Bakıdan Kremli qıcıqlandıracaq qərar – seçim yaxında

3-03-2016, 09:51   
Bakıdan Kremli qıcıqlandıracaq qərar – seçim yaxında

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlərə başlayır; “Su 24” insidentindən sonra ilk olacaq bu təlimlərə Kremlin hansı reaksiya verəcəyi bəlli olmasa da, Moskvanın Ankaraya qarşı sərt ritorikasından Bakıya da pay düşür...
Martın 7-də Türkiyənin Konya əyalətində Azərbaycan və Türkiyə hərbi-hava qüvvələrinin “TURAZ Şahini-2016" adlı birgə təlimləri keçiriləcək. Bu barədə haqqin.az Türkiyə HHQ-nin saytına istinadən xəbər yayıb. Məlumata görə, bu, Azərbaycan pilotlarının xaricdə qatıldığı ilk hərbi təlim olacaq.

Martın 26-dək davam edəcək təlimlərdə “MİQ-29" qırıcıları, ”F-16"lar, “Su-25" hücum təyyarələri, ”Mİ-17" vertolyotları, terminator iştirak edəcək. Azərbaycanın təlimlərdə 6 hərbi təyyarə ilə təmsil olunacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında son samanlar dəfələrlə birgə hərbi təlimlər keçirilib - istər lokal olsun, istərsə də geniş miqyaslı, istər Azərbaycanda (Qarabağ münaqişəsi zonası yaxınlığında, Naxçıvanda - Ermənistanla sərhəddə) olsun, istəsə də qardaş ölkə ərazisində. Bundan əlavə, iki ölkənin hərbi rəhbərləri geniş tərkibdə vaxtaşırı qarşılıqlı səfərlər ediblər və eləməkdədirlər.

Ancaq budəfəki ortaq təlimlər ilk dəfə olaraq həm Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi və şimal qonşumuzun Ermənistanda öz hərbi mövcudluğunu gücləndirdiyi dövrə təsadüf etməsi ilə, həm də bu təlimlərin Türkiyənin özündə keçirilməsi ilə diqqət çəkir. Bir sıra rusiyalı analitiklər isə Bakının Ankara ilə daha sıx yaxınlaşmasına Moskvanın qıcıqlı yanaşacağını proqnoz edirlər.



Məsələn, prezident Vladimir Putinin öz azərbaycanlı həmkarı İlham Əliyevə son telefon zənglərini şərh edən tanınmış rusiyalı siyasi analitik Andrey Piontkovski Azərbaycan mediasına bugünlərdə verdiyi açıqlamada demişdi ki, danışıqlar zamanı Kreml başçısı azərbaycanlı həmkarını Türkiyəyə qarşı addımlar atmağa təhrik eləməyə çalışıb.

Oxşar fikri başqa bir rusiyalı politoloq Anatoli Baranov ortaya qoyub. Rusiyanın Ermənistana yeni partiya silahlar verməsini ən əvvəl Kremlin Ankara ilə münasibətlərinin gərginləşməsi ilə əlaqələndirən analitik ardınca deyib: “Azərbaycan burada hədəf deyil - əgər əlbəttə ki, o, konfliktdə Türkiyə tərəfdə olmayacaqsa. Hər halda, Azərbaycana müdaxilə üçün (əgər belə bir məram varsa) bu həcmdə və keyfiyyətdə silahlar açıq-aşkar yetərli deyil”.



Ancaq bununla belə, o, ehtiyat elədiyini bildirib ki, Bakı Rusiya-Türkiyə münaqişəsinə cəlb oluna bilər. “Rusiya ilə Türkiyənin ortaq sərhədi yoxdur və ona görə də konflikt gec-tez qapanacaq. Amma Azərbaycanın münaqişəyə cəlb olunması ona gətirər ki, respublikanın ərazisi Rusiya və Türkiyə üçün döyüş meydanına çevrilə bilər” - qeyd edib analitik.

Putin-Əliyev telefon danışıqlarının intensivləşməsini şərh edən ekspert bu təmaslarda əsas mövzunun Rusiya-Türkiyə münaqişəsində Azərbaycanın mövqeyi ilə bağlı olduğunu söyləyib. “Ola bilsin, situasiyadan istifadə edən Bakı Ermənistanla ərazi mübahisəsini həll eləmək istəyir. Bax, Putin də düşünürəm ki, İlham Əliyevi bundan çəkindirib, hətta mümkündür ki, xəbərdar edib” - əlavə edib ekspert.

***



Sözsüz ki, Azərbaycan Rusiya ilə də yaxın əlaqələri qoruyub saxlamağa çalışır - xüsusən də iqtisadi sferada (Cənub-Şimal nəqliyyat dəhlizi layihəsi və s.) Prezident İlham Əliyevin İran səfərindən sonra hətta yeni Moskva-Bakı-Tehran geosiyasi oxundan danışılmağa başlayıb. Başqa sözlə, Azərbaycan hökuməti şimal qonşumuzla balansı maksimum şəkildə qorumağa səy edir.

Ancaq o da var ki, Rusiya bizə nə qədər mühüm qonşu olsa da, bu ölkə Türkiyə qədər Azərbaycan üçün strateji önəm kəsb etmir. Ən azı ona görə ki, Dağlıq Qarabağ, erməni işğalı məsələsində Ankara və Moskvanın mövqeləri bir-birinə diametral ziddiyyət təşkil edir və üstəlik, Türkiyə milli təhlükəsizliyimizin vazkeçilməz qarantıdırsa, Rusiya bəlli səbəbdən faktiki, antiqarantlıdır.



Bu üzdən ən kritik məqamda Azərbaycanın özünün 1 nömrəli təbii müttəfiqini Rusiyanın ayağına verəcəyi istisnadır. Necə ki, Ermənistan öz əsas müttəfiqinin - Rusiyanın qədrini bilir. Azərbaycan-Türkiyə ortaq təlimləri bu kontekstdə Moskvaya aydın bir mesajdır ki, o, Bakıdan mümkün olmayanı tələb eləməsin. Yaxud belə tələbdə bulanmazdan öncə Qarabağ məsələsində ədalətli və konstruktiv mövqe tutaraq işğalçı Ermənistana təzyiq eləsin. Bu da ki, gözlənilmir.

“Putinlə danışıqlar zamanı Azərbaycan prezidenti yəqin ki, olduqca nəzakətli olub. Ancaq fikrimcə, Əliyev öz həmsöhbətinə həm də onu anladıb ki, Moskvanın nazına uyğun hərəkət edib qardaş ölkə ilə münasibətləri korlamaq fikrində deyil”. Bu fikri də rusiyalı ekspert Piontkovski söyləmişdi.

Yəni “qırmızı xətt”lər məsələsi. Bu xətlər ətrafında əsəb savaşı davam edir...

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.