Gültəkin Hacıbəyli: «Lavrovun, Medvedevin bölgəyə səfəri və Ilham Əliyevi Moskvaya dəvət etməsi Kremlin dünyaya mesajıdır ki, region bizimdir»
Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın dövlət başçısı Ilham Əliyevi Putinin adından Moskvaya dəvət edib. Amma bu dəvətdə bir sıra məqamlar maraq doğurur. Belə ki, Lavrovdan dərhal sonra paytaxtımıza Rusiyanın baş naziri Dmitri Medvedev səfər edəcək. Heç şübhəsiz, Medvedevlə də əsas müzakirə predmeti Qarabağdakı son durum olacaq. O zaman belə olan halda I.Əliyevin Moskvaya səfərinin məqsədi nədir? Putinin dəvətinin arxasında nə dayanır?
ABŞ-dan sonra Rusiyaya səfər
Belə ehtimal olunur ki, dəvət I.Əliyevin ABŞ səfəri ilə bağlıdır. Çünki I.Əliyevin ABŞ-a yola düşməmişdən əvvəl atdığı addımlara diqqət yetirək. Siyasi məhbusların bir qismi azad olundu. Bu addım ABŞ-la siyasi danışıqlara yenidən başlamağa əsas ola bilərdi. Bu münasibətlər uzun müddətdən bəri korlanmışdı. Amma I.Əliyevin siyasi məhbusların bir qismini azad etməsi ABŞ-la münasibətlərin tam normallaşması üçün yetərli sayılmadı. ABŞ rəsmiləri digər siyasi məhbusların da azad olunmasının, siyasi və iqtisadi islahatların davamlı xarakter almasının vacib olduğunu vurğuladılar. Yəni münasibətlər yalnız demokratikləşmə istiqamətində real addımlar atılacağı təqdirdə normallaşdırıla bilər.
Digər tərəfdən, ABŞ-a səfər Azərbaycanın reallaşdırmaq istədiyi enerji layihələrinə vəsait tapmaq baxımından da vacib idi. Çünki Azərbaycan Avropanı da maraqlandıran qaz layihəsini gerçəkləşdirmək üçün 12 milyard dollar vəsaitə ehtiyac duyur. Bu vəsaitin verilməsi siyasi dialoqun davamında mümkün ola bilər.
Bu baxımdan I.Əliyevin iyunda Almaniyaya səfər edəcəyinin bəyan olunması maraq doğurur. Çünki I.Əliyev açıq şəkildə bildirib ki, o, Avropa Birliyi ilə strateji əməkdaşlıq müqaviləsinin imzalanmasına hazırdır. Böyük ehtimalla bu müqavilə I.Əliyevin Almaniya səfəri zamanı reallaşa bilər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, əslində cəbhədəki gərginliyin açıq münaqişəyə keçməsi I.Əliyevin Vaşinqtona Nüvə Sammitinə səfəri ilə bağlı idi. G.Hacıbəylinin sözlərinə görə, daha öncə də Azərbaycan Qərblə münasibətləri düzəltmək istəyində olub və bu addımlara qarşı Rusiya cəbhədə sükutu pozdu. Əfv sərəncamı və məhkəmə qərarı ilə iki nəfər siyasi məhbusun azadlığa çıxmasını Rusiyanın diqqətlə izlədiyini deyən G.Hacıbəyli bildirdi ki, I.Əliyev ABŞ səfərindən öncə atdığı addımlarla partnyorları ilə arasında yaranan gərginlyi həll etmək istəyib. Səfərdən öncə atılan addımlar da məhz buna yönəlmişdi: “Vaşinqtonda da görünür ki, kifayət qədər geniş müzakirələr olub və ilkin razılaşmalar əldə olunub. Məhz bunun ardınca cəbhə xəttində atəşkəsin alovlandırılması bu prosesin qarşısını almağa hesablanıb. Bu məsələdə mənim heç bir şübhəm yoxdur. Azərbaycanda böyük əksəriyyət belə düşünür. Azərbaycanın Qərbə yaxınlaşmasından söhbət gedirsə, böyük məsələlərdən danışmalıyıq. O sıradan enerji sahəsindəki əməkdaşlığın dərinləşməsi, təhlükəsizlik məsələləri, Azərbaycanın Qərbə inteqrasiya kursunun reallığa çevrilməsi kimi məsələlər Qərblə danışıqlar masasında prioritetdir”.
G.Hacıbəyli onu da vurğuladı ki, Azərbaycanın Qərbə münasibətdə atdığı addımlar Rusiyanı qane etmir. Ukrayna müharibəsinin, Krımın işğalının başlıca səbəbinin məhz Kiyevin Avropaya inteqrasiya istiqamətində addımlar atması olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, ona görə Azərbaycanın siyasi hakimiyyəti beynəlxalq təzyiq nəticəsində Qərbə inteqrasiya istiqamətində addımlar atmağa məcbur oldu: “Azərbaycan hakimiyyətinin Qərbə yönəlik siyasətinin ilk işartıları görünən kimi Ilham Əliyevin Azərbaycana dönüşünü gözləmədən cəbhədə sükut pozuldu. Indi də Lavrovun, Medvedevin bölgəyə səfəri və Ilham Əliyevin Moskvaya dəvət olunması həm region ölkələrinə, həm də dünyaya bir mesajdır. Rusiya bununla demək istəyir ki, Cənubi Qafqaz Rusiyanın bostanıdır və Rusiya Qərbə bura girməyə imkan verməyəcək. Düşünürəm ki, Lavrovun və Medvedevin səfəri münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına, bu yolla Rusiyanın Cənubi Qafqazda rolunun qorunmasına xidmət edir”.