Etirazçılar bu dəfə evlərinin sökülməsini tələb edirlər
Bakıda 100-ə yaxın sakin etiraz aksiyası keçirir.
“Böyük Şor” gölü ətrafı, Daş karxanası deyilən ərazinin sakinləri evlərinin sökülməməsindən narazıdırlar.
Məlumata görə, Böyük Şorda Olimpiya stadionunun tikintisi ilə əlaqədar ərazidə olan evlər sökülməli idi. Bunun üçün Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidə yerləşən evlərdə dekabr ayından bu yana 6 dəfə ölçü işləri aparıb. Sakinlərin sözlərinə görə, ölçü işləri aparılsa da kompensasiya ilə bağlı heç bir söz deməyiblər.
Sakinlər bildirirlər ki, Olimpiya stadionunda tikinti işləri davam etdiyinə görə, stadiona yaxın “Daşkarxanası“ kimi tanınan ərazidə yerləşən evlərə ciddi zərər dəyib.
“Evlərimizin divarları çatlayıb. Kommunal xətlər sıradan çıxıb. Tikintidə ağır texnikadan istifadə edildiyinə görə, evdə oturmaq olmur. Bu səbəbdən evlərin divarları zədələnib. Uçma ehtimalı var. Tələb edirik ki, bir halda ölçü işləri aparıblar, gəlib, evlərimizi söksunlər, bizi başqa yerə köçürsünlər. Artıq səbrimiz tükənib. Dözə bilmirik”, - deyə aksiya iştirakçıları bildiriblər.
Sakinlər deyirlər ki, Nərimanov Rayon İcra Hakimiyyətindən əraziyə nümayəndə gəlməsə, magistral yolu bağlayacaqlar.