İcra başçısının ölkədən qaçan «Aqrolizinq»in rəhbəri ilə ortaq əkin sahələri və texnikaları olub
Füzuli rayonunun icra başçısı Alı Alıyevin bu yaxınlarda ərizəsi ilə işdən çıxan, daha sonra isə ölkədən qaçan «Aqrolizinq» ASC-nin rəhbəri Əli Bayramovla şərikliyi ortaya çıxıb. Icra başçısı ilə ASC rəhbərinin birgə işlətdiyi xeyli torpaq sahələri ilə yanaşı, həm də xeyli sayda kənd təsərrüfatı texnikaları da varmış.
Mənbənin bildirdiyinə görə, onlar Haramı düzündə minlərlə hektar ərazidə hər il taxıl əkirmişlər. Bu zaman əkin-biçində istifadə olunan texnika özlərinin olsa da, onun xərci dövlətin ayağına yazılırmış. Belə ki, «Aqrolizinq»in rəhbəri Füzulinin icra başçısının istifadə etdiyi texnika xarab olduqda onun ehtiyat hissəsi, yanacaqla və digər avadanlıqlarla təmin edirmiş. Və bunu hansısa yeni texnikanın xarab olması kimi sənədləşdirmək lazım gəlsə belə həyata keçirirmiş.
Əli Bayramovla Alı Alıyevin münasibətləri təkcə bununla bitmir və onların bir sıra başqa biznesləri də var. Onlar barəsində növbəti yazılarda bəhs olunacaq. Hələlik məlum olan odur ki, Alı Alıyev Bayramovun ölkədən qaçmasından ciddi şəkildə narahat olmağa başlayıb. Və onun «Aqrolizinq»i yoxlayan Hesablama Palatasının işin üstünü aça biləcəyindən ehtiyat etdiyi deyilir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.