Azərbaycanın ən iri korrupsionerlərindən biri ölkədən necə qaçdı...

27-05-2014, 11:13   
Azərbaycanın ən iri korrupsionerlərindən biri ölkədən necə qaçdı...
Bu günlərdə öz ərizəsi ilə işdən çıxan “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov artıq ölkədə yoxdur.

Virtualaz.org saytına daxil olan məlumata görə, Ə.Bayramov müalicə adı altında xarici ölkələrdən birinə qaçıb.

Məlumatda deyilir ki, Əli Bayramovun tələsik işdən çıxaraq ölkəni tərk etməsi barəsində tezliklə cinayət işinin qaldırılacağı və həbs olunacağı barədə aldığı xəbərlər olub.

Doğrudan da Əli Bayramovun öz ərizəsi ilə işdən getməsindən cəmi bir neçə gün sonra Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib.

Hesablama Palatasından yayılan məlumata görə, bu gün keçirilən kollegiya iclasında “Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa göndərmək qərara alınıb. Həmçinin bu strukturda aparılmış yoxlama barədə məlumatlar Milli Məclisə təqdim olunacaq.

Hesablama Palatasının “Aqrolizinq” ASC-də konkret hansı talama və korrupsiya faktlarını üzə çıxardığı barədə məlumat verilmir. Lakin məlumdur ki, vaxtilə prezident İlham Əliyevin kənd təsərrüfatında böhranı aradan qaldırmaq və qeyri-neft iqtisadiyyatının ən mühüm sahələrindən biri kimi aqrar sektorun inkişafına nail olmaq üçün yaratdığı “Aqrolizinq” ASC Əli Bayramovun rəhbərliyi altında Azərbaycanın ən korrupsiyalaşmış strukturlarından birinə çevrilmişdi.

Mətbuatda bu strukturda hökm sürən korrupsiya, büdcədən fermerlərə dəstək və aqrar sektorun inkişafı üçün ayrılmış yüz milyonlarla vəsaitin talanması barədə çoxsaylı məlumatlara, şikayətlərə rast gəlmək olar.

Lakin “Aqrolizinq” ASC-dəki korrupsiya barədə təkcə mətbuat yazmırdı və bu strukturdakı korrupsiyadan əziyyət çəkən kəndlilər şikayət etmirdi. Hələ 4 il əvvəl - 2010-cu ildə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi (prezidentin verdiyi fərman və sərəncamların dövlət strukturlarında icra vəziyyətini yoxlayan şöbə) “Aqrolizinq” ASC-nin fəaliyyətini araşdıraraq ciddi korrupsiya faktları üzə çıxarmışdı.

Dövlət Nəzarət şöbəsinin həmin hesabatından sitat: “Məhsuldarlığın artırılması üçün texnika və aqrokimyəvi maddələrin alınmasına dövlətin milyon manatlarla pulu xərclənib. Amma nəticə nədir? 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə məhsuldarlıq cəmi 0,1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə bu sahədə məhsuldarlıq 4,7 faiz azalıb.

Alınmış texnikanın yalnız 38,9 faizi lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi (1293) bazalarda istifadəsiz qalıb”.

Şöbənin araşdırması müəyyən edib ki, cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə “Aqroservis” (“Aqrolizinq”in rayonlarda yaratdığı strukturlar -red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər.

Nəzarət şöbəsi yazırdı: “2008-ci il avqustun 26-da “Xəzər Sənaye Quraşdırma” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında ASC-də tərtib edilməsi onların doğruluğuna şübhələr yaradır”.

Həmin hesabata əsasən “Aqrolizinq” 2005-2009-cu illərdə Azərbaycana 100,1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Qanuna əsasən ölkəyə gətirilən mallar gömrükdən keçməlidir. Lakin Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir.

Yəni ASC rəsmi élan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib. “Aqrolizinq” ümumilikdə son 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini bildirir. Amma Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174,5 milyon manat olub. Beləliklə, ortada 33,1 milyon manat fərq yaranır.

2005-2009-cu illərdə 254,8 min ton gübrə, 294,3 min litr pestisidin alınması haqqında müqavilələrə 72,7 milyon manat xərclənib. Amma faktiki olaraq ölkəyə 5,3 min ton az gübrə gətirilib.

2008-ci ildə alınmış gübrənin böyük hissəsi satılmadığı halda birinci müqavilədən təxminən iki aydan sonra “gübrəyə təcili tələbat yaraması” əsas gətirilib. Bu əsasla da tonu 550 manata (əvvəlki müqavilədən 123 manat baha) 18162 ton gübrə alınmasına haqqında eyni şirkətlə birbaşa müqavilə bağlanıb, şirkətin hesabına 10 milyon manat köçürülüb.

Beləliklə, dövlətin kəndliyə güzəştlə gübrə verilməsi üçün ayırdığı puldan kəndli deyil, gübrəsatan xarici şirkət qazanc götürüb.

2008-ci ildə 1000 baş cins inək alınmasına dair Böyük Britaniyanin “Rista Alliance” şirkəti ilə 3 milyon manatlıq müqavilə imzalanıb. Amma ölkəyə 770 baş inək gəlib çıxıb.

ASC 2005-2010-cu illərdə 127.7 milyon manat məbləğində 91 tendersiz müqavilə imzayaıb. Satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox, Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Təkcə Virciniya adalarında qeydiyyatda olan “Aqroinvest Sl” şirkətindən 61,7 milyon manatlıq gübrə alınması üçün 7 müqavilə imzalanıb”.

O vaxt Dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq”də üzə çıxardığı çoxsaylı ciddi korrupsiya faktlarına dair arayışın Prezident Administrasiyasına təqdim olunduğu bildirilsə də bu hesabat əsasında hansı addımların atıldığı məlum olmamışdı. İndi isə daha bir nəzarət-təftiş orqanı - Hesablama Palatası “Aqrolizinq”də ciddi korrupsiya faktları aşkar edərək Baş Prokurorluğa göndərib.

Və bu faktların Baş Prokurorluğa göndərilməsindən cəmi bir neçə gün əvvəl Əli Bayramov Azərbaycanda məmurlar üçün görünməmiş praktikaya əl atır - səhhətində yaranmış problemləri əsas gətirərək Türkiyədə müalicə olunmaq zərurətinin olduğunu bildirir və öz ərizəsi ilə işdən, həm də ölkədən gedir.

Belə görünür ki, Əli Bayramov 10 ildir kənd təsərrüfatının inkişafı üçün büdcədən ayrılmış vəsaitlərin talan edilməsinə dair neçə vaxtdır toplanan faktların onu həbsə aparacağını bildiyi üçün vaxtında aradan çıxmağa qərar verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.