Azərbaycan referendum ideyasından çəkilir – “sıfır variantı” anonsu

6-05-2016, 09:17   
Azərbaycan referendum ideyasından çəkilir – “sıfır variantı” anonsu
Qarabağdakı 4 günlük müharibənin siyasi diktəsi; Sülh prosesini konstruktiv məcraya yönəltmək üçün Bakı unikal fürsətə malikdir; separatçı qurumun tanınması ətrafında gedən oyunların daha bir pərdəarxası; işğalçı aprel məğlubiyyətindən sonrakı ilk danışıqlardaca Azərbaycanın iradəsini görməlidir, əks halda...
Apreldəki 4 günlük savaşdan sonra Qarabağ konflikti ətrafında qeyri-müəyyənlik davam edir. Azərbaycandan ciddi hərbi zərbə yeyən və yeni situasiya ilə heç cür barışmaq istəməyən Ermənistan sülh danışıqlarında zəif görünməmək naminə dəridən-qabıqdan çıxmaqda, müxtəlif önləyici vasitələrə əl atmaqdadır. Absurd şərtlərin irəli sürülməsi, Rusiyaya qarşı etiraz aksiyaları, separatçı rejimi tanımaqla bağlı şantaj-hədələr şübhəsiz ki, danışıqlar masası arxasında Azərbaycandan zəif görünməməyə hesablanmış gedişlərdir.

Belə vəziyyətdə Azərbaycanın beynəlxalq hüquqa söykənən qəti mövqe ilə irəli çıxması çox vacibdir. Bu xüsusda srağagün xarici işlər naziri Elmar Məmmədyarovun Çexiyada “Vişeqrad qrupu” (V 4) və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə etdiyi çıxış kifayət qədər prinsipiallığı ilə diqqət çəkir.

Çıxışında beynəlxalq birliyin ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini deyən nazir ardınca söyləyib: “Sülh və sabitlik üçün yol xəritəsi aydındır və o, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan öz ərazi bütövlüyünü güzəştə getməyəcək. Münaqişənin həlli BMT-nin 4 məlum qətnaməsi əsasında təmin olunmalı, Ermənistanın işğalçı qüvvələri BMT TŞ-nin qətnamələrində tələb olunduğu kimi, dərhal və qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş ərazilərdən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir”.



E.Məmmədyarovun son açıqlaması əslində Bakının Dağlıq Qarabağın statusu məsələsində hara qədər güzəştə gedəcəyini aydın göstərir - güzəşt Azərbaycanın ərazi bütövlüyü hesabına olmayacaq! Nazirin “Ermənistanın işğalçı qüvvələri BMT TŞ-nin qətnamələrində tələb olunduğu kimi, dərhal və QEYD-ŞƏRTSİZ (seçdirmə bizimdi - S.S.), tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır” ifadəsi qənaətimizi gücləndirir.

* * *

O da diqqətçəkicidir ki, baş diplomatımızı çıxışında ilk dəfə olaraq öz müqəddəratını təyinetmə prinsipini də özündə ehtiva edən “Madrid prinsipləri”ndən söz açmayıb. Başqa sözlə, Bakı bununla bir növ anons verir ki, Dağlıq Qarabağın yekun statusu məsələsində referendum ideyasından çəkilə bilər. Yəni söhbət “sıfır variantı”na qayıtmaqdan - muxtariyyətdən gedir.

Azərbaycan Konstitusiyasına görə də ölkənin ayrıca götürülmüş hissəsində referendum keçirilə bilməz. Ölkə miqyasında Qarabağa dair keçiriləcək referendumun nəticəsi isə bəri başdan bəllidir - xalq təbii ki, öz ərazi bütövlüyünü dəstəkləyəcək. Eləcə də köçkünlər geri qayıtsa belə, Qarabağda reallaşacaq referendumun nəticəsi indidən məlumdur - erməni əhali ayrılmağa səs verəcək. Bu üzdən birinci halda erməni tərəf, ikinci halda isə Azərbaycan referenduma razılıq verməyəcək. O zaman boş yerə vaxt itirməmək üçün bu ideyanı gündəmdən birdəfəlik çıxarmaq məqbul olmazıdımı?

Əslinə qalsa, Ermənistanda aprel savaşından sonra separatçı qurumu tanımaqla bağlı gedən oyunlar, Azərbaycanın, həmsədr ölkələrin tanınma ilə şantaj edilməsi həm də referendum ideyasını (təbii ki, erməni variantında) gündəmdə saxlamağa yönəlib. Ermənilərin yəqin qulağına çatıb ki, Azərbaycan 4 apreldən sonra “öz müqəddəratını təyin etmə” prinsipindən imtina edə bilər.

Ermənistanın özü isə əlbəttə ki, birtərəfli qaydada tanınmaya getməz. Əks halda, bu, siyasi intihar demək olardı. Rusiya da bunu istəmir və son olaraq xarici işlər naziri Sergey Lavrov eyni mövqeyi bir daha ortaya qoyub, İrəvanın belə bir addıma getməyəcəyinə əminlik ifadə edib, eyni zamanda diplomatik tərzdə Ermənistana xəbərdarlıq göndərib.

Sitat: “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə əsas yoxdur, çünki Ermənistan bəyan edib ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək. Ermənistan bu məsələni müzakirə etmir. Bu, parlamentin 2 üzvünün təklifidir. İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o, Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşəcək”.


* * *



Yaxın vaxtlarda isə həmsədrlərin iştirakı ilə Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır. Bunu da Lavrov bəyan edib. “Görüş planlaşdırırıq, çünki məsələ belə yüksək diqqət tələb edir. Tezliklə yəqin ki, təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, - deyə o vurğulayıb.



Qeyd edək ki, aprel müharibəsindən sonra bu, ilk görüş olacaq. Ondan sonra yəqin ki, həmsədrlər tərəflərlə də təmas quracaq. Çox vacibdir ki, Azərbaycan ilk görüşdəcə yeni situasiyanın diktəsi ilə daha prinsipial mövqe ortaya qoysun, öncəliklə də Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycan üçün tələ sayılan referendum söhbətini rədd eləsin, illər öncə aktual olmuş Azərbaycan tərkibində muxtariyyət formuluna qayıtsın.
İndi rəsmi Bakının işğalçı ölkə və həmsədr ölkələr qarşısında daha qətiyyətli iradə ortaya qoymasına ciddi maneə yoxdur. Hətta təəccüblü olardı belə iradə ortaya qoyulmasaydı. Bu, 22 ildir iqtidardakı “Qarabağ klanı”nın radikal və əsassız vədlərlə yemlədiyi erməni cəmiyyətinin problemidir ki, muxtariyyət məsələsini süngü ucunda qarşılayacaq.

Ancaq hamı əmin ola bilər: Azərbaycan ordusunun bircə rayonu azad eləməsi yetər ki, muxtariyyət məsələsi erməni cəmiyyətində dərhal populyarlıq qazansın. Sabiq prezident Levon Ter-Petrosyan hələ 1997-ci ildə necə demişdi: “Bizə təklif ediləni indi götürməsək, vaxt gələcək yalvaracağıq”. Vaxt gedir. Az sonra yüksək muxtariyyət vədi də edilməyə bilər.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.