Oqtay Əsədov: «Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər»
“Milli Məclisin Daxili Nizamnaməsinə əsasən bir ayda iki dəfə iclas keçirilə bilər. Əlavə iclasın keçirilməsi də parlamentin öz işidir. Iclasın gündəliyində də 1, 5 və ya 25 məsələ də ola bilər. Ötən gün mətbuatda qeyd olunub ki, bu gün üçün parlamentin növbədənkənar, xüsusi iclası çağırılıb. Bu nə deməkdir?!” “Report”un xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlament sədri Oqtay Əsədov deyib.
Onun sözlərinə görə, növbədənkənar iclas o zaman ola bilər ki, sessiya iclasları tamamilə qapansın və bundan sonra yeni növbədənkənar iclas çağırılsın: “Bir çox qəzetlərdə isə ”fövqəladə iclas” başlığı qoyublar. Insanlar da elə başa düşəcək ki, aləm dağılır və xeyir ola birdən-birə belə iclas keçirirlər? Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər”.
Oqtay Əsədovun bu məsələni qabartması təsadüfi deyil. Qeyd edək ki, bir gün əvvəl xəbər yayılmışdı ki, martın 18-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Lakin növbədənkənar iclasın hansı zərurətdən keçirildiyi barədə məlumat yox idi. Heç deputatlar da gündəlikdə duran məsələlərdən xəbərsiz idilər. Belə iddialar səsləndirilirdi ki, növbədənkənar iclasda aministiya aktının qəbul edilməsi gözlənilir. Başqa məlumata isə bildirilirdi ki, növbədənkənar iclas yeni baş nazir təyinatı ilə bağlıdır. Lakin dünənki iclasda bunların heç biri baş verməyib. Iclasın gündəliyində “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəlişin edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsinə ayrı-ayrılıqda edilən dəyişikliklər və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi olub.