Rusiyanın Azərbaycana silah satışı ilə bağlı xəbərlər bu günlərdə bir-birini əvəzləyir.
İlk olaraq Rusiyanın İTAR-TASS agentliyi mayın 23-də Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Konstantin Biryulinə istinadən məlumat yaydı ki, Rusiya Azərbaycana 100 ədəd Т-90S (T-90C) tankının göndərilməsini başa çatdırıb. O, Bakıya tankların bu həcmdə ikinci partiyasının göndərilməsi barədə opsionun da mövcud olduğunu xatırladıb və qeyd edib ki, ikinci hissə üzrə hələlik müqavilə bağlanmayıb.
İki gün əvvəl isə Astanada keçirilən KADEX-2014 müdafiə sərgisində təmsil olunan Rusiyanın “Uralvaqonzavod” Konsernindən (UVZ) məlumat verildi ki, Azərbaycanın Rusiyaya sifariş verdiyi TOS-1A “Solntsepyok” reaktiv yaylım atəş sistemlərinin növbəti partiyası yaxın vaxtlarda Bakıya göndəriləcək. Növbəti partiyaya 6 maşın daxildir. Zavodun mütəxəssisləri tərəfindən maşınlar Azərbaycandakı poliqonların birində atış testlərindən keçirildikdən sonra təhvil veriləcək.
UVZ-dən verilən məlumata görə, Azərbaycanla bağlanmış müqavilə 18 ədəd TOS-1A “Solntsepyok” sisteminin çatdırılmasını əhatə edir. Qeyd edək ki, T-90 tanklarının şassisi üzərində yerləşən TOS-1A sisteminin atış məsafəsi 7 km-dən artıq, bir raketinin məhvetmə sahəsi 2.5 hektardır. Bu sistem xüsusilə dağlıq ərazilərdə düşmənin açıq və bağlı atəş nöqtələrini məhv etmək üçün xüsusi üstünlük verir. Sistemin atış zamanı yaratdığı güclü təzyiq və yanğın qayaları parçalayır, dağlarda daş axını yaradır.
Hazırda TOS-1A sistemləri dünyada yalnız Rusiya, Azərbaycan və Qazaxıstanın silahlanmasında yer alır.
Dünən isə “Taktiki raket silahı” korporasiyasının baş direktoru Boris Obnosov bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya istehsalı olan “Bal-E” sahil raket kompleksinin alınması imkanları ilə maraqlanır. “Kommersant” qəzetinin məlumatına görə, Azərbaycan Mudafiə Nazirliyi artıq Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətə sahil raket kompleksləri üçün sifariş verib. Söhbətin indiki halda yalnız “Bal-E”nin bir divizionundan gedir. Qəzet xatırladır ki. “Bal-E” sahil raket kompleksinın satışı ilə bağlı Azərbaycan-Rusiya müqaviləsi imzalanarsa, Azərbaycan dünyada bu silahı silahlanmaya daxil edən üçüncü ölkə olacaq. Hazırda “Bal-E” kompleksləri Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması və Vyetnam donanmasına daxildir.
Bütün bu xəbərlərin bir-birini əvəzləməsi təsadüfi sayıla bilərmi?
Ermənistanın Gömrük Şurası və Avrasiya İqtisadi İttifaqa üzvlüyü ətrafında səslənən son bəyanatlar və iddialar olmasaydı, təsadüf saymaq olardı. Amma xeyr.
Yeri gəlmişkən, Ermənistan müdafiə naziri Seyran Ohanyan dünən İrəvanda parlamentdə çıxışında ordularının Azərbaycan ordusu ilə müqayisədə zəif olduğunu bildirib. Ohanyan Azərbaycan ordusunun imkanlarının xeyli yüksək olduğunu deyib: “Düşmən periodik olaraq yeni silahlar alır və texnikasını yeniləşdirir”. Heç şübhəsiz ki, erməni nazir “düşmən periodik olaraq yeni silahlar alır və texnikasını yeniləşdirir” deyəndə birbaşa olaraq Rusiyanın Azərbaycana satdığı və satacağı silahlarla bağlı yuxarıda qeyd etdiyimiz informasiyalara işarə vuraraq üstüörtülü şəkildə müttəfiqindən narazılığını dilə gətirib.
Son vaxtlar Moskva-İrəvan xəttində nələr baş verir?
Bu suala cavab vermək üçün ilk olaraq Ermənistanın keçən ilin sentyabr ayında Gömrük Şurasına üzv olmaq istəməsi ilə bağlı Moskvada verdiyi bəyanatdan öncə baş verənləri xatırladaq.
2013-cü ilin iyun ayının 18-ində “Vedomosti" qəzetində dərc olunmuş “Rusiya Azərbaycanı silahlandırır” məqaləsində deyilirdi ki, Rusiyadan Azərbaycana təxminən 1 milyard dollarlıq həcmində silahların göndərilməsinə başlanılıb. Qəzetə danışan mənbənin məlumatına görə, söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), “Mcta-C” özüyeriyən artilleriya qurğusu divizionu (18), “Smerç” yaylım atəşli reaktiv sistem divizionu (18), “Vena” özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A “Solnsepek” (“Buratino” sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir. Tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis -nəqliyyat maşınlarının Azərbaycana satıldığı bildirilirdi. Və adı çəkilməyən mənbənin dedikləri sonradan hamıya məlum olduğu kimi təsdiqini tapdı.
Rusiya prezidenti Vladimir Putin ikinci dönəm prezident seçildikdən sonra ilk səfərini strateji müttəfiqi Ermənistana deyil, Azərbaycana etdi. Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın 4 milyard dollar civarında olduğunu qeyd etdi.
Rusiyanın Azərbaycanla yaxınlaşmasını görən və Avropa Birliyi ilə üç ildir assosiativ sazişlə bağlı danışıqlar aparan Ermənistan nəticədə Moskvanın bayrağı altından keçərək Gömrük Şurasını seçməyə məcbur oldu. Moskvanın könlünü alan Sarkisyan Azərbaycandan sonra olsa belə Putini İrəvana gətirə və Azərbaycana tərəf əyilən Kremlin oxunu özünə tərəf qaytara bildi.
Hazırda isə Ermənistanın Gömrük Şurası və Avrasiya İqtisadi İttifaqına üzvlüyü ətrafında Moskva-İrəvan xəttində baş verənləri sezməmək mümkün deyil. Rəsmilərin dilindən olmasa belə hakimiyyətə yaxın analitiklər vəziyyətin yaxşı olmadığına işarə vururlar. Son günlər erməni mətbuatının gündəmində olan əsas məsələlərdən biri də Ermənistanın Gömrük Şurasına daxil olacağı halda bunun Dağlıq Qarabağla, yoxsa Dağlıq Qarabağsız baş verəcəyidir. Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-politoloq Sergey Markov erməni mətbuatına müsahibəsində bildirib ki, Rusiya bu gün Ermənistanı Qarabağla birlikdə Gömrük Şurasına daxil edə bilmir. O, bunu Rusiyanın Azərbaycanı da Gömrük Şurasına cəlb etmək istəyi ilə izah edib. Təbii ki, Moskvanın bu mövqeyi İrəvanı narazı sala bilməz.
Dövlət Dumasının keçmiş deputatı həmçinin dolayısı olaraq İrəvanı ikiüzlülükdə ittiham edib. O, bildirib ki, Ermənistan rəhbərliyi Rusiya-Qərb mübarizəsində məhz kimin qalib gələcəyini hələ bilmir və ona görə də prosesi müvəqqəti dondurmağa, Gömrük Şurasına üzvlük məsələsində tələsməməyə qərar verib: “ Ermənistan rəhbərliyi hesablayır ki, ABŞ və Avropa Birliyi bu layihələri məhv edə bilər. Yəni, Ermənistan pauza götürüb”.
Qeyd edək ki, S.Markov Kremlə yaxınlığı ilə tanınan politoloqlardan biridir. Əslində, politoloqun Kremlin adından demək istədiyi budur ki, İrəvan Dağlıq Qarabağın Ermənistanla birgə Gömrük Şurasına daxil edilməyəcəyini əsas gətirərək quruma üzvlüyü ləngitmək istəyir. Hər halda İrəvana 3 sentyabr qərarını verəndə də məlum idi ki, Dağlıq Qarabağın Gömrük Şurasına daxil edilməsi yalnız illüziyadır. Məsələnin Ermənistan tərəfindən “ölüm-olum” şəklində gündəmə gətirilməsi, Dağlıq Qarabağın da quruma üzvlüyünün şərt olaraq irəli sürülməsi heç şübhəsiz ki, İrəvanın Kremldən yan keçən planlarından xəbər verir.
Göründüyü kimi, Rusiyanın Azərbaycana silah satışı ilə bağlı yazının əvvəlində qeyd etdiyimiz faktlar heç də təsadüfi deyil. Moskva ötən il olduğu kimi İrəvana xəbərdarlığı Azərbaycan üzərindən verir: Mənim planlarımdan kənarda qalmağı ağlandan belə keçirmə.
Sözün qısası, satılmağa adət edən Ermənistan Rusiyanın pulunun azaldığını güman edərək başqa müştəri axtarır. Təsadüfi deyil ki, erməni mediasında son vaxtlar Moskvanın Ermənistanda yerinə yetirməyə söz verdiyi layihələri icra etməyə pulunun olmadığı barədə fikirlər yer alıb. Amma Ermənistanı bu dəfə alan olacaqmı? Axı, dəyərini çox itirib.