Rusiya piarı və nəticəsiz sülh danışıqları

15-04-2016, 11:08   


Yaxud, «Qarabağı alırıq» təbliğatının arxasında nə dayanır?

Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib. Yeravanda Azadlıq meydanından başlayan mitinq-yürüş Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatıb. Təşkilatçılar Rusiyadan Ermənistanın müttəfiqi kimi öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyi, Ermənistanın milli maraqlarına hörmətlə yanaşmağı, Ermənistanın təhlükəsizliyinə təminat verməyi və Azərbaycana silah satışını dayandırmağı tələb ediblər.

Heç kimə sirr deyil ki, Rusiya bugünə qədər Ermənistana birmənalı dəstək verib. Qarabağın işğal edilməsi və bugünə qədər 20 faiz ərazinin Ermənistanın nəzarətində qalması da Rusiyanın xidmətidir. Eyni zamanda uzun illər ərzində Ermənistanı silah-sursatla Rusiya təmin edib və bu gün də ənənə davam edir. Qondarma erməni soyqırımı abidəsini ziyarət edən, Azərbaycanın düşməni Zori Balayanı təltif edən, Xocalı soyqırımını, 20 yanvar faciəsini törədən də Rusiyadır.


Cəbhədəki 3 günlük döyüşlər zamanı da Rusiya Ermənistanın yanında oldu. Belə ki, Rusiya mətbuatı birmənalı şəkildə Ermənistanı dəstəklədi və Azərbaycanı ittiham etdi. Həm də Azərbaycan tərəfini atəşkəsə məcbur edərək döyüşləri dayandırdı. Hansıki, ölkədə böyük həmrəylik yaranmışdı, milli ruh yüksək idi, orduya tam dəstək ifadə olundu və torpaqları azad etmək üçün ən əlverişli imkan yaranmışdı. Amma Rusiya bunun qarşısını aldı və yenidən “sülh danışıqları” adı altında məsələni uzatmağa başladı.

Amma bütün bunlara baxmayaraq Ermənistanda Rusiya əleyhinə aksiya keçirilir və işğalçı ölkənin vətəndaşları Rusiyadan daha artığını istəyirlər.

Bəs, Azərbaycanda nə baş verir. Artıq bir neçə gündür rəsmi təbliğat Rusiya piarı aparır. Bir hökumət mətbuatında Roqozinin təbliğatı aparılır, o birində Putinin, Medvedevin müsbət obrazı yaradılır, başqa birində hansısa Rusiyalı politoloqun “ilin sonuna qədər torpaqlar Azərbaycana qaytarılacaq” fikri tirajlanır. Yəni, bu qədər düşmənçiliyə baxmayaraq, Rusiyanın ermənipərəsliyi göz önündə olduğu halda “5-ci kolon” milli maraqları satmaqda davam edir. Bəli, Rusiyanın bu qədər xidmətindən yararlanan Ermənistanda etiraz aksiyası keçirilir, Rusiyanın xəyanətləri ilə üz-üzə qalan Azərbaycanda isə Putin rejiminin piarı aparılır.

Hansıki, danışıqlarda heç bir nəticə yoxdur, bütün təbliğat vaxt udmağa, gündəmi dəyişməyə xidmət edir. Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların bəzi detallarını açıqlayıb. Deyib ki, Qarabağ heç zaman Azərbaycanın tərkibində ola bilməz və bu fikir bütün sənədlərdə qırmızı xətlə keçir”.

Bəs, deyirdiniz sülh danışıqları məntiqi sonluğuna yaxınlaşır. Hanı bunun işartıları? Ermənistan Qarabağı qaytarmamaqda israrlıdır, Rusiya Madrid prinsiplərindən sallaşıb və konkret mövqe yoxdur.

Aydın şəkildə görünür ki, müəyyən vədlərlə ilin sonuna qədər vaxt qazanmaq və cəmiyyətdəki ovqatı söndürmək niyyəti güdülür. Eyni zamanda bu prosesdən Rusiyanı da sülhpərvər kimi çıxarmaq istəyirlər. Heç bir milli maraqdan, torpaqların azadlığından söhbət getmir. Uğursuzluqlarımızın səbəbkarı olan Rusiyanı mədh etməklə məşğuldular .

Azərbaycan xalqı da baş verənlərə biganə qalmamalıdır. Növbəti dəfə Rusiyanın başımıza çıxarılmasını, milli maraqların tapdaq edilməsini, Qarabağın alver predmetinə çevrilməsini və şəhidlərimizin qanının batmasını qəbul etməməliyik, buna etiraz bildirməliyik.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.