Dünya liderləri Vaşinqtona yığışdı - gözlər Amerikada

31-03-2016, 09:36   
Dünya liderləri Vaşinqtona yığışdı - gözlər Amerikada
Bu gün IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayır; Azərbaycan və Türkiyə prezidentlərinin də qatıldığı toplantını Rusiya prezidenti niyə boykot etdi?..
Bu gün - martın 31-də ABŞ-ın paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayır. Sammit iki gün çəkəcək. 50-dən çox ölkənin dövlət və hökumət başçısının qatılacağı zirvə toplantısında əsas mövzu nüvə terrorizmi ilə mübarizə məsələsi olacaq.

Artıq dünya liderləri ABŞ-a cəm olublar. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak üçün Amerikaya yollanıb. Məlumatlara görə, toplantı çərçivəsində regional və qlobal problemlərlə bağlı iki və çoxtərəfli görüşlərin keçirilməsi də istisna olunmur.

O sırada Azərbaycanın dövlət başçısının ABŞ dövlət katibi Con Kerri ilə görüşəcəyi haqda xəbər yayılıb. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb. Görüş dünən Bakı vaxtilə saat 23.00-a planlaşdırılırdı. Azərbaycan prezidenti həmçinin sammitdə çıxış edəcək.



Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan da ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona gedib. Az öncə Ağ Ev başçısının təşəbbüsü ilə Əliyev-Sərkisyan görüşünün mümkünlüyü haqda ehtimallar səslənsə də, bu, öz təsdiqini tapmadı. Daha sonra ümumiyyətlə, Vaşinqtonda Əliyevlə Sərkisyan arasında hər hansı təmasın olmayacağı haqda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyma Uorlikə istinadən xəbər yayıldı. Lakin İlham Əliyevin Kerri ilə görüşündə Qarabağ tematikasının da müzakirə olunacağı gözlənilirdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da artıq Vaşinqtondadır. ABŞ paytaxtında hotel qarşısında onu və xanımı Əminə Ərdoğanı bir qrup insan qarşılayıb. Onlar Ərdoğana Suriya qaçqınlarının müdafiəsinə görə təşəkkür ifadə ediblər. Ərdoğanın şərəfinə “Ədalətsizliyə qarşı səsinizi ucaltdığınız üçün çox sağ olun!”, “Böyük Türkiyə, böyük lider Ərdoğan!”, “Xoşgəldin, ən namuslu insan!”, “Xalqın adamı, xoş gəldin!”, “Biz Ərdoğanı sevirik!” kimi posterlər ucaldılıb. Başqa bir qrup şəxs isə etiraz aksiyası keçirməyə cəhd edib.



Qeyd edək ki, sammit çərçivəsində Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə qeyri-formal şəraitdə ikitərəfli görüşü nəzərdə tutulub. Bu barədə Ağ Evdən rəsmi açıqlama verilib.
Rusiya prezidenti Vladimir Putin isə zirvə toplantısında iştirakdan imtina edib. Prezidentin mətbuat katibi Dmitri Peskov imtinanı “hazırlıq işlərinin gedişində nüvə təhlükəsizliyi mövzusu üzrə qarşılıqlı uzlaşmanın qıtlığı” ilə izah edib.



“Nüvə təhlükəsizliyi olduqca aktual məsələdir. Bununla belə, Moskvada hesab edirlər ki, nüvə təhlükəsizliyi ilə bağlı məsələlərin işlənməsi hazırlıq mərhələsində ümumi və ortaq səyləri, maraqların və mövqelərin qarşılıqlı nəzərə alınmasını tələ edir. Sammitin mövzusunun və məsələlərinin ilkin hazırlıq mərhələsində biz nüvə təhlükəsizliyi mövzusu üzrə müəyyən qarşılıqlı uzlaşma qıtlığı hiss elədik. Ona görə də Rusiya tərəfinin sammitdə iştirakı alınmadı” - qeyd edib Peskov.

Lakin Putinin sammitə qatılmaqdan imtinası əslində boykotdan daha çox, özünütəcrid qənaəti yaradır. Çünki Rusiya prezidenti bir qayda olaraq, ABŞ prezidentinin iştirak elədiyi tədbirlərin heç birini buraxmır, onunla görüşə sanksiyalar altında olan Rusiyanın supergüc kimi özünütəsdiqin mühüm forması, Qərbdən təcrid olunmadığının təqdimatı kimi baxır.
Bu üzdən də Peskovun arqumentləri ciddi səslənmir. Görünür, Putin səfərlə bağlı ABŞ-dan gözləntilərini ala bilməyib və iki ölkə arasında bır sıra regional və qlobal məsələlərə (Yaxın Şərq və s.) dair ciddi fikir ayrılıqları qalır. Söhbət ilk növbədə növbəti Obama-Putin birbaşa təmas şansının buraxılmasından gedir.

Bura Kreml başçısının “Su 24" insidentinə görə hələ də şəxsi ədavət saxladığı Ərdoğanla bağlı məsələni də əlavə eləmək olar. İstisna deyil ki, Putin nəinki Türkiyə lideri ilə bir araya gəlmək, hətta ümumi şəkil çəkdirmək istəyində də olmayıb.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.