Abbas Abbasov: “Azərbaycan 200 ildə Rusiyanı heç vaxt satmayıb...”

27-05-2014, 16:00   
Abbas Abbasov: “Azərbaycan 200 ildə Rusiyanı heç vaxt satmayıb...”
Baş nazirin keçmiş I müavini, Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun bir gün əvvəl Moskvada “Azərbaycanlıların Rusiya tarixində rolu” adlı elmi konfransdakı çıxışı yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, A.Abbasov rus və Azərbaycan xalqlarını əslər boyu qarşılıqlı münasibətlərin bir-birinə bağladığını deyib.

“Mən vaxtilə bu tarixi yaradanlara, yəni əcdadlarımıza, bütün qəhrəmanlarımıza təşəkkür etmək istərdim. Onlar bizə çox yaxşı irs qoyub gediblər - dostluq, hörmət, öz qonşularını sevmək, dinindən asılı olmayaraq dostlarını sevmək” - deyə o bildirib.

A.Abbasov təəssüflə əlavə edib ki, Vladimir Jirinovski kimi iki xalq arasına dostluğa zərbə vurmaq istəyənlər də var: “Onun bütün fəaliyyəti sülhə və barışığa yox, düşmənçiliyə yönəlib”.



Baş nazirin keçmiş I müavini Jirinovskinin Azərbaycana qarşı çıxışlarına görə ondan Rusiya Prezidenti Administrasiyasına, Dövlət Dumasına şikayət etdiklərini xatırladıb: “Biz bu işi sona çatdıracağıq. O, başa düşməlidir ki, hər insan üçün müqəddəs olan milli hisslərə toxunmaq olmaz. Biz başqa millətlər kimi öz milli hisslərimizi sevirik və hörmət edirik”.

Daha sonra A.Abbasov Qarabağ məsələsinə toxunub. O deyib ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllində Rusiyadan ardıcıl addımlar gözləyir: “Axı Rusiya Azərbaycanın yaxın, böyük, qüdrətli qonşusudur”

“AzerRos” rəhbəri daha sonra bildirib: “Bizim böyük ümumilli liderimiz Heydər Əliyev Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması kursunu müəyyən edib və biz bu yolla gedirik. Bu gün Azərbaycan prezidenti İlham Heydəroviç Əliyev də Qarabağ məsələsinin sülh yolu ilə həllinə tərəfdardır”.

Abbas Abbasov çıxışında Heydər Əliyevlə birgə işlədiyi dövrləri də xatırlayıb. Onunla 12 il bir yerdə olduğunu deyən A.Abbasov H.Əliyevin böyük insan, siyasətçi, diplomat, böyük azərbaycanlı olduğunu bildirib: “Heydər Əliyeviç genetik baxımdan şahmatçı idi və öz ağlı sayəsində siyasi arenada daha güclü rəqibinə qalib gələ bilirdi. Lakin Heydər Əliyev heç vaxt öz üstünlüklərindən istifadə etmirdi, olduqca təmiz və dürüst adam idi. O, təkcə Azərbaycan xalqının deyil, eyni zamanda dünyanın tarixində yüksək səviyyəli siyasətçi kimi qaldı”.

A.Abbasov Azərbaycanın güclü orduya, ən müasir silahlara malik olduğunu deyərək bildirib ki, Qarabağ məsələsini hərb yolu ilə həll etmək problem deyil: “Azərbaycan xalqı bir saniyə də olsun unutmur ki, öz torpaqlarını qaytarmalıdır. Əgər ölkə rəhbəri çağırışla çıxış etsə ki biz silahlanıb öz vətənimizi müdafiə edək, o zaman heç kimdə şübhə olmasın ki, biz gedib öz ölkəmizi müdafiə edəcəyik, torpaqlarımızı qaytaracağıq”.

“AzerRos” rəhbəri Rusiyanın onun üçün təkcə Azərbaycanın qonşusu deyil, 1 milyondan çox azərbaycanlının yaşadığı ölkə olduğunu bildirib.

Ukrayna mövzusuna toxunan A.Abbasov bildirib ki, o, Putinin ksenofobiyaya və neonasizmə qarşı sərt çıxışından sonra Rusiya prezidentini müdafiə edib: “Ancaq təəssüf ki, mən digər milli muxtariyyətlərdən və ictimai təşkilatlardan Vladimir Putinin sözlərinə dəstək görmədim”.

A.Abbasov konfransın gedişində Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırda - Qərblə Rusiya arasında qarşıdurmanın yaşandığı bir vaxtda necə olduğu barədə məsələnin qaldırıldığını xatırladıb: “Mən böyük siyasətə girmək istəmirəm, çünki bu, mənim indiki səlahiyyətlərimə daxil deyil. Demək istəyirəm ki, Azərbaycan bizim xalqlarımızın 200 illik ortaq tarixi boyu heç vaxt Rusiyanı satmayıb. Və Azərbaycanın bugünkü rəhbəri İlham Heydəroviç tərəfindən yürüdülən siyasət də bir daha təsdiq edir ki, Azərbaycan Rusiyanı özünün ən sadiq dostlarından və strateji tərəfdaşlarından biri hesab edir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.