Qərbdən Azərbaycana siyasi dəstək də veriləcək, TAP və TANAPA maliyyə də tapılacaq
Mehman Əliyev: «İlham Əliyevin Merkel ilə görüşündə Bakıdan islahatların aparılması ciddi şəkildə istəniləcək»
Xarici işlər naziri Elmar Məmmədyarov dünən Almaniyaya rəsmi səfərə yola düşüb. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidməti məlumat verib. Səfər çərçivəsində nazir E.Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və digər rəsmilərlə görüşü nəzərdə tutulub. Ekspertlər hesab edir ki, bu səfər dövlət başçısının inyunda Almaniyaya baş tutacaq səfərinə hazırlıq məqsədi daşıyır.
Onu da qeyd edək ki, bir müddət əvvəl maliyyə naziri Samir Şərifov da Almaniyaya səfər etmişdi. Bu səfərində İ.Əliyevin Almaniyaya səfərinə hazırlıq məqsədi daşıdığı güman edilirdi. Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, dövlət başçısı ABŞ-da olarkən bəyan etmişdi ki, Avropa Birliyi ilə mühüm sənədlərin imzalanmasına hazırdılar. Bundan baş hökumət TAP və TANAP layihələrinin reallaşdırılması üçün ümumilikdə 12 milyard dollar vəsait axtarışındadır. Səfərdə güman ki, müzakirə olunana daha bir mövzu bununla bağlı olacaq.
mehman-aliyev-yeni
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Almaniya Avropa Birliyinin təssisçi ölkələrindən biridir və kifayət qədər güclü iqtisadiyyata, siyasi mövqeyə malikdir. Almaniyanın Azərbaycanla bağlı ənənəvi mövqeyinin formalaşdığını deyən M.Əliyev vurğuladı ki, Almaniya həmişə insan haqları, siyasi azadlıqlarla bağlı öhdəliklərin yerinə yetirilməsində Azərbaycan hakimiyyətinə qarşı israrlı olub: «Azərbaycan hakimiyyəti dəfələrlə Almaniyanı şirnikləndirməyə, müəyyən yollarla rəğbətini qazanmağa çalışıb. Amma bu baş vermir. Bu dəfə Azərbaycan hakimiyyətinin mövqeyi daha zəifdir. Ona görə İlham Əliyevin Merkel ilə görüşündən onu gözləmək olar ki, Bakıdan islahatların aparılması, Avropa dəyərlərinə daha da uyğun şəkildə hərəkət edilməsi ciddi şəkildə istəniləcək. Düşünürəm ki, ABŞ-dakı görüş kimi, Almaniyada da baş tutacaq görüş Azərbaycanda dəyişikliklərə daha çox töhfə verəcək».
M.Əliyev onu da bildirdi ki, Azərbaycan hakimiyyətinin TAP və TANAP-la bağlı maliyyə axtarışlarına rəğmən, hər şey Azərbaycanın üzərinə götürdüyü siyasi islahatların yerinə yetirilməsindən asılı olacaq. Əgər öhdəliklər yerinə yetiriləcəksə, o zaman iqtisadi sahədə də əməkdaşlıq inkişaf edəcək.
Xəyal