Azərbaycanın Gürcüstanda təsirinin artması, SOCAR-ın məntəqələrinin çoxalması rəqibləri ciddi narahat edir; Rusiya Borjomini alıb; Borçalıdakı mineral su isə dərələrə axır...
Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ təbliğat turu” çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində, xüsusilə də Borçalı zonasında keçirilən görüşlər zamanı soydaşlarımızın üzləşdiyi problemlərlə tanış olmaqla yanaşı bir sıra maraqlı müşahidələr aparmaq imkanı da qazandı.
Yeri gəlmişkən, QAT sədri Akif Nağı, təşkilat fəalları, keçmiş döyüşçülər Fəxrəddin Səfərov, Sərvər Musayev, Nəsib Cəfərovun Qarabağ həqiqətlərinin yayılması istiqamətində keçirdiyi görüşlərdə “Maarif” qəzetinin baş redaktoru Ələddin Qarabağlı, vətəndaş cəmiyyətinin fədakar nümayəndələri Sabir Mehdiyev, Elbrus Məmmədov, Qarapapaq Xeyriyyə Cəmiyyətinin sədri Elşad Əliyev və digər dostlarımızın yaxından dəstəyini gördük.
Bolnisi rayonunun Kolayır (Tamarisi) kənd sakinləri işsizlikdən, Qırmızı körpü gömrük-buraxılış məntəqəsindəki maneələrdən gileyləndi. 2 min əhalisi olan kənddəki cavanlar deyir ki, işsizlikdən çarəsiz durumdadırlar: “Hərə 25-30 sot pay torpağında kartof-soğan əkir. Əvvəl Azərbaycan bazarına aparırdıq, gömrük rüsumunu o həddədək qaldırıblar ki, əkməyə belə dəymir. Üstəlik, Azərbaycandan bura kartof gətirilir deyə, burda qiyməti öldürüblər”. Daşlı qullar, Hasan Xocalı kimi kəndlər də eyni vəziyyətdədir. Hansı ki, burada torpaqlar o qədər münbitdir ki, ildə iki dəfə məhsul götürmək olur. Sadəcə məhsulu bazara çıxartmaq üçün soydaşlarımız Azərbaycan dövlətindən yardım istəyirlər. Yeganə xahiş gömrükdəki maneələrin aradan qaldırılmasıdır. Onlar deyir ki, Gürcüstan-Ermənistan sərhədində Gürcüstan erməniləri üçün ideal şərait yaradılıb, 5 dəqiqəyə sərhədi adlayırlar.
Kamil Novruzov Azərbaycan gömrüyündən də şikayətçidir: “Qırmızı körpüyə 30 km yol var. Amma gömrükdən nəsə keçirtmək zülmdür, çox əziyyət verirlər, artıq pul tələb edirlər. Biz burda da yad kimiyik, Azərbaycanda da eyni münasibət görürük. Bizə can yandıran yoxdur. Xahiş edirik ki, burdakı azərbaycanlılara can yandırsınlar, qayğı göstərsinlər”.
Vəziyyətlə bağlı fərqli mövqeyi olan da var. Simral İlqarov Heydər Əliyev adına Azərbaycan-Gürcüstan Tədris Universitetinin gürcü filologiyası fakültəsinin 4-cü kurs tələbəsidir. Marneulinin Qırmızı körpüyə yaxın Birinci Kosalı kəndindəndir. Deyir ki, təhsil almaqla bərabər bankda da işləyir: “Gürcü dilini bilənə, ali təhsillilərə iş problemi yoxdur. İşsizlər isə daha çox Rusiya və Türkiyəyə gedir, kənddə qalanlar da var. Qaz, su, problemi də həllini tapıb. Anam ingilis dili, bacım isə tarix müəlliməsidir. Babam uzun müddət məktəb direktoru olub, yaxınlarda 80 illiyini keçirəcəklər. Mən ali təhsil alandan sonra ürəyimcə olan bir işdə çalışmaq istəyirəm”.
Axıb gedən valyuta...
Bolnisi rayonunda yerləşən Turşbulaq adlanan çeşmə isə heyrətamizdir. Borjomi suyu ilə rəqabətə girə bilən bu suyun dərələr aşağı axıb getməsinin səbəbi bəlkə də onun azərbaycanlıların kompakt yaşadığı bölgədə yerləşməsidir. Yerdən qaynayıb çıxan mineral su axıb boşuna gedir. Hansı ki, sakinlər deyir burada su sexləri açılarsa, həm xeyli adam işlə təmin olunar, həm də qızıl qiymətinə olan mineral su bazara çıxarılar. Bulağın yanında oturub sucuq satan gürcülərə yaxınlaşırıq. Təmiz azərbaycanca danışan qadın deyir ki, vaxtilə bu bulağın suyunun səsi xarici ölkələrdən gəlirdi. “Üç növbəli zavod idi, hamısı dağıldı getdi”. Sonradan öyrənirik ki, bu qadın erməni imiş... Bolnisinin 30-dan çox kəndi azərbaycanlı kəndidir, ermənilər isə azlıqdadır. Kazret qəsəbə sakini, Qarapapaq Xeyriyyə Cəmiyyətinin sədri Elşad Əliyev deyir ki, Qamsaxurdiya vaxtında Ermənistanla sərhəddəki Saatlı və Muğanlı kəndlərinin əhalisi Azərbaycana köçdü. İndi orda gürcülər, svanlar yerləşib.
Qori qalası...
Gürcüstanda olarkən yolüstü Qori şəhərinə baş çəkdik. Məşhur Qori seminariyasının yerləşdiyi bu şəhərin yüksəkliyindəki qala öz əzəməti ilə seçilir. Qalaya yalnız hava qaralanda qalxmaq imkanımız olduğundan yolu soruşmaq məcburiyyətində qaldıq. Bu zaman bir gənc yaxınlaşaraq “mən də azərbaycanlıyam, Tiflisdə yaşayıram, bura qonaq gəlmişəm” deyib, bizə yolu-izi göstərib ayrıldı. Gürcüstanda hara getdiksə, Azərbaycan adına, izinə, soydaşlarımıza rast gəldik ki, bu da çox xoş idi. Qalanın aşağısında və başında polis postları qoyulub. Oradan Qori şəhərinə baxanda adam özünü göyün yeddinci qatında hiss edir. Şuşa batalyonunun sabiq komandiri Fəxrəddin Səfərovla birgə bu tarixi abidəni ziyarət edərkən işğaldakı Şuşamızdan da ürək ağrısı ilə danışdıq.
* * *
SOCAR-lı Gürcüstan
Yolboyu müşahidələrimiz nəticəsində belə qənaətə gəldik ki, Azərbaycanın Gürcüstanda mövqelərinin möhkəmlənməsinin bir səbəbi də ölkəboyu SOCAR-ın yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsidir. Qırmızı körpüdən Batumiyə qədər hara getdiksə, üzərində Azərbaycan bayrağı dalğalanan SOCAR-ın məntəqələrini müşahidə etdik və açığı, bu, bizə Azərbaycan vətəndaşı olaraq qürur verdi. Fakt budur ki, Gürcüstanda Azərbaycanın təsiri hər addımda təsiri hiss olunur. Ancaq ara-sıra “LUKoil” in yanacaqdoldurma məntəqələri də müşahidə olunur.
Borçalıda SOCAR-dan razılıq edənlər də az deyil. Hətta belə bir söz də var ki, gürcülər Borçalı torpaqlarında xaçların, Azərbaycan isə SOCAR-ın sayını çoxaldır. Elə Həmid Eyvazov da 6 il SOCAR-ın Kulevi terminalında işləyib. Oranın baş direktoru Zəngilandan olan Kərim Quliyevdir. Xeyli azərbaycanlı işçi var idi. Ancaq 100 nəfərdən 30-u qalıb. Saakaşvili dövründə azərbaycanlıları yerli gürcülərlə əvəzlədilər. Ancaq Gürcüstan azərbaycanlılarından cəmi 6 nəfər orda işləyir. Kulevi terminalında isə 500 nəfər işçi var. Maaş 500-600 laridir. Ancaq Azərbaycan vətəndaşlarının maaşı minimum 5-6 min laridir. Təəssüf doğuran bir hal da var. Borçalıda hara getdiksə, dedilər ki, SOCAR-da işə düzəlmək üçün “day-day” lazımdır...
Qəhətə çıxan Borjomi...
Gürcüstan-Azərbaycan münasibətlərindəki soyuqluğu bir sıra hallarda Azərbaycan - Rusiya münasibətlərindəki yaxınlaşma ilə izah edənlər də olur. Amma Gürcüstanın özünün də Rusiya ilə münasibətləri pis deyil. Məsələn, may ayının əvvəllərindən Gürcüstanın daxili bazarı üçün Borjomi suyu artıq əlçatmaz olub. Ölkə vətəndaşları Borjomi suyunu əvvəlki kimi rahat əldə etmək imkanında deyil. Dükan sahiblərindən biri deyir ki, bunun səbəbi də odur ki, Borjomini Rusiya alıb və su Rusiyaya ixrac edilir. Bu gün Borjomi suyunun 3-5 faizi daxili bazarda satılır. Bu gün Rusiyanın iri şəhərlərində Borjominin reklamları gedir. Belə görünür ki, bu suyun Azərbaycan bazarında yoxa çıxmasının bir səbəbi də Rusiya ilə bağlıdır.
Hələ turizm mövsümü başlamasa da Borjomidə xeyli turist var idi. Burada mənzillərin bir gecəlik üçün qiyməti 50 -60 lari arasında (25-30 AZN) dəyişir. Gözəl təbiəti, müalicəvi suyu, maraqlı relyefi olan, Tiflisin 120 km-liyində yerləşən bu kurort şəhərindəki qiymətlər Azərbaycanın ucqar nöqtələri ilə müqayisədə heyrətamizdir. Burada söhbətləşdiyimiz Tiflisdən olan azərbaycanlılar da istirahətdən və qiymətlərdən razılığını bildirdilər. Borjomidə olarkən burada da soydaşlarımızla rastlaşdıq. Burada da ermənilərin çox olması diqqətimizi çəkdi. Borjominin əsas çeşməsi təmir olunduğu üçün artıq Azərbaycan bazarında yoxa çıxan bu mineral sudan dadmaqdan ötrü sısqa bulağın başında növbəyə dayanmalı olduq. Azərbaycandan gələn qonaqların da dayandığı növbədə gürcü, ruslarla yanaşı, erməni ailəsinin də bulaq başında gözlədiyi məlum oldu. Onlar burada yaşayan ermənilər idi. Bu zaman ilginc hadisə baş verdi. Bir gürcü uca səslə yaxasında Azərbaycan bayrağının əksi olan QAT üzvü Sərvər bəyi göstərib “Azərbaycandan hörmətli qonaqlar gəlib, deputat burada su gözləyir, bizə ayıb deyilmi? İmkan yaradaq hörmətli qonaqlar su içsin”. Bu zaman dərhal bulağın başındakılar geri çəkildilər və bizi yaxına dəvət etdilər. Hətta sonradan bir qadın əlavə bir qabı da su ilə doldurub bizim maşınacan gətirdi. Ermənilər bu mənzərəni sakitcə seyr edirdilər..."
* * * *
Bakıya döndüyümüz zaman Qırmızı körpüdə maraqlı hadisə ilə rastlaşdıq. Keçid məntəqəsində növbə gözləyərkən birdən səs-küy eşitdik. Məlum oldu ki, kimsə Azərbaycana Ermənistan istehsalı olan araq keçirtmək istəyirmiş. Özü də bir şüşə arağın erməni malı olmasından xəbərsiz olan vətəndaşımız çaşqın durumda idi. Gömrüyün inspektoru isə uca səslə bu sətirlərin müəllifini göstərib “qoy ”Müsavat" qəzeti də eşitsin, mən nə qədər burdayam bir dənə erməni malı Azərbaycana keçməyəcək" deyə, nümayişkəranə bəyanat verdi. Sonradan məlum oldu ki, Akif Nağının rəhbərlik etdiyi qrupun Gürcüstan səfərini gömrükdə də yaxından izləyirmişlər. Üstəlik, bir gün öncə “Yeni Müsavat”da Qırmızı körpü ilə bağlı Borçalı sakinlərinin şikayətlərindən bəhs olunan reportajımızı oxuyubmuşlar. Bunu inspektor bizimlə söhbətində bildirdi. Ardınca dedi ki, şikayətlər əsassızdır: “Elə olur ki, bir nəfər gündə 3 dəfə o tərəf-bu tərəfə keçir, mal daşıyır. Biz deyirik get malın sertifikatını gətir, ət aparırsansa, həkim rəyini göstər, buyur, keç. Amma heç kim qanuna əməl etmir”.