Ziya Məmmədovun sensasiyalı müsahibəsi

28-05-2014, 11:20   
Ziya Məmmədovun sensasiyalı müsahibəsi
Nəqliyyat naziri Ziya Məmmədov qardaşı oğlu Aynar Məmmədovun “Yeni Müsavat”ın müxbiri Fərahim İlqaroğlunu döydürməsi məsələsi ilə bağlı “Unikal” qəzetinə müsahibə verib.

Z.Məmmədov Fərahim İlqaroğlunun döyülməsinə, bu işin sifarişçisinin Aynar Məmmədov olmasına dair suallara cavabında indiyədək məlum olmayan bəzi faktları açıb, sensasiyalı açıqlamalar verib və ilginc etiraflar edib.

Müsahibəni təqdim edirik:

- Ziya müəllim, sizin və qardaşınız oğlu Aynar Məmmədovla bağlı gedən informasiyalar barədə yəqin ki, məlumatlısınız.

- Bəli. Xəbərim var.

- Maraqlıdır, Aynar Məmmədovun jurnalisti nə üçün döydürtdüyü sizə məlumdurmu? Ola bilərmi ki, Aynar Məmmədov barənizdə yazılanlara görə jurnalisti döydürsün?

- Belə bir şey yoxdur. Ümumiyyətlə, nə Ziya Məmmədov, nə də Ziya Məmmədovun ətrafındakı adamlar jurnalist döydürməz. Bunların heç bir əsası yoxdur.

- Axı “Yeni Müsavat” qəzetinin əməkdaşını döydürən Tural Bayramov Aynar Məmmədovun dostudur?

- Aynarın o məsələlərə heç bir aidiyyəti yoxdur.

- Bəs Aynar Məmmədov niyə istintaqa çağırılıb?

- Xeyr. O, istintaqa çağırılmayıb.

- Mətbuatda da məlumat verildi ki, DİN-ə çağırılıb və ifadə verib...

- Hər bir kəs istintaqa ifadə verə bilər.

- Onda belə çıxır ki, Tural Bayramov Aynar Məmmədovun sifarişi ilə jurnalisti döydürtdürüb ki, buna görə istintaqa çağırılıb?

- Xeyr. Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançını kimlərsə Aynarın adını yazmağa məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və videogörüntülərin də bir çoxu kollajdır. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda cənab prezidentə xidmət edirəm.

- Əgər dövlətə, dövlətçiliyə, və prezidentə sadiqsizsə, sizə qarşı niyə kampaniya aparırlar?

- Bilmirəm. Amma yenə də deyirəm, bütün bunların mənə aidiyyəti yoxdur. Yazılanların da əksəriyyəti doğru deyil /Musavat.com/.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.