məsləhət görülən ölkələr sırasına salınmayıb, Azərbaycan ən çətin viza verən 10 ölkə siyahısındadır, Bakı keyfiyyətsiz şəhərlər siyahısına düşüb və s.

Demək istəyirik ki, hökumətin beynəlxalq aləmdə etimad qazanması üçün adı “qara siyahı”dan çıxarılmalıdır. Yoxsa, heç bir ölkə, heç bir xarici donor bu hökumətə borc pul verməyəcək, hakimiyyəti etibarlı tərəfdaş kimi qəbul etməyəcək.

Əvvəlcə yuxarıda sadaladığımız reytinq agentliklərinin, beynəlxalq təşkilatların siyahısına müsbət nümunələrlə düşmək lazımdır. Nə qədər ki, bu nümunlər yoxdur, heç bir lobbi şirkəti hökuməti vəziyyətdən çıxara bilməz. Əbəs yerə dövlətin pulları talan ediləcək. Süni ad dalınca qaçmaq əvəzinə, həqiqi hörmət, etimad qaznmağa cəhd etmək lazımdır. Seçki saxtakarlığının, korrupsiyanın, hüquqsuzluğun, monopoliyanın faktlarla təsdiqini tapdığı ölkəni, heç bir lobbi komandası xilas edə bilməz. Hökumət problemi həll etmək istəyirsə, ortaya siyasi iradə qoymalı, real dəyişikliyə həvəs göstərməlidir.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.