hikmet-hacizade-yeni«Azərbaycan hakimiyyəti hələ də Brejnevin sisteminə sadiqdir»
Hikmət Hacızadə: «Repressiv siyasətin davam edib-etməyəcəyi Qərbdən gələn təzyiqlərdən asılı olacaq»
Adı siyasi məhbus siyahısında olan bir sıra ictimai fəalın azadlığa çıxması gündəmin əsas mövzularından biridir. Iqtidar təmsilçiləri sonuncu əfvi siyasi məhbus problemini tam həll kimi qələmə verməyə çalışır. Amma mötəbər beynəlxalq təşkilatlar imzalanan əfvi yarımçıq əfv kimi dəyərləndirir və bu addımın siyasi məhbus problemini həll etmədiyini düşünürlər. Əslində siyasi ekspertlər I.Əliyevin bu addımını birbaşa bir müddət sonra ABŞ-a baş tutacaq səfərlə əlaqələndirirlər.
Çünki Azərbaycan hakimiyyəti həmişə siyasi məhbus problemindən siyasi alver predmeti kimi istifadə edib. Küncə sıxışdırılan Azərbaycan hakimiyyəti siyasi məhbusların bir qismini azadlığa buraxmaqla ona demokratiya ilə bağlı tələblərin azalacağına ümid edir. Politoloq Hikmət Hacızadə də hesab edir ki, siyasi məhbusların bir qisminin azadlığa buraxılması hakimiyyətin korlanan imicinin bərpasına cəhddir.
– Azadlığa çıxan keçmiş siyasi məhbusları təbrik edir və siyasi motivlərə görə hələ də həbsdə qalanların azadlığa çıxmasını arzulayıram. Əlbəttə, Ilham Əliyevin belə bir addım atması Qərbin təzyiqi nəticəsində olub. Demokratik düşərgənin təzyiqi olmasaydı, Tofiq Yaqublu demişkən, hamımızı gülləyəcəkdilər. Hazırda bizim çox dəyərli tərəfdaşlarımız içəridədir. Xədicə Ismayıl, Ilqar Məmmədov, bəzi “NIDA”çılar hələ də həbsdədir. Bundan başqa, bizim girov siyasi məhbuslarımız var. Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun ailə üzvlərinə olan təzyiqlər yolverilməzdir. Bütün bu repressiv addımlar dayandırılmalıdır. Hazırda ən vacib olan məqam məhz budur. Hakimiyyət bir tərəfdən siyasi məhbusları azad edir, digər tərəfdən isə onun yerini başqaları ilə əvəz edir. Yerli və beynəlxalq demokratik ictimaiyyətin əsas tələbi məhz budur. Bundan başqa, hazırda həbsxanada elə dindarlar saxlanılır ki, biz onların günahlarının konkret nədən ibarət olduğunu bilmirik. Saxlanılan dindarların günahları tam sübut olunmalıdır. Onların əksəriyyəti azad fikir söylədiyinə görə həbsdədir. Bu gün dindarlar, sabah demokratlar, o biri gün ictimaiyyət xadimləri həbs edilir. Bu proses nə zaman bitəcək? Biz məhz bunu gözləyirik. Hökumət başa düşməlidir ki, ədalət, azadlıq olmasa, cəmiyyətdə heç bir inkişaf olmayacaq. Bütün bu prinsiplərsiz heç bir inkişaf mümkün deyil. Hazırda düşdüyümüz böhrandan çıxış yolu məhz islahatlardadır. Insanlara sərbəstlik vermək, onların hüquqlarının gerçəkləşməsi üçün imkanlar yaratmaq lazımdır.
Repressiv siyasətə son qoyulacaqmı?
– Hikmət bəy, qeyd etdiyiniz kimi bir tərəfdən əfv olsa da, amma azadlığa buraxılan məhbusların yerini yeniləri alır. Buna misal olaraq AXCP sədrinin müavini Fuad Qəhrəmanlını, Rəyasət Heytəinin üzvü Məmməd Ibrahimi və son zamanlar siyasi motivlərlə həbs olunan başqalarını misal göstərmək olar. Qərb hakimiyyətin bu repressiv siyasətinin biryolluq dayanması üçün dirəniş göstərəcəkmi? Çünki hakimiyyət ona olan təzyiqlər azalan kimi yenidən ənənəvi siyasətinə qayıdır?
– Hakimiyyətin repressiv siyasətinin bundan sonra da davam edib-etməyəcəyi Qərbdən gələn təzyiqlərdən, eyni zamanda heç şübhəsiz, bu siyasətin gələcəyi Azərbaycan hökumətində oturanların düşüncə tərzindən asılı olacaq. Hökuməti idarə edənlərin başında dəyişiklik olmalıdır. Kimi bəyənmirlərsə həbs edib, həbsxanada çürütmək siyasəti dayandırılmalıdır. Bu siyasət deyil. Bununla heç nəyə nail olmaq mümkün deyil.
– Əliyevi ABŞ səfəri zamanı hansı səviyyədə görüşlər gözləyir? Amerikada rəsmi Bakının ünvanına hansı mesajlar səslənə bilər?
– ABŞ-da keçirilən sammit konkret bir mövzuya həsr olunub. Ola bilsin ki, Ilham Əliyev və başqa prezidentlərlə hansısa xırda görüşlər keçirilsin. Bu görüşlərdə demokratiya və insan haqları ilə bağlı mesajlar səsləndiriləcək. Əslində, Azərbaycan hakimiyyəti ilə ABŞ arasında kifayət qədər təmas imkanları var. Iki tərəf bu dialoqu gizlin şəkildə aparır. Vaxtaşırı ABŞ-dan Azərbaycana yüksək çinli diplomatlar gələrək mesajlarını verirlər. Eyni zamanda bu mesajlara Azərbaycan tərəfi münasibət bildirir. Yəni münasibətlərdə sükut yoxdur. Amma bizim hökumət ABŞ-a səfərdən piar məqsədilə istifadəyə çalışır. Güman etmirəm ki, hakimiyyətin bu cəhdi uğurlu olacaq. Çünki, Azərbaycan hökuməti təbliğata lazımından qat-qat çox güc və maliyyə sərf edir. Yalnız piarla nəyəsə nail olmaq mümkün deyil. Hökumət banketlər keçirir, kilsələrə pulsuz qaz verir, tarixi abidələri bərpa edir və sair. Təkcə piarla iş həll olunmur, real addımlar da atılmalıdır. Real addımlar isə Qərbdən gələn tövsiyələri qulaqardına vurmamaq, onların icrası istiqamətində doğru qərarlar qəbul etməkdir. Ölkəyə ədalət, islahat lazımdır.
Təzyiqlər səngiyəndən sonra hakimiyyətin addımları maraq doğurur
– Hakimiyyətin əfv fərmanına imza atmasının bir səbəbi kimi ABŞ Konqresində Azərbaycana qarşı tətbiqi nəzərdə tutulan iki sanksiya layihəsi göstərilir. Bu sanksiya layihələri hələ də gündəmdədir. Layihə müəllifləri son əfvin yetərli olmadığını bəyan edirlər. Belə olan halda Azərbaycana qarşı planlaşdırılan sanksiyaların aqibəti necə olacaq? Bu sanksiya layihələrinin gələcəyi hakimiyyətin davranışlarından asılı ola bilərmi?
– ABŞ-ın siyasəti tələskənliyə söykənmir. Onlar heç kimi küsdürmək istəməsələr də, siyasi məhbusların hamısının azadlığa çıxmasını istəyirlür. Güc ABŞ-ın tərəfində olsa da, onlar nəzakəti də qoruyub saxlayırlar. Bundan başqa, hakimiyyətin atdığı bu addım maliyyə məsələsi ilə də bağlıdır. Dünya Bankının nümayəndələri Azərbaycana gələn zaman irəli sürdüyü tələblərdən biri də məhkəmə sisteminin şəffaflığı ilə bağlı idi. Yəni hakimiyyətdən əsaslı dəyişiklik tələb olunur. Hakimiyyətin bu təzyiq qarşısında geri çəkildikdən sonra atacağı addımlar əsasdır. Yəni bu təzyiqlər səngiəyəndən sonra hakimiyyət yenidən öz ənənəvi repressiv siyasətinə qayıdacaqmı? Hakimiyyətin maliyyə durumu ona bir qədər manevr etməyə yardım edir. Görünür, hakimiyyətin pulu tam bitdikdən sonra çarəsiz şəkildə qalaraq, bütün tələbləri icra etməyə məcbur olacaq.
– Hakimiyyətin Qərbə qarşı reveranslarına Rusiyanın münasibəti necə olacaq?
– Rusiyanın, təbii ki, bu proseslər qıcığına səbəb olacaq. Amma onu da nəzərə almaq lazımdır ki, hələlik Qərblə Azərbaycan hakimiyyəti arasında heç bir yaxınlaşma yoxdur. Hakimiyyət hələ ki, Qərbdən maliyyə dəstəyi, kredit istəyir və sanksiyaların tətbiq olunmamasına nail olmağa çalışır. Buna görə də siyasi məhbusların bir hissəsi azadlığa buraxılıb. Rusiyanı əsas qıcıqlandıran addım Azərbaycanın NATO-ya istiqamətlənən addımlar atması ola bilər. Amma hələ ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur.
– Bir müddət sonra Bakıda Iran, Rusiya və Azərbaycan XIN rəhbərlərinin görüşü olacaq. Son zamanlar Azərbaycan rəhbərliyi hansı ölkə ilə müzakirələr aparırsa, onların mövqeyini dəstəkləyir. Iranda Tehranın, Putinlə telefon danışıqları zamanı isə Rusiyanın maraqlarına uyğun bəyanat verilir. Əslində, Azərbaycanın prinsipial mövqeyi necə olmalıdır?
– Azərbaycanın hazırkı hakimiyyətinin prinsipial mövqeyi iqtidarının qorunmasına həsr olunub. Hakimiyyət Azərbaycandakı mövcud sistemin saxlanması üçün hər cür addım atmağa hazırdır. Iqtidar korrupsiyanın, hərc-mərcliyin saxlanmasını hər şeydən üstün tutur. Budur hakimiyyətin xarici siyasətdə göstərdiyi prinsipial mövqe. Hakimiyyətə təzyiq olmasa, bu siyasət davam edəcək. Ona görə iqtidara Qərbdən təzyiq olarsa, o zaman bu istiqamətdə də yumşalma müşahidə edə bilərik.
“Hakimiyyətin kapitalist təfəkkürü yoxdur”
– Ölkəni intiharlar dalğası bürüyüb. Sosial vəziyyətin ağırlığı, kredit borclarının ödənilə bilinməməsi vətəndaşlarımızı son çıxış yolu kimi intihara məcbur edir. Hazırda müşahidə olunan bu atmosferi necə dəyərləndirmək olar, baş verənlərə görə məsuliyyəti kim daşıyır?
– Ölkə böhran içərisində olanda adətən bu cür intiharlar artır. Çıxış yolu ağıllı davranmaq və islahatlara getməkdir. Əgər hakimiyyət özü bacarmırsa, kənardan ekspert gətirə bilər. Xarici təşkilatlar yaranmış durumda çıxış yolu ilə bağlı hakimiyyətə məsləhətlər verir. Amma iqtidar bu məsləhətləri qəbul etmir. Demokratik dünya bəyan edir ki, oğurluq, korrupsiya, inhisar bitməlidir. Dövləti çökdürən bu bəladan xilas olmaq gərəkdir. Qərb bəyan edir ki, əgər bu islahatlara gedərsə, bəlkə, bir neçə ilə vəziyyət düzələ bilər. Hakimiyyətdə hazırkı durumda gərəkən kapitalist təfəkkürü yoxdur. Bunların başında sovet plan sistemidir. Məqsədləri odur ki, iri layihələri qeydiyyatdan keçirib, mümkün qədər çoxlu pul mənimsəsinlər. Halbuki ABŞ-da gəlirin 70-80 faizi orta və xırda biznesdən gəlir. ABŞ büdcəsinə maliyyə milyarderlərdən gəlmir. Gəliri məhz orta və xırda sahibkar verir. Hakimiyyət isə hələ də Brejnevin sisteminə sadiqdir.
– Qeyd etdiyiniz kimi xarici təşkilatlar hakimiyyətdən islahat tələb edir. Bu islahatların müqabilində hakimiyyətə maliyyə yardımı da edilə bilər. Amma hakimiyyət bu islahatlara getmir. Nəticədə Neft Fondunun vəsaitləri bir faizdən bir qədər artıq faizlə xarici idarəetməyə verilir. Xaricdən borc ala bilməyən hakimiyyət yeddi faizlə 1 milyard vəsaiti on illik kreditlə cəlb edir…
– Azərbaycan hakimiyyəti ucuz kreditlər ala bilmir. Çünki, ucuz kreditlərin öz şərtləri var. Hakimiyyət ucuz kreditləri ala bilməsi üçün islahatlar həyata keçirməlidir. Iqtidar bu islahatları həyata keçirmək istəmir. Ona görə yüksək faizli kreditlər almağa məcbur olur.
– Hakimiyyətdaxili savaşın daha bir təzahürü maliyyə naziri Samir Şərifova qarşı irəli sürülən ittihamlar oldu. Samir Şərifov üç ölkəyə casusluqda ittiham olundu. Rəsmi strukturlar səslənən ittihamlara heç bir reaksiya vermədilər…
– Əlbəttə, ortada olan informasiyaya münasibət bildirilməlidir. Əgər informasiya həqiqətdirsə, o zaman tədbirlər görülməlidir. Həqiqət deyilsə, o zaman informasiya təkzib olunmalıdır. Bu cür vəziyyətdə susmaq olmaz. Samir Şərifov sıradan bir insan deyil.
Xəyal