Əfvlə azadlığa çıxan Bəxtiyar Məmmədov onu tutduran və indi həbsdə olan Şahin Sultanovla bağlı materiallar açıqlayacağını dedi
Ötən gün prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan 170 nəfərin arasında hüquq müdafiəçisi, “İnamla Hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov da var.
Onu 2011-ci il dekabrın 30-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun şikayət ərizəsi əsasında həbs etmişdilər. Hüquq müdafiəçisi həbs olunan günə qədər Dövlət Bayrağı Meydanı ətrafında aparılan yenidənqurma işləri ilə əlaqədar evləri sökülən HDQ hərbçilərinin hüquqlarını müdafiə edir, hərbçilərə çatacaq kompensasiyanın Ş.Sultanov tərəfindən mənimsənildiyini bildirirdi.
Suallarımızı əfv fərmanı ilə azadlığa çıxan B.Məmmədov cavablandırır:
- Həbsdə olarkən özümə, ailəmə dəstək verən, arxa olan hər kəsə təşəkkür edirəm.
- Azad ediləcəyinizi gözləyirdiz?
- Əlbəttə. Günahsız həbs edilmişdim deyə gözləyirdim. Azad edilməyimdə rolu olan hər kəsə də təşəkkür edirəm.
- Həbs ediləcəyinizi necə, gözləyirdiz?
- Mənə qarşı başlanan kampaniyanın həbsimlə nəticələnə biləcəyini təxmin etmişdim. Bilirdim ki, hüquqlarını müdafiə etdiyim hərbçilərin haqqını tapdayan, onlara çatacaq milyonları mənimsəyən sıradan şəxslər deyil. Mənə təzyiqlər vardı ki, geri çəkilim. Sonunda ədalətin bərpa ediləcəyinə də inanırdım. Bu gün də o fikirdəyəm ki, hüquqları pozulan insanların mübarizə aparması yetər ki, öz haqq etdiklərinə sahib olsunlar.
- Qarşı tərəf kim idi?
- Şahin Sultanov, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı. Bilirsiniz ki, Bayraq Meydanı ətrafında Hərbi Dəniz Qüvvələri hərbçilərin evləri plana düşmüşdü. O zaman hərbçilər bir çox ünvanlara müraciət edib onlara çatacaq kompensasiyanın ödənmədiyini söyləmişdilər və kömək istəmişdilər. Lakin onlara əməli kömək edən olmamışdı. Həmin dövrdə bir hüquq müdafiəçisi kimi mənə müraciət etdilər və mən məsələni ictimailəşdirdim. Bundan sonra Şahin Sultanov və onun ətrafından mənə hədələr, təzyiqlər başladı. Həbslə hədələndim. Sultanov və ətrafı hərbçilərə çatacaq kompensasiyanı verməmək üçün məni susdurmaq istəyirdilər.
- Həmin dövrdə Şahin Sultanovla görüşmüşdüz?
- Xeyr, bizim görüşümüz olmayıb. O hüquq mühafizə orqanlarına qondarma bir məktub yazmışdı ki, güya ondan hədə-qorxu ilə pul tələb etmişəm. Lakin aparılan araşdırmalar göstərdi ki, nə mən onu, nə də Şahin Sultanov məni tanımır. Əgər bir-birimizi tanımırıqsa, mən ona necə hədə-qorxu gələ bilərdim?
- Həbsinizdən sonra ailənizə də təzyiqlər vardı?
- Bəli, həbsimdən sonra Şahin Sultanov Hərbi Dəniz Qüvvələrində xidmət edən qızımı ali təhsilli olmasına baxmayaraq məcburi qaydada N saylı hərbi hissəyə dəftərxana işçisi kimi göndərmişdi. Bu işdə Yunis Məmmədovla Natiq Əsgərovun da xüsusi rolu olmuşdu. Hələ bununla da ürəkləri soyumamışdı, üstəlik orada da qızıma təzyiqlər davam etmişdi. Çoxsaylı şikayətlərimizdən sonra qızımı digər hərbi hissəyə göndərdilər.
- Həbsinizdən sonra hüquqlarını müdafiə etdiyiniz şəxslərdən sizə, ailənizə baş çəkənlər oldumu?
- Sağ olsunlar, məni və ailəmi tək buraxmadılar.
- Hüquqları pozulan hərbçilərin müdafiəsini davam etdirəcəksiz?
- Haqq sözünü deməkdən çəkinməyəcəyəm, haqq yolunda mübarizəmi davam etdirəcəyəm.
- Planlarınız necədir?
- Bir qədər sonar hüquq müdafiəçisi kimi aktiv fəaliyyətə qayıdacağam.
- Şahin Sultanovun həbs edilməsi xəbərini harada eşitdiz?
- Həbsxanada. Orada bunu mənə deyəndə soruşdular ki, inanırdın ki, onu həbs edərlər? Cavab verdim ki, hə. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra atdığı addımlar məndə belə bir fikir oyatmışdı ki, ordudakı naqisliklər aradan qaldırılacaq. Şahin Sultanovun işdən çıxarılacağını gözləyirdim. Düşünürdüm ki, bundan sonra mənim şərlənərək həbsə alınmağım yenidən araşdırılar və günahkar kimi o da cəzasını alar.
- Sizin məhbus Şahin Sultanova sözünüz, arzunuz varmı?
- Allah qapısını açsın. Dövlətin malını yeyib dağıtmaq haramdır. Həmin pullar Azərbaycan xalqınındır. O, ölkə başçısının etimadını doğrultmadı. Mən onun vəkili Adəm Məmmədovla qarşı-qarşıya oturub mətbuat konfransı keçirməyə hazıram. Sübut edəcəyəm ki, Şahin Sultanov Dövlət Bayrağı Meydanı ətrafında söküntü işlərinə öz şəxsi maraqlarından çıxış edərək birbaşa rəhbərlik edib. Əlimdə o Türkiyədə olarkən onunla sabiq qərargah rəisi Yunus Məmmədovun söküntü-dağıntı işləri haqda danışığını sübut edən dəlillər də var. Bundan başqa, Şahin Sultanovun hüquqlarını müdafiə etdiyim Emin Əzizovun özünə, ailəsinə təzyiq etməsi haqda video da var. O həmin vaxt Emin Əzizovdan, ailəsindən tələb edirdi ki, 10 min manatı götür, evindən çıx.
Halbuki Emin Əzizova da, orada yaşayan digər hərbçi ailələrinə də 70-80 min manat kompensasiya ödənməli idi. Bundan başqa, HDQ vəzifəlisi Cabbar Qəmbərovun əsgərlərə qanunsuz əmr verərək hüquqlarını müdafiə etdiyim hərbçilərin evlərini, hasarlarını sökdürməsi əks olunan video da var. Şahin Sultanova, onun kimi vəzifə olub haqsızlıq edənlərə bir sözüm var – haqq nazilər, üzülməz. Edəcəyiniz gec tez qarşınıza çıxacaq. Bunu Şahin Sultanovun qismində hər bir vəzifəli görsün. Bilsin ki, insanları şərləməklə, həbs etdirməklə, haqqını yeməklə, ailə-uşağına uşağına təzyiq etdirməklə əldə olunan dünya malı azadlıq deyilən şirin nemətin yerini verə bilməz. Məmurlar onlara göstərilən etimaddan sui-istifadə etməsinlər, ədalətli, adil, gözütox olsunlar.
Xatırladaq ki, bu il aprelin 23-də Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Vitse-admirala Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.