Siyavuş Novruzov yenə çaşdı

6-05-2016, 09:15   
Siyavuş Novruzov yenə çaşdı
YAP-çı deputat hələ də dövlət maraqları ilə hakimiyyət maraqlarını fərqləndirə bilmir

Yaptokratiyanın “xüsusi təyantlı” əsgərlərindən olan Siyavuş Novruzov yenə də “mükəmməl” fikirlər söyləyib. Aprel ayında cəbhədə baş verənlərə münasibət bildirən yapçı deputat ənənəyə sadiq qalaraq yenə də AXCP-yə şər atmağa imkan tapıb. Millətimizin vəkili deyib ki, AXCP-ni çıxmaq şərtiylə bütün siyasi təşkilatlar orduya dəstək verdilər, həmrəylik nümayiş etdirdilər, ərazi bütövlüyünü təmin etməyə hazır olduqlarını bildirdilər.

Əlbəttə, millətə vəkillik etmək eşqinə düşən bir adam üçün bu qədər ağ yalan danışmaq biabırçılıqdır. Amma bu adamlar çoxdandır ki, utanmaq hissini, abır-həyanı, həqiqətə xidmət duyğusunu itirdikləri üçün asanlıqla istənilən yalanı danışa bilirlər. Yəni xalqdan mandat almayan adamların xalqa yalan danışması çətin deyil.


Cəbhədəki 3 günlük müharibə və bu müharibəyə AXCP-nin reaksiyası hamının yadındadır. Bu gün də istənilən adam mətbuat səhifələrindən tutmuş, AXCP sədri Əli Kərimlinin “facebook” səhifəsinə qədər müxtəlif mənbələrdən AXCP-nin hansı mövqe sərgilədiyini öyrənə bilər.

Bir daha xatırladırıq ki, cəbhədə döyüşlər başlayanda orduya ilk dəstəyi AXCP sədri Əli Kərimli verdi. O, öz “facebook” səhifəsində orduya birmənalı dəstək verdiyini, bu məsələdə həmrəyliyin vacibliyini vurğuladı, hətta müharibə getdiyi müddətdə hökumətin addımlarını, ordudakı çatışmazlıqları tənqid etməyəcəyini bildirdi. Və bütün ölkə bu səmimiyyəti, bu vətənədaş mövqeyini yüksək qiymətləndirdi. Sonradan hökumət birtərəfli atəşkəs elan edəndə Əli Kərimli bunun yanlış olduğunu və yaranmış fürsətin düzgün dəyərləndirilmədiyini bildirdi.

Amma hökumət üçün Qarabağ məsələsi prioritet olmadığından dövlətin maraqları arxa plana atıldı və Əli Kərimliyə qarşı iyrənc kampaniya start götürdü. YAP-ın dirijorluğu ilə Əli Kərimlinin evinin qarşısında aksiyalar təşkil edildi, Əli Kərimlinin müharibə çağırışına etiraz bildirildi.

Amma nəticə göstərdi ki, Əli Kərimli haqlı imiş və danışıqlar heç bir nəticə vermir. Ardınca aprelin sonunda yenidən cəbhədə atəşkəs pozuldu və 200-dən artıq ev dağıdıldı, dinc əhali düşmən gülləsinə tuş gəldi, hərbçilərimiz şəhid oldu.

Bu qədər təkzibolunmaz faktlardan sonra AXCP-ni orduya dəstək verməməkdə ittiham etmək üçün insanlıqdan imtina etmiş olmalısan. Əksinə, Əli Kərimli orduya dəstək verdiyinə görə hədəf seçildi. Orduya dəstək verməyən adam necə ordunu müharibəyə səsləyə bilərdi, fürsəti qələbəyə çevirmək çağırışı edərdi?

Görünür, YAP hakimiyyəti üçün vətənpərvərlər, həmrəylik dəstəsi, orduya dəstək verənlər “5-ci kolon”un nümayəndələri, Rusiyanın köləsinə çevrilənlərdi.

100-dən artıq hərbçimiz şəhid olub, 200-dən artıq ev xarabalığa çevrilib, 16 mülki vətəndaş həlak olub və yenə də hökumət şəxsi maraqlardan çıxış edir. Ermənistan prezidenti müxalifətin liderinin ayağına gedir, Azərbyacan hökuməti isə müxalifət liderini haqlı mövqeyinə görə ayaqlamaq istəyir.

Yeri gəlmişkən, cəbhədəki döyüşlər həm də onu göstərdi ki, hərbi xidmət keçənlər, bu gün də döyüşməyə hazır olanlar demokratik düşərgənin nümayəndələridi. Bu döyüşlər zamanı hansısa icra başçısının, komitə sədrinin, deputatın, nazirin oğlunun hərbi xidmətdən çəkilmiş fotolarını, döyüşə getmək arzusunu görmədik. Amma cəbhəçilər bu 3 günlük döyüşün hər anında ortaya mövqe qoydular, könüllü cəbhəyə getmək istədiklərini bəyan etdilər.

Sadəcə olaraq hökumət AXCP-ni yeganə alternativ kimi gördüyü üçün hər məqamda onu ləkələməyə, partiyanı nüfuzdan salmağa çalışır. Normal hökumət yaranmış vəziyyətdəki mövqeyinə görə müxalifət partiyasına, onun liderinə təşəkkür etməliydi.

Amma indi internet əsridir və yalanların ömrü çox qısa olur. Cəmiyyətin Əli Kərimliyə münasibəti də, Əli Kərimlinin evinin qarşısına gedən adamlara nifrəti də, bu adamları bura göndərənlərə lənəti də aydın göründü.

Bir daha aydın oldu ki, cəmiyyətdəki həmrəylik, milli ruh, ordunun döyüş əzmi yalnız hökuməti razı salmayıb. Məhz buna görə orduya dəstək aksiyası keçirənlər polisə çağırıldı, hədələndi, təhqir olundu və s.

Bir sözlə, cəbhədəki döyüşlər zamanı xalqla həmrəy olmayan, ərazi bütövlüyünün təmin olunması üçün cəhd göstərməyən təkcə YAP oldu. Siyavuş Novruzov isə təmsil olunduğu partiyanın biabırçı mövqeyini AXCP-yə transfer eləmək istəyir. Amma artıq gecdir, bu hökumət etimad limitini bitirib və öz dediklərinə özləri də inanmır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.