Putin Suriya məsələsindən sui-stifadə edərək ABŞ-la daha da yaxınlaşmaq istəyir
ABŞ dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putinin görüşü və müzakirə olunan məsələlər maraq doğurur. Görüşün məhz indiki, Rusiyanın Suriyadakı qoşunlarının sayını azaltdığı, regionda isə gərginliyin daha da artdığı dönəmə təsadüf etməsi bir sıra suallar yaradır.
Moskvada keçirilən danışıqlardan sonra Amerika tərəfi Putinin son zamanlar qəbul etdiyi qərarları daha yaxşı anlamağa başlayıb. Bunu Kerri Moskvada keçirilən danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. “Bu gün biz Rusiya prezidenti Vladimir Putinin qəbul etdiyi qərarları və irəliləyişə hansı yolla nail olmağı daha yaxşı anlamağa başlamışıq”,- deyə Kerri Putinlə 4 saat davam edən qapalı görüşün yekunlarına dair bildirib.
Qeyd edək ki, Kerri bundan əvvəl Rusiya XIN-in rəhbəri Sergey Lavrovla da 4 saatlıq danışıqlar keçirib.ÿ
“Bizim qarşımızda hələ çox uzun yol durur, lakin mən artıq tərəfdaşlarımızla hansı addımları atacağımızı daha yaxşı anlayıram”,- deyə Kerri vurğulayıb.ÿ
Bundan başqa, Kerri mətbuat konfransında bəyan edib ki, ABŞ və Rusiya Suriyada siyasi keçidi sürətləndirmək barədə razılığa gəliblər. Suriyanın yeni Konstitusiyası bu ilin avqustunda razılaşdırılmalıdır. “Rusiya Əsədə Suriyada siyasi keçid zamanı düzgün qərar verməyə kömək etməlidir”, deyə Kerri qeyd edib.
Suriya problemindən başqa tərəflər Ukrayna ilə də bağlı müzakirələr aparıblar. Kerri Putini Nadejda Savçenkonu dərhal azadlığa buraxmağa çağırıb.
Kifayət qədər maraqlı dönəmdə baş tutan görüş iki dövlət arasındakı münasibətlərə, regional problemlərə nə vəd edir?
Siyasi ekspertlərin fikrincə, gözlənildiyi kimi görüşdə müzakirə olunan məsələlər Suriya və Ukrayna ilə bağlı oldu. Baş verənlər onu deməyə əsas verir ki, Rusiya Suriya məsələsində qismən olsa da istəyinə nail ola bildi. Çünki Suriya problemi ABŞ-la və Rusiya arasında çözülür. Rusiya Suriyada hərbi sahədə bir sıra uğurlar qazansa da, diplomatiya sahəsində mövqeləri xeyli zəifdir. Bu nəylə bağlıdır?
Rusiyanın iqtisadi problemləri günü-gündən artır. Neftin qiymətinin aşağı olması və sanksiyalar ölkədəki iqtisadi problemləri dərinləşdirir. ABŞ və Avropa Birliyinin Rusiya istiqrazlarının Qərbdə yerləşdirilməsinə imkan verməməsi iqtisadi problemlərin daha da artacağı ilə nəticələnəcək. Bütün bunları nəzərə alaraq Putin Suriya məsələsindən sui-istifadə edərək ABŞ-la daha da yaxınlaşmaq və ən azı sanksiyaların yumşaldılmasına nail olmaq istəyir.
Daha bir problem Ukrayna məsələsidir. Kerri ilə görüşdə bu məsələyə də toxunuldu. Kəskin problemlərdən biri olan Savçenko ilə bağlı Putin onu müəyyən müddət sonra həll etməyə işarə vurmağa məcbur oldu. Ilk növbədə iqtisadi vəziyyətin ağırlığının Putini daha çox güzəştə getməyə məcbur edəcəyi ən çox proqnozlaşdırılan məsələlərdən biridir.
Xəyal