Elxan Şahinoğlu: «Azərbaycanın Suriya məsələsində konkret mövqe tutacağını düşünmürəm»
Azərbaycan, Iran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər Ilham Əliyev və Həsən Ruhaninin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq. Belə bir formatda görüşün keçirilməsi ekspertlərdə maraq doğurub. Bu format sanki uzun müddətdir Azərbaycan, Türkiyə və Gürcüstan XIN rəhbərlərinin görüşünü təkrarlayır. Son zamanlar belə hiss olunur ki, Azərbaycan regionda Iran və Rusiyanın xarici siyasət vektoruna istiqamətlənən addımlar atmaqdadır.
Iran Xarici Işlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bildirib ki, əməkdaşlığın xüsusilə ticarət və iqtisadiyyat sahələrində gücləndirilməsinə önəm verilir. O qeyd edib ki, Azərbaycan və Iran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-biri ilə əlaqələrinin daha da inkişafı ilə yanaşı, həm də digər qonşu ölkələrlə əlaqələrin gəlişməsinə təkan verəcək.
Bəs Azərbaycanın bu cür siyasət yürütməsi rəsmi Bakının təbii müəttfiqinin necə reaksiyasına səbəb ola bilər? Axı, Suriya problemində Türkiyəni dəstəklədiyini bəyan edən Azərbaycanın əks bəyanat verərək Iranı dəstəkləməsi suallar doğurur. Bundan başqa, Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Putinlə bu həftə ərzində iki dəfə danışması, istər regionda, istərsə də Suriyada baş verənləri müzakirə etməsi Qərbin diqqətindən yayınmır.
elxan-shahinoglu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın Iranla əməkdaşlıq istiqamətində atdığı son addımlar Qərbdə ciddi narazılıq doğura bilməz. Çünki Qərb özü də hazırda Iranla əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Azərbaycan-Rusiya-Iran formatına gəlincə, E.Şahinoğlu vurğuladı ki, bu format hazırda regionda formalaşan vəziyyətdən irəli gəlir. Yəni Azərbaycan bununla Rusiyadan gələn təzyiqləri neytrallaşdırmağa çalışır: “Düşünürəm ki, Türkiyə Azərbaycanın Rusiya və Iranla əməkdaşlıq istiqamətində atdığı son addımları anlayacaq. Çünki Türkiyə Azərbaycana qarşı təzyiqlərin sərt formaya keçməsini istəmir. Azərbaycanın Suriya məsələsində konkret mövqe tutacağını düşünmürəm. Azərbaycanın ərəb koalisiyasına qoşulmaması bir daha sübut etdi ki, Azərbaycanın bu məsələdə konkret mövqeyi yoxdur”.
Xəyal