Xələf Xələfov ölkədəki hüquqsuzluğu müharibə ilə əlaqələndirir
Mayın 4-də Cenevrə şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və BMT-nin Insan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Hussein arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası və BMT-nin Insan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti, bu işğal nəticəsində bir milyondan artıq məcburi köçkünün yurd-yuvasından didərgin düşməsi, Ermənistanın atəşkəs razılaşmasına əməl etməməsi və digər məsələlər müzakirə olunub.
Amma Xələf Xələfov daha bir məqama toxunub və bu məqama diqqət çəkməyi vacib hesab edirik. Xələf Xələfov bildirib ki, ölkədə insan hüquqlarının bütünlüklə təmin olunmasında Ermənistan-Azərbaycan münaqişəsi əngəl törədir.
Azərbaycan hökuməti müharibə amilindən həmişə öz maraqları üçün istifadə edib. Ölkə daxilində hakimiyyətə tənqidlər səslənəndə də, ölkə xaricindən əsaslı ittihamlar irəli sürüləndə də bunu erməni lobbisinin sifarişi, ermənipərəst qüvvələrin məkri kimi qiymətləndiriblər. Yəni daxil auditoriyanı çaşdırmaq, qanunsuz əməllərə don geyindirmək üçün uzun illərdi “erməni” amili əsas arqumentə çevrilib.
Indi də ölkədə insan hüquqlarının pozulmasını müharibə amiliylə bağlayırlar. Müharibə, torpaqların işğal olunması ölkəyə ciddi zərbədir, dövlətin potensialını zəiflədir, bu ərazilərdən istifadə edərək iqtisadiyyatı, turizmi və digər sahələri daha da inkişaf etdirmək olar və s. Amma ölkədəki korrupsiyanı, hüquqsuzluğu, ədalətsizliyi, saxtakarlığı müharibə amiliylə bağlamaq riyakarlıqdır. Əksinə, müharibə şəraitində olan ölkədə bütün neqativlər aradan qaldırılmalı, xalqla hakimiyyətin birliyi təmin edilməlidir.
Bu gün Qarabağ qazisi Asif Yusiflinin şərlənərək həbs olunmasının müharibəyə nə aidiyyəti var? Məgər Ermənistanın 20 faiz ərazini zəbt etməsi, ölkədə 80-ə yaxın siyasi məhbusun olmasını zəruriləşdirir? Son 10 ildə ölkədən 95 milyard pul çıxarılıb, bunun müharibəyə nə dəxli var?
Siyasi hakimiyyət seçkiləri saxtalaşdırırsa, məhkəmələr oyuncaq quruma çevrilibsə, söz azadlığı məhdudlaşdırılıbsa, Azərbaycan korrupsiyanın səviyyəsinə görə ön sıralarda dayanırsa, bunun müharibəylə heç bir əlaqəsi yoxdur. Əksinə, hökumət dövlətlə, xalqla müharibə aparır və nəticədə eybəcər mənzərə yaranır.
Bütün dünya Azərbaycan hakimiyyətindən demokratik öhdəliklərə əməl etməyi tələb edir, amma Azərbaycan hakimiyyəti israrla demokratiyadan qaçır. Ölkənin bütün sahələri iri məmurların monopoliyasındadır, azad sahibkarlıq məhv edilib və bunun Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqəsi yoxdur.
Əgər müharibə bu qədər əngəl törədirsə, bütün vəzifəlilər necə milyarderə çevrilib? Ölkənin bu ağır vəziyyəti icra başçılarına, komitə sədrlərinə, nazirlərə niyə təsir etməyib? Niyə 2.5 milyon vətəndaş borc bataqlığında çırpınır, amma 5-10 ailə dünyanın hər yerində bahalı villalara sahib olub?
Məgər müharibə hökumətdən günahısz insanları ləkələməyi, yüz milyardlarla neft pulunu talan etməyi, ölkəni şəxsi təsərrüfata çevirməyi, hakimiyyət kürsüsünü əbədi zəbt etməyi, təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələri korrupsiyaya bulaşdırmağı tələb edir?
Bu gün münaqişə hələ də davam edirsə, ölkədə bütün hüquqlar tapdaq olunubsa, vətəndaş dilənçi vəziyyətinə düşübsə, bunun yeganə səbəbi hakimiyyətdir. Çünki, hakimiyyət 20 faiz torpaq uğrunda deyil, 80 faizi işğal etmək uğrunda çalışdı. Lobbi təşkilatlarına, diasporaya xərclənən pullar dövlətin deyil, hökumətin təbliğatı üçün nəzərdə tutuldu.
Bu gün hüququ pozulan minlərlə insan Avropa Məhkəməsinə şikayət göndərir və bu şikayətlər müharibədən yox, hökumətin məhv etdiyi məhkəmə sistemindəndir.
Bir sözlə, hökumətin ölkəyə vurduğu zərəri müharibənin üstünə atmaq əvəzinə, Ermənistanın Azərbaycana vurduğu zərərləri dünyaya çatdırmaq lazımdır.
İlham