Azərbaycan hakimiyyətinin üst qatında daxili ziddiyyətlər kəskinləşərək yenidən özünün idarəolunmaz halına dönüşməkdədir. Üzdən hər şey sakit və birinci şəxsin nəzarəti altındaymış kimi görüntü yaratsa da, 24saat.org-a daxil olan məlumatlar bu görüntünün aldadıcı olduğunu düşünmək üçün əsaslar verir.
Hakimiyyətin üst qatından sızan məlumatlara inansaq, hazırda Azərbaycan siyasi elitasında indiyə qədər görünməmiş çaxnaşma və gərginlik yaşanmaqdadır. Bu gərginliyin əsasında isə Prezident Adminstrasiyası (PA) rəhbəri, Kremlin ölkəmizdəki əsas dayaqlarından sayılan Ramiz Mehdiyevlə son illər iqtisadi qüdrətini həm də siyasi gücə çevirməyi bacarmış Paşayevlər komandası arasındakı ziddiyyətlər durur.
Qərbə tam inteqrasiya olmasa da, Qərblə normal münasibətlərin qurulması tərəfdarı kimi çıxış edən Paşayevlər Mehdiyev faktoru ilə üz-üzədir. Mehdiyevin gücdən düşməsi, artıq proseslərdən kənarlaşması haqda dezinformasiyalar ölkə mediasında nə qədər populyar olsa da, fakt faktlığında qalır. Ki, PA rəhbəri bu gün idarəçilikdə mühüm rola və çəkiyə malikdir. Usta siyasətçi və kombinator hesab edilən Ramiz Mehdiyevin nüfuzlu iqtidar mənsublarından bəzilərini də düşərgəsinə qatma bilməsi ilə onun gücünü nəzərəçarpacaq dərəcədə artırıb.
Məlumata görə, son zamanlara qədər özünü Paşayevlər komandasının üzvü də olmasa, həmin düşərgəyə yaxın adam kimi təqdim edən fövqəladə hallar naziri Kamaləddin Heydərov belə Ramiz Mehdiyevin səfində yer almaq zorunda qalıb. Düzdür, cənab Heydərovun bunu canı-dildən etmədiyi, bilmədiyimiz hansısa səbəb üzündən Ramiz Mehdiyevlə anlaşmaq zorunda qaldığı deyilir. Hər halda o, Paşayevlərə qarşı çıxmağın, həm də Mehdiyev komandasında olaraq bunu etməyin hansı fəsadlar verə biləcəyini hesablamamış deyil. Bununla belə, K.Heydərovun artıq Paşayevlərdən uzaqlaşaraq Mehdiyevin siyasi komandaslında təmsilçiliyi reallıqdır.
Daxil olan məlumatda iddia olunur ki, Paşayevlər baş verənlərdən xəbərdardır və gözlənilməz Mehdiyev-Heydərov ittifaqına qarşı uğurlu sayıla biləcək plan işləməyi bacarıblar. Belə ki, sözügedən ittifaqa qədər bütün səlahiyyətləri faktiki olaraq əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən çıxardılması gözlənilirdi. Amma gözlənilmədən K.Heydərovun cinah dəyişdirməsi Paşayevləri planda cüzi dəyişiklik etməyə vadar edib. Belə ki, Ziya Məmmədovun vəzifədən çıxarılması qeyri-müəyyən vaxta qədər ertələnib və lazım gələcəyi təqdirdə nəqliyyat nazirindən K.Heydərova qarşı istifadə olunması nəzərdə tutulub.
Başqa sözlə, Ziya Məmmədov hazırda paşayevlərin əlində “girov”dur və ondan Mehdiyev-Heydərov ittifaqına qarşı istifadə etmək düşünülür. Amma bu istifadənin hansı formada olacağı bəlli deyil.
Faiq Lətifov