Azərbaycanın Qərblə münasibətləri Kremli narahat edir
Bəzən gözlənilməz siyasi qərarları ilə məşhur olan Rusiya prezidenti Vladimir Putin Bakıya təcili bir günlük səfər imkanını nəzərdən keçirir.
Bu barədə Rusiya hakimiyyətinə yaxın mənbədən virtualaz.org-un Moskva bürosuna bildirilib.
Mənbənin bildirdiyinə görə, Vladimir Putinin Bakıya səfəri ən yaxın zamanda baş tuta bilər. Bundan savayı, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilib.
Bakıya səfərə gözlənilməz hazırlıq Rusiya prezidentinin hansısa təcili missiyasından xəbər verir.
Bununla birgə, mənbə əlavə edir ki, yekun qərar Vladimir Putinin həm Azərbaycan hakimiyyəti, həm də Ermənistan iqtidarı ilə məsləhətləşmələrindən sonra veriləcək.
Azərbaycanın Qərblə münasibətləri Rusiyanı narahat edir
Putinin Bakı səfərinin məqsədləri ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. Onlardan biri bundan ibarətdir ki, Azərbaycanın Qərblə münasibətlərini istiləşdirməsi Kreml tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanın Avropa Birliyi ilə “modernləşmə” sazişini imzalamağa hazırlaşması, ABŞ-la əlaqələrdə də yaşanan dəyişiklik Rusiyanı hərəkətə kətirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Lavrov bəyan etmişdi ki, Rusiya Avropa Birliyinin genişlənməsinə, xüsusilə təşkilatın Cənubi Qafqaza gəlməsini sükutla izləməyəcək.
Eyni zamanda aprelin əvvəlində cəbhə bölgəsində yaşanan geniş miqyaslı hərbi əməliyyatların yenidən təkrarlana biləcəyi, Rusiya prezidentini bölgəyə gətirən daha bir səbəb ola bilər. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, işğal altında olan torpaqların hər an azad edilməsinə başlanıla bilər və bu Azərbaycanın suveren hüququdur.
Türkiyə Naxçıvanda hərbi baza yerləşdirir?
ilham-ismayil
Yayılan daha bir maraqlı məlumat son günlər Türkiyənin Azərbaycanda, xüsusən də Naxçıvamnda hərbi baza yerləşdirməsi ehtimalları ilə bağlı çağırışlarının, təkliflərin dilə gətirilməsidir. Bu məqam da Kremli narahat etməyə bilməz.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl “Moderator.az”a bildirib ki, Putinin Bakıya gözlənilməz səfərə hazırlaşdığıyla bağlı yayılan xəbərlər də təsdiqini tapacağı təqdirdə bu məsələ əsas müzakirə mövzularından olacaq və onun Ilham Əliyevi bundan imtina etməyə razı salacaq:ÿ”Azərbaycan və Türkiyə arasında hərbi ittifaq olmasa da hərbi əməkdaşlıq yüksək səviyyədədi. Bu birgə təlimlər, silah alınması, kadr hazırlığı və s. özünü göstərir. Hərbi əməkdaşlığın hərbi ittifaq müstəvisinə keçməsinə hüquqi baza Azərbaycan və Türkiyənin imzaladığı strateji mütəffiqlik sənədidir. Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündür və ilk bazanın Naxçıvanda yerləşdirilməsi realdır. Naxçıvana hər hansı kənar dövlətin hərbi müdaxiləsinə də Türkiyənin onu müdafiə etmək hüququnun olduğu Qars müqaviləsində əksini tapıb. Dağlıq Qarabağ ətrafından kənarda, məsələn, Ermənistan – Azərbaycan sərhəddində də Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündür. Türkiyənin NATO üzvü olması onun başqa ölkənin ərazisində hərbi baza yerləşdirməsini qadağan etmir. Bu işdə yeganə əngəl Rusiyadır. Rusiya öz sərhədlərinə yaxın yerdə, Türkiyə ilə münasibətlərinin kəskin bir dövründə Türkiyənin hərbi bazasının yerləşdirilməsini sükutla qarşılamayacaq və mane olacaq. Putinin Bakıya gözlənilən səfəri də mümkündür ki, elə bu məsələ ilə bağlı olsun. Burda Azərbaycanın iradəsi daha önəmlidir. Azərbaycan Rusiyanın Ermənistandakı 102-ci briqadasının mövcudluğunu və zaman-zaman briqada komandanlığının Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edəcəyi təqdirdə Ermənistan tərəfdən ölkəmizə qarşı vuruşacağını bəyan etdiyinə görə Türkiyənin hərbi bazasını yerləşdirməyə qərarlı olduğunu bildirməlidir. Aprel ayının əvvəllərindəki cəbhədəki ağır döyüşlərdən sonra yaranmış vəziyyətdən maksimum yararlanmaq, daha çox strateji qərarlar qəbul etmək lazımdır. Bu strateji addımın ən öndə gələni də Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsidir”.
Azərbaycanı Rusiyadan uzaqlaşdıran səbəblər
Siyasi ekspertlərin fikrincə, son illərdə Putin başda olmaqla Rusiyadan Azərbaycana yüksək rütbəli rəsmilərin səfəlrləri çox intensivləşib. Rusiya keçmiş sovetlər ölkələrinə xüsusi diqqət göstərməkdə davam edir. Bunun başlıca səbəbi bu ölkələri özünün nüfuz dairəsində saxlamaqdır. Neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində Azərbaycanda yaranmış ciddi iqtisadi böhran hakimiyyəti Qərblə münasibətləri intensivləşdirməyə vadar edib. ABŞ və Avropa Birliyi ilə iqtisadi sahədə əlaqələrə xüsusi diqqət verilir. Nəzərə almaq lazımdır ki, TAP və TANAP layihələri üçün Azərbaycana 12 milyard dollar vəsait lazımdır. Digər tərəfdən enerji daşıyıcılarından kənar sahələrin inkişafı Qərb investisiyalarını zəruri edir. Bu yaxınlarda NATO ilə münasibətlərdə də müəyyən canlanma yaranıb. Ötən dövrlərdən fərqli olaraq hətta məsləhətləşmələr də keçirilib. Bu il Avropa Birliyi ilə Azərbaycan arasında münasibətləri yeni mərhələyə qaldıra biləcək sənədin imzalanması gözlənilir. Rusiya həmişə açıq şəkildə keçmiş soet ölkələrinin Qərblə münasibətlərinin qurulmasına və inkişafına qarşı olduğunu bildirib. Iqtisadi potensialı ciddi şəkildə zəifləmiş müxtəlif təzyiq üsulları vasitəsilə onların Qərblə yaxınlaşmasının qarşısını almaq siyasətini davam etdirir. Rusiyanın səylərinə baxmayaraq, ilk növbədə yaranmış ağır iqtisadi vəziyyət hakimiyyəti Qərblə münasibətləri daha da yaxşılaşdırmağa vadar edir.
Xəyal