Fevralın 29-da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Marja-nın məlumatına görə, toplantıda iştirak edən dövlət başçısı Ilham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək.
“Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, – deyən Ilham Əliyev Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib. O, vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.
Ilham Əliyevin bu fikri ekspertlərindən diqqətindən yayınmayıb. Onların fikrincə, ölkə başçısının belə bir fikir səsləndirməsi səbəbsiz deyil: ”Azərbaycanda böhran getdikcə dərinləşir. Azərbaycan hakimiyyəti vəziyyətdən çıxış yolu kimi borclanmanı görür. Hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, Azərbaycan 4 milyard borc almaq üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Sonradan bu xəbər rəsmi şəkildə təkzib olunsa da, bəlli oldu ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı hakimiyyətin qarşısına konkret şərtlər qoyub. Bu şərtlər siyasi və iqtisadi islahatlarla bağlı olub. Hakimiyyət şərtləri qəbul etmədiyindən adıçəkilən qurumlar borc verməkdən imtina edib. Hakimiyyət də ümumiyyətlə bu xəbəri təkzib etməklə vəziyyətdən çıxmağa çalışıb. Ölkə başçısının bu günki (dünənki-red) açıqlaması belə qənaət yaradır ki, siyasi tələblər hələ də aktualdır. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri ard-arda Azərbaycanın suveren reytinqini kəskin aşağı salıblar. Bu halda Azərbaycanın hansısa iqtisadi layihələr həyata keçirmək imkanı məhdudlaşır”.