Pedro Aqramunt: “Azərbaycan hökuməti mənə verdiyi sözü yerinə yetirdi”; Səməd Seyidov: “Biz aqressorun sözü ilə oturub-dursaq, cinayətkarları cəzalandırmasaq, o zaman bu, heç vaxt müsbət nəticələr verməyəcək və həmişə faciə ilə bitəcək”
Qənirə Paşayeva: “İşğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq”
“Mart ayının əvvəlində Bakıya səfərim zamanı Azərbaycan hökuməti məni əmin etmişdi ki, bəzi məhbusların azad edilməsi üçün lazımi tədbirlər həyata keçirəcək. Mənə verilmiş söz geniş miqyasda yerinə yetirildi”.
APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 18-də başlayan yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib.
O, həmin şəxslərin azadlığa buraxılmasını alqışladığını bildirib: “Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində nümayiş etdirdiyi xoşməramlı jestdir”.
P.Aqramunt aprelin əvvəlində cəbhə xəttində baş vermiş gərginliyə toxunaraq bütün üzv ölkələri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmağa çağırıb: “Bu ayın əvvəlində Qarabağ bölgəsində yenidən zorakılıqlar şiddətləndi və bu da təmas xətti boyu mülki vətəndaşlar da daxil olmaqla, çoxsaylı insan itkisi ilə nəticələndi. Mən çoxsaylı insan tələfatı və zorakılıq əməllərinin baş verməsindən çox üzgünəm. Beynəlxalq birliyin atəşin dərhal kəsilməsinə dair çağırışlarından sonra bölgədə yenidən qeyri-sabit atəşkəs bərqərar olundu. Əminəm ki, hər iki tərəf bu gərginliyə son qoymaq üçün imkanlar yaratmalı, zorakılıqlara son qoymalı və atəşkəsə riayət etməlidir. Mən 47 üzv ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının zəruriliyini ifadə etmişəm. Həmişə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaya çağırmışam. Beynəlxalq hüquq münaqişələrin sülh yolu ilə həll edilməsinə imkan verən hüquqi normalar təklif edir”.
P.Aqramunt qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasına üzv olduqları vaxt üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və onları bir-birinə qarşı qoyan münaqişənin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirməlidirlər: “Təbii ki, Avropa Şurası bu münaqişənin birbaşa həllində ayrıca mandata malik deyil, amma bununla belə, əminəm ki, parlament diplomatiyası tərəflər arasındakı baxışların yaxınlaşdırılması istiqamətində öz yardımını göstərə bilər. Biz bu məsələdə dialoq aparmaya bilmərik və tərəflər arasında etimadın yaradılması üçün öz töhfəmizi verməliyik. Bütün münaqişələrin həllinin əsasında konstruktiv müzakirələr durur. Biz bu məsələni xüsusi prioritet kimi diqqətdə saxlamağa davam edəcəyik”.
AŞPA-nın yaz sessiyasında qurumun bürosu və daimi komitəsinin fəaliyyətinə dair hesabat ətrafında müzakirələr aparılıb.
Müzakirədə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamaqda ittiham ediblər.
Onlardan sonra söz alan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu ittihamlara cavab verərək Ermənistanın hərbi provokasiyaya yol verdiyini və bunun da məhz indi - Azərbaycanın Avropa qurumları ilə yaxınlaşdığı bir vaxtda baş verməsinin təsadüf olmadığını söyləyib: “Buradakı çıxışlarda da qeyd olundu ki, son vaxtlar Azərbaycanda bir çox irəliləyiş baş verib. QHT-lərin fəaliyyətindən bütün məhdudiyyətlərin götürülməsi, liberal-iqtisadi islahatlar və Azərbaycanla Avropa arasındakı münasibətlərin güclənməsinə xidmət etmiş digər addımlar davam etdirilməkdədir. Bu, Azərbaycanın Avropa Şurasındakı gələcəyi üçün də çox vacib faktordur. Amma bilməlisiniz ki, Ermənistanın Azərbaycana qarşı apardığı cinayət xarakterli hərbi provokasiyasının vaxtı təsadüfən seçilməyib. Azərbaycan Qərb dünyası ilə yeni sıx əlaqələrin qurulması istiqamətində çalışdığı bir vaxtda, Azərbaycanda liberal islahatlara, insan hüquqları və demokratiyaya qapıların açıldığı bir vaxtda bizim ölkəyə qarşı belə bir hərbi provokasiya baş verir. Əminəm ki, biz aqressorun sözü ilə oturub-dursaq, cinayətkarları cəzalandırmasaq, o zaman bu, heç vaxt müsbət nəticələr verməyəcək və həmişə faciə ilə bitəcək.
Assambleyanın yanvar sessiyasında təklif olunan hesabat qəbul olunsaydı, bütün bunlar baş verməzdi. Amma hesabat qəbul edilmədi və çox təəssüf ki, erməni militarizmi qarşısında bir növ, qapılar açıldı. Etnik təmizləmə isə Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində aparılıb.
Hazırda Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə bir azərbaycanlı da yaşamır, o cümlədən Ermənistanda da. Amma bizdə indi də 30 mindən çox erməni yaşayır və bütün bu provokasiyaların yalnız bir məqsədi var, bu da azərbaycanlılarla ermənilər arasındakı uyğunsuzluğu göstərməkdir. Amma belə deyil, biz hər zaman sülh tərəfdarı olmuşuq və mən təklif edirəm ki, azərbaycanlı, erməni həmkarlarımız bir yerdə masa arxasında otursunlar, o cümlədən Dağlıq Qarabağda yaşayan erməniləri və Dağlıq Qarabağdan qovduqları azərbaycanlıları da burada, Avropa Şurasında hamımız bir araya gətirib, qanlı münaqişədən sülh çıxış yolunu tapaq".
***
Musavat.com xəbər verir ki, millət vəkili Qənirə Paşayeva AŞPA-da “Büronun İnkişaf qətnaməsi”nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı ittiham dolu çıxış edən Samvel Farmanyana sərt cavab verib.
O deyib: “Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməliyik onlardan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əleyhinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm.
Mən sizlərə işğalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Turanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və son günlərdə ön cəbhədə Ermənistan hərbiçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülki Azərbaycanlı ailənin çağırışlarını səsləndirmək istəyirəm.
Aprel ayında Ermənistan atəşkəsi pozaraq mülki azərbaycanlıları, kəndlərı hədəfə alaraq bir neçə mülki vətəndaşı qətl etmiş, çoxlu sayda evləri dağıtmışdır. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına burada çıxış edən Farmanyan təəssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətllərə səssiz qalaraq həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışırlar.
Ermənistan ordusu 2 apreldən başlayaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən atəşkəsi pozaraq Azərbaycan torpaqlarına saldırdı.
Bunu xüsusilə bilmənizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu çatışmada mülki insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri, hərbiçiləri öz torpaqlarını qoruyurdu.
Bəs Ermənistan əsgər və hərbiçiləri orada nə gəzirdi. Soruşun Farmanyandan ki, sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi var idi?
Mən burda sizin yanınızda soruşuram. Cavab versin görək nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərək hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir.
Mən Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq".
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muijnieks 2015-ci il üçün fəaliyyəti haqqında AŞPA qarşısında hesabatla çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, sonra komissar assambleya üzvlərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva komissara aşağıdakı sualı ünvanlayıb: “Bizim AŞPA-dakı nümayəndə heyətimiz Ermənistanın cəbhə bölgələrində mülki Azərbaycan vətəndaşlarına qarşı təxribatları ilə bağlı sizə müraciət göndərib. Ön cəbhədə baş verən son hadisələr zamanı Azərbaycan beynəlxalq hüquq normalarına, beynəlxalq humanitar normalara tamamilə uyğun şəkildə həlak olanların cəsədlərinin dəyişdirilməsinə əməl etdi. Amma biz Azərbaycana geri verilən hərbçilərinin cəsədlərinə qarşı Ermənistan tərəfindən həyata keçirilən qeyri-insani əməlləri, cinayətləri gördükdə şoka düşdük. Bizim əlimizdə Ermənistanın həyata keçirdiyi bu qeyri-insanı əməlləri, cinayətləri sübut edən çoxlu fotolar var. Sizin insan haqları komissarı kimi Ermənistan silahlı qüvvələrinin bu cinayətlərinə münasibətinizi bilmək istərdik”.
N.Muijnieksin cavabı belə olub: “Dağlıq Qarabağ münaqişəsinə və sizin qeyd etdiyiniz insan hüquqları pozuntularına gəldikdə, mən də bundan çox narahatam. Münaqişə baş verdikdə, alovlandıqda insan itkiləri olur, insan hüquqları pozulur və mən bu münaqişədə insan itkilərinə çox üzgünəm. Mən bütün tərəfləri gərginliyə son qoymağa, zorakılıqdan əl çəkməyə və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə yaxından əməkdaşlığa, humanitar hüquqa əməl etməyə çağırıram. Burada təbii ki, bizim diqqətimizi çəkən başqa bir məsələ də itkin düşmüş insanlardır. Vaxt uzandıqca bu məsələləri də araşdırmaq bir o qədər çətin olur. Çünki vaxt keçdikcə, bu məsələlərdə şahidləri tapmaq çətinləşir.
Düzdür, qeyd etdiyiniz məsələlər haqqında mənə müraciətlər daxil olub, bu, çox ciddi məsələdir və mənim üçün də bu haqda şərh vermək olduqca çətindir. Çünki bu münaqişə zamanı yerlərdə çox az beynəlxalq müşahidəçilər fəaliyyət göstərib. Bununla belə, sizin narahatlığınızı çox yaxşı anlayıram və bu məsələləri diqqətdə saxlamaq üçün bütün tərəflərlə təmaslarımı davam etdirirəm”.