Ankara terroru Ərdoğan-Əliyev görüşünü əngəlləyə bilmədi; İlham Əliyevin həmrəylik addımı siyasi ekspertlər tərəfindən yüksək qiymətləndirildi...
Martın 13-də Ankaranın “Kızılay” meydanında canlı intiharçı-terrorist tərəfindən bomba yüklü maşının partladılması ilə həyata keçirilən terror nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.
Paytaxt Ankarada törədilən terror aktı səbəbindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 martda Azərbaycana nəzərdə tutulan səfəri son bir ayda ikinci dəfə təxirə salındı. Lakin bunun qarşılığında Azərbaycan prezidenti planlaşdırılan Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış edib və Türkiyəyə səfər etməyə qərar verib.
Türkiyənin rəsmi “Anadolu” agentliyinin məlumatına görə, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib (APA). Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini də yazıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.
Bölgədə olduqca ciddi proseslərin cərəyan etdiyi bir şəraitdə, hətta Türkiyə kimi dünya nəhənglərindən birinin ağır proseslərlə üz-üzə qalması faktdır. Bu mənada Azərbaycan rəhbərliyi R.T.Ərdoğanın Azərbaycana səfərini əngəlləmək üçün dinc vətəndaşları belə qətlə yetirməkdən çəkinməyən xain qüvvələrin qəzəbinə tuş gələ biləcəyimizin fərqindədir.
Lakin dostluq və qardaşlıq münasibətləri, tarixi əlaqələr, tale bağlılığı riskli də olsa, ən doğru addımı seçməyə vadar edir. Prezident İlham Əliyev növbəti dəfə bir qardaşlıq, bir həmrəylik addımı ataraq, ən çətin situasiyada, ən ağır şərtlər daxilində belə Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Müşahidəçilər hesab edir ki, Azərbaycanın dövlət başçısı “olmasın Bakı, olsun Ankara” mövqeyi ilə əslində bir millətin iki dövlətinin paytaxtları arasında fərq görmədiyini bütün dünyaya nümayiş etdirdi və bir nümunə ortaya qoydu.
Siyasi analitiklərimiz də Azərbaycan prezidentinin bu addımını yüksək dəyərləndirdi.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu musavat.com-a bildirdi ki, bu görüşün yüksək səviyyədə baş tutması müsbət haldır: “Əgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə bu cür sərt müdaxilələr, terror vasitəsilə bu səfərin qarşısını almaq cəhdləri ortaya qoyuldusa və bundan sonra Azərbaycanın dövlət başçısı Türkiyəyə getməyə qərar veribsə, bu, əslində ciddi bir mesajdır. Bu, Azərbaycan-Türkiyə münasibətlərini, Azərbaycan-Türkiyə tərəfdaşlığını pozmağa cəhd edən və bu yolda dəridən-qabıqdan çıxan bütün terrorçu dövlətlərə bir mesajdır ki, bu strateji tərəfdaşlığın qarşısını heç bir vasitə ilə almaq mümkün deyil, bu, istənilən halda baş tutacaq. Mən düşünürəm ki, bu, Azərbaycanın gələcəyi, Azərbaycan-Türkiyə əməkdaşlığı, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası üçün son dərəcə zəruridir və hətta hadisələrin bu cür cərəyan eləməsinin özü daha da müsbət tendensiyadır".
Politoloq Arzu Nağıyev öncə qeyd etdi ki, prezident Ərdoğanın Bakıya səfərinin əsas məqsədi birgə komissiyanın iclasında iştirak etmək, geosiyasi və mühüm problemlərin həlli istiqamətində müzakirələr aparmaq idi: “Azərbaycan prezidentinin belə bir məqamda Ankaraya səfər etməklə bağlı qərar verməsi təqdirəlayiq bir addımdır və həm də dost ölkənin belə bir ağır vaxtında birgə olmaq baxımından həm humanist olmaqla bərabər, mühüm bir jestdir. Düşünürəm ki, son hadisələr kontekstində prezidentlərin müzakirə edəcəkləri məsələlər həddən artıqdır. Bura Türkiyə-Suriya, Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və iqtisadi layihələri aid etmək olar”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ankaradakı terror partlayışından sonra Türkiyə prezidentinin Azərbaycana səfər edib-etməməklə bağlı çətin dilemma qarşısında qaldığını xatırlatdı: “O, bir tərəfdən indiki ağır vəziyyətdə - terror aksiyasından iki gün sonra Azərbaycana səfərinin ölkəsində doğru anlaşılmayacağını düşünüb. Digər tərəfdən, Ərdoğan onu da düşünüb ki, Azərbaycan prezidenti İlham Əliyevlə ikinci dəfə eyni səbəbdən görüşün təxirə salınması PKK terrorçularına və onların arxasındakı qüvvələrə yanlış siqnal ola bilər. Bu çətin dilemmadan Ərdoğanı azərbaycanlı həmkarı qurtardı. İlham Əliyev Ankaraya getməklə Türkiyəni parçalamağa və zəiflətməyə, o cümlədən Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqını hədəf alanlara aydın ismarış göndərib: strateji əməkdaşlıq mövzularını terrorçuların 5 ayda 3-cü dəfə hədəf aldığı Ankarada da müzakirə etmək mümkündür”.
İlham Əliyevin bu addımı artıq ikinci dəfədir ki, iki qardaş ölkənin rəhbərinin görüşünü əngəlləmək istəyən güclərə tərs sillə, eyni zamanda Türkiyəyə böyük jest kimi qiymətləndirilir. Ərdoğanın səfərinin təxirə salınması, Bakıda planlaşdırılan tədbirin Ankaraya köçürülməsi və İlham Əliyevin bütün qrafikini dəyişərək Ankaraya getmək qərarı verməsi olduqca mühüm məsələdir. Bu, Azərbaycanın Türkiyəyə hansı səviyyədə önəm verməsinin göstəricisidir...
Ərdoğanın Bakıya səfəri öncəsi ikinci qanlı terror törədən Türkiyə düşmənlərinə bir növ cavab xarakteri daşıyan bu jest həm də onları qarşısına almaq deməkdir.
Azərbaycan bir qardaşlıq, bir həmrəylik addımı ataraq, hər hansı şərtlər daxilində Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirir. Ərdoğan Bakıya gələ bilmirsə, onu Azərbaycana gəlməyə qoymurlarsa, İlham Əliyev Türkiyəyə gedər; hər hansı bir vəziyyətdə qardaşları bir-birindən heç kim ayıra bilməz - bu addımın mənası budur!
Xatırladaq ki, Avropadakı böyük tədbirlərdən birində erməni iftira və hücumlarına münasibətdə prezident Əliyev belə demişdi: “Burada Türkiyə rəhbərləri yoxdur, lakin mən varam, Azərbaycan var...”
Elşad PAŞASOY