Rusiya Suriyadakı prezident seçkiləri ərəfəsində bu ölkənin 46.3 milyon dollarlıq dövlət borcunun silinməsinə dair qərar verib.
Bu barədə Dəməşqə səfər edən Rusiya hökumət nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Dmitri Roqozin bildirib. Məlum olub ki, Suriyanın 46.3 milyon dollarlıq dövlət borcunun silinməsinə dair sərəncamı baş nazir Dmitri Medvedyev aprelin 30-da imzalayıb. “Kommersant” qəzetinin məlumatına görə Rusiya həmçinin Bəşər Əsəd rejiminə sosial ehtiyacların ödənilməsi üçün 240 milyon dollar verməyə hazırlaşır.
Rusiyanın Əsəd rejiminə hərbi və maliyyə dəstəyi verdiyi bir vaxtda Birləşmiş Ştatlar da müxalifəti silahlandırır. “The Wall Street Journal” xəbər verir ki, prezident Barak Obama Amerika hərbçilərinin Əsədə qarşı döyüşmək üçün “mötədil müxaliflərə hazırlıq keçməsinə” icazə verməyə yaxındır. Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin bir il əvvəl başlatdığı “Azad Suriya Ordusu”una texniki-təlim dəstəyinin verilməsi proqramının davamı olacaq. Hazırda Bəşər Əsəd qüvvələri müxalifləri xeyli sıxışdıra bilib. Həmçinin başkəsənlərdən ibarət radikal qruplaşmalar mötədil müxaliflərin mövqelərinin əksəriyyətini ələ keçirib.