Nüfuzlu İsrail ekspertlərindən biri, sabiq diplomat Yakov Kedmi uzun illər ərzində İsrailin “Nativ” adlı xüsusi xidmət orqanına rəhbərlik edib. Bu orqan MDB və Baltikyanı ölkələr üzrə ixtisaslaşıb.
Y.Kedmi postsovet məkanının ən yaxşı bilicilərindən hesab olunur. Məşhur ekspert virtualaz.org saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
-Bakı ilə Tehran arasında zaman-zaman gərginlik yaşanır. Səbəb Azərbaycanın İsraillə sıx müttəfiqlik münasibətləridir. Azərbaycan İsrail üçün doğrudanmı bu qədər vacib ölkədir?
-Bəli, İran Azərbaycanla İsrail arasındakı sıx münasibətlərdən, xüsusilə də müdafiə və kəşfiyyat sahəsindəki əməkdaşlıqdan bərk narahatdır. Amma İranın təzyiqlərinin effekti azdır. Çünki bu əməkdaşlıq daha çox Azərbaycanın maraqlarına uyğundur və Azərbaycanın təhlükəsizliyi, xüsusilə də İrandan gələn təhlükələrin önlənməsi baxımından vacibdir. İsraildən Azərbaycana silah göndərilməsi məsələsi ABŞ tərəfindən koordinasiya olunur. Bizim ölkələrimiz arasında xüsusi xidmət orqanlarının əməkdaşlığı sahəsindəki münasibətlər çox yaxşı səviyyədədir və səmərəlidir. Bu da hər iki tərəfi məmnun edir və onların maraqlarına uyğundur.
-Hamıya aydındır ki, Rusiya indi bütün postsovet ölkələrinə təzyiq göstərir. Sizcə, burada son məqsəd nədir?
-Rusiya SSRİ-nin çöküşü ilə barışıb. Onun postsovet ölkələrinə münasibətdə hazırda iki əsas məqsədi var. Birinci məqsəd bu ölkələrin Rusiyanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə törədəcək qüvvələrin müttəfiqinə və Rusiyaya qarşı mübarizədə platformaya çevrilməsinin qarşısını almaqdır. İkinci məqsəd isə bu ölkələrlə ənənəvi iqtisadi və sair əlaqələrdən istifadə edərək vahid iqtisadi məkan yaratmaqdır. Belə bir vahid iqtisadi məkan Rusiyaya Avropa Birliyi ilə, ABŞ-la, digər nəhəng güc mərkəzləri ilə rəqabətə girmək imkanı verəcək alət kimi təsəvvür olunur.
-Müsahibələrinizin birində demisiniz ki, Rusiyanın Ukraynaya qoşun yeritməsi zaman məsələsidir. Hələ də əminsinizmi ki, Putin Ukraynanın cənub-şərqinə qoşun yeridəcək?
-Rusiya qoşunlarının Ukraynaya yeridilməsinin mümkünlüyü hələ də real olaraq qalır. Əgər Rusiya Ukraynanın NATO-ya daxil olmasını əngəlləyəcək başqa, qeyri-zorakı üsul və yol tapmasa, ora qoşun yeridəcək.
-İsrail Ukrayna məsələsində neytral mövqe tutdu. ABŞ-ın sizin ölkəni onu dəstəkləməyə sadəcə məcbur etməsindən qorxmursunuzmu? Yəni İsrail öz siyasətində ABŞ-dan nə dərəcədə asılıdr?
-İsrail ABŞ-dan demək olar ki, tam asılıdır. Amma onun Ukraynaya dair amerikapərəst mövqeyi rəsmən bəyan etməsi Rusiya ilə münasibətləri pisləşdirə bilərdi. Bu da İsrailin maraqlarına uyğun deyil. Belə ki, Təl-Əviv bu addımı atsa, Rusiya bizim ölkə ilə, xüsusilə də Yaxın Şərq ölkələrinə strateji silahların ixracı məsələsində daha az hesablaşmağa başlayacaq.
-İslam faktorunun Azərbaycanda fəallaşması sizə nə dərəcədə mümkün görünür?
-Məncə, dini zəmindəki ekstremist əhval-ruhiyyənin güclənməsi Azərbaycan dövləti üçün ən ciddi təhdidlərdən biridir. Bu və ya digər islamçı qrupların yaraqlılarının Suriyadan Azərbaycana qayıtması ölkədəki daxili sabitliyin kəskin şəkildə pozulmasına və terrorçuluq fəaliyyətinin artmasına səbəb ola bilər.
-ABŞ səfiri Riçard Morninqstar bu yaxınlarda bəyan etdi ki, Ukraynadakı Avromaydan olaylarının Azərbaycanda da təkrarlanması istisna deyil. Bu ehtimallar nə dərəcədə realdır?
-Bir vaxtlar ABŞ-ın Tiflisdəki səfirinin fəaliyyəti 2008-ci ildə Gürcüstanı Rusiya ilə açıq münaqişəyə təhrik edən əsas amillərdən birinə çevrilmişdi. ABŞ-ın Ukraynadakı səfirliyi də belə hərəkət etdi və bu ölkədəki indiki böhranın dərinləşməsinə xidmət göstərdi. Amerikanın Bakıdakı səfirinin bəyanatına da bu siyasi təfəkkür səviyyəsində, həmin prizmadan yanaşmaq lazımdır.
Kiyevdəki Maydan hadisələrinin Bakıda da təkrarlanması üçün heç bir zəmin, heç bir ilkin şərt görmürəm. Azərbaycan möhkəm, sabit və oturuşmuş dövlətdir. Xarici qüvvələrin sizin ölkənizin daxili siyasi həyatında, habelə Ukraynada olduğu kimi hakimiyyət uğrundakı mübarizədə effektiv və ciddi iştirakı halları ümumiyyətlə yoxdur. Maydan olaylarını isə Rusiya qızışdırmamış və ona dəstək də verməmişdi.