Sərhədyanı ölkələrlə vahid gömrük postlarının yaradılması ideyası göründüyü kimi sadə deyil. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. DGK sədri bildirib ki, belə cəhdlər artıq əvvəlki illərdə görülüb, lakin hələlik belə layihələr öz tətbiqini tapmayıb. Onun sözlərinə görə, yurisdiksiya məsələsi başlıca problem olaraq qalır: "Bu gün neytral ərazilər anlayışı qəbul edilmir və bütün torpaqlar bu və ya digər dövlətə məxsusdur. Bundan əlavə, gömrük rejimi, yaxud sənədlərin rəsmiləşdirilməsində pozuntu baş verdikdə dərhal pozuntu faktının araşdırılmasının kimin səlahiyyətinə aid olacağı, hansı normativlərdən istifadə olunacağı və bir çox digər məsələlər ortaya çıxır. Vahid postlar hələlik ideyadır və hazırda onun reallaşdırılması haqqında danışmaq çətindir". Azərbaycan və Gürcüstan bu istiqamətdə müəyyən iş aparır. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin (vergi və gömrük orqanının funksiyalarını birləşdirən idarə) rəhbəri Vaxtanq Laşkaradzenin sözlərinə görə, fevralın sonunda "Siteli xidi" ("Qırmızı körpü") [Azərbaycan tərəfdə - "Sınıq körpü" GKM] gömrük-buraxılış məntəqəsində iki ölkənin gömrük orqanları arasında idxal-ixrac haqqında məlumat mübadiləsi sisteminin pilot layihəsi işə salınıb. Elə orada vahid gömrük postunun yaradılmasının pilot layihəsi həyat keçirilib. Laşkaradzenin qeyd etdiyi kimi, bəzi xırda problemlərə baxmayaraq, bu nümunə layihənin işə salınması onun effektivliyini və perspektivliliyini göstərdi: "Gələcəkdə sərhədi keçən yüklər haqqında informasiyanın vahid işlənməsi və perspektivdə isə vahid gömrük məntəqələri ölkələrimiz arasındakı bütün gömrük sərhədi üzrə reallaşdırılacaq". Onun sözlərinə görə, məlumat mübadiləsi haqqında sazişə artıq bu il, təxminən sentyabrda nail olunacaq. Azərbaycan və Gürcüstan arasında Balakən və Tovuz gömrük idarələrinin tabeliyində olan altı gömrük postu var. Bunlar "Sadıxlı", "Sınıq Körpü", "Candargel", "Mazımçay", "Muğanlı" avtomobil postları və "Böyük Kəsik" dəmir yoludur.