Az öncə Hövsan istiqamətində, paytaxtın Fəhlə prospekti ilə Gəncə prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, H 022 817 nömrə nişanlı “Nissan Mikro” avtomobili idarəetməni itirərək, kənardakı yol nişanına çırpılıb və yolun ortasına düşüb. Nəticədə sürücü xəsarət alıb, avtomobilin yolu kəsməsi isə qısa müddətdə böyük tıxacın yaranmasına səbəb olub.
Xəsarət alan sürücü xəstəxanaya qaldırılıb, hadisə yerində olan DYP əməkdaşları isə tıxacın qarşısını almaq üçün dərhal evakuatorla avtomobili hadisə yerindən götürüblər.
Bir neçə dəqiqə fərqlə baş verən növbəti hadisə də Hövsan yolunda baş verib. 10 BG 728 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil əks istiqamətdə hərəkət edən 10 TF 289 dövlət nömrə nişanlı iritutumlu marşrut avtobusun yoluna çıxıb. Nəticədə qəza baş verib və “Opel” zərbənin təsirindən yolun kənarına düşüb.
İdarəetməni itirən və qəzaya səbəb olan “Opel” sürücüsü başından xəsarət aldığı üçün təcili tibbi yardımla dərhal xəstəxanaya göndərilib. Onun xəsarətinin ağır olmadığı bildirilir.
- See more at: http://axar.az/news/19456#ad-image-0