Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az bunu nəzərə alaraq “Məşhurların övladları” adlı rubrikasında ictimai-siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Virtualaz.org bildirir ki, rubrikanın budəfəki təqdimatı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov barəsindədir.
Əvvəllər qeyd etdiyimiz kimi, Kəmaləddin Heydərovun iki oğlu var. Nazirin oğlanlarının adı davranışları və fəaliyyətlərinə görə əsasən müsbət yöndə çəkilib.
Böyük oğlu Tale Heydərovun təqdimata ehtiyacı yoxdur. “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti olan Tale Heydərov tez-tez medianın diqqətini cəlb edir, açıqlamalar, müsahibələr verir.
London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov diaspor işində ciddi fəaliyyət sahibidir.
Fövqəladə hallar nazirnin kiçik oğlu Nicat Heydərov barəsində isə çox adam çox şey bilmir. Hətta indiyədək onun şəkli bircə dəfə də Azərbaycan mediasında işıq ucu görməyib. O da nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Yayılan məlumatlara görə, Nicat Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızını alıb.
Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məliumatlar var. Bildirilir ki, o, «United Enterprises International» Şirkətlər Qrupunun sədr müavinidir. O, həmçinin aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.
Ötənlərdə Nicat Heydərov atası ilə Türkiyədə səfərdə olarkən, məşhur “Trabzonspor” klubunun ofisinə baş çəkiblər. Burada böyük ehtiramla qarşılanan Heydərovlara “Trabzonspor” klubunun geyim formaları hədiyyə olunub.
Rubrika Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun Azərbaycan mediasına məlum olmayan fotosunu ilk dəfə dərc edib.