Ankarada Rəsulzadəyə doğru “Cümhuriyyət -96” yürüşü…

28-05-2014, 21:42   
Ankarada Rəsulzadəyə doğru “Cümhuriyyət -96” yürüşü…
Türkiyə paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi Rəsulzadənin məzarı başında qeyd olundu

Mayın 28-də Türkiyənin paytaxtı Ankarada hər il olduğu kimi bu dəfə də möhtəşəm yürüş-mitinq keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü və Rəsulzadənin 130 illiyi münasibətilə təşkil edilən bayram mitinqinə həm Bakıdan, həm Ankaradan qoşulanlar var idi.

“Gənclər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycandan Ankaraya gedən nümayəndə heyətində Müsavat Partiyasından, o cümlədən başqa siyasi birliklərdən qatılanlar vardı. Həmçinin, tələbələr, ictimai fəallar nümayəndə heyətində təmsil olunurdu.

Eyni zamanda yürüşə Ankarada yaşayan azərbaycanlı tələbələr, Anadolu liseyində təhsil alan gənclərimiz, Güney azərbaycanlılar da dəstək verirdi. Yürüş iştirakçıları əllərində “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “Şübhəsizdir ki, həqiqət bir gün parlayacaq”, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarları yazılmış transparatlarla Rəsulzadənin uyuduğu Əsri məzarlığına doğru irəlilədilər. Yürüş zamanı “Azərbaycan”, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarları səsləndirildi. Sonra Rəsulzadənin məzarı başında dövlət himni oxumaqla tədbir açıq elan olundu.

Əvvəlcə Müsavat Partiyası adından çıxış edən Məclis üzvü Vəfa Cümşüdlü partiya rəhbərliyinin salamlarını çatdırdı. V.Cümşüdlü qeyd etdi ki, Rəsulzadə şərqdə ilk demokratik dövlətin qurucusudur. Onun sözlərinə görə, onun məzarın önündə toplaşmaqla mənəvi borcumuzu az da olsa, ödəmiş oluruq:
“Nə qədər ki, Azərbaycan və onun üçrəngli bayrağı var, həmişə Rəsulzadə var olacaq. Çünki Məhəmməd Əmin bəy bütün həyatını, ömrünü və sağlamlığını Azərbaycan uğrunda fəda edib. Onun ürəyi daima Azərbaycan üçün döyünüb. Bu gün bura toplaşmağımız da ona olan məhəbbətin nəticəsidir. İnanıram ki, illər gələcək bu məzarlığa milyonlar axışacaq. Bakıdan Ankaraya gələrək onun ruhunu şad etmiş olduq”.

Eks-prezident Əbülfəz Elçibəyin yaxınlarından olan Xanım Xəlilova Azərbaycan və Türkiyə üçün əziz bir gün olduğunu vurğuladı. X.Xəlilova Cümhuriyyətin qurulmasından danışdı və bu dövlətin yaradılmasında zəhməti olan insanları yada saldı: “Başda Rəsulzadə olmaqla dostları çox əziyyət çəkdilər. Onlar bu yolda uzun bir mücadilə verdilər, bir dövlət yaratdılar, qadınlara səsvermə hüququ verdilər, bir nümunə ortaya qoya bildilər.

Ancaq əfsuslar olsun ki, o dövrdə böyük dövlətlər, zor gücünə söykənənlər bu dövlətin ömrünün uzun olmasına imkan vermədilər. Lakin bu 23 ay ömrü olan Cümhuriyyət bu gün üçün tarix qoydu və Rəsulzadə 23 ay sonra süqutdan heç də məyus olmayaraq, qürurlu şəkildə bəyan etdi ki, “bir kərə yüksələn bayraq, bir daha enməz”.

X.Xəlilova Nuru Paşanın xidmətlərindən də söz açdı: “Onu da unutmaq olmaz ki, Nuru Paşanın ordusu Bakını erməni, rus və ingilislərdən xilas etdi. Biz hər 15 sentyabrı Bakının qurtuluş günü kimi qeyd edirik. Rəsulzadə yolunun ən böyük davamçısı Elçibəy idi. Onu da bu bayram günündə yaddan çıxarmaq olmaz. Mən 19 yaşından Elçibəylə birgə mübarizə aparmışam. Bizi pantürkizmdə, panislamizmdə ittiham edirdilər. Təbii ki, bunlar yalan idi. Biz Cümhuriyyətimizi qurmaq istəyirdik. İnanıram ki, Rəsulzadənin bütün ideyaları gerçəkləşəcək. Allah türkü qorusun”.

“Gənclər klubu” İctimai Birliyinin həmtəsisçisi Zaur Əkbər hamını bayram münasibəti ilə təbrik etdi. Z.Əkbər qeyd etdi ki, bu gün Cümhuriyyətə aidiyyatı olmayanlar, onun mənəvi varisi titulunu daşımayanlar meydana çıxıblar: “Çox təəssüflər olsun ki, hər il mayın 28-də Azərbaycanın telekanallarında Cümhuriyyətin qurulmasında rolu olmayan və buna yaxından-uzaqdan heç bir bağlılığı olmayanların şəkilləri qoyulur. Bununla göstərmək istəyirlər ki, Cümhuriyyətin qurulmasında Rəsulzadənin xidmətləri olmayıb. Amma belə bayağı yollarla Rəsulzadəni unutdurmaq olmayacaq. Çünki o kişi 1918-ci ildə qurduğu dövlətlə ürəklərdə yaşayır. İnsanların qəlbində heykəl qoymaq lazımdır. Bunu da Məmməd Əmin bəy bacarıb”.

Z.Əkbər qeyd etdi ki, hər ilin bu günü böyük nümayəndə heyəti ilə Bakıdan Ankaraya səfər təşkil olunur: “Biz bu tədbirləri təşkil etməklə onun qarşısında mənəvi borcumuzu ödəyirik. Biz Bakıda da toplaşıb Rəsulzadəni yad edə bilərik. Amma məzarı başına yığışıb, ruhunu şad edib, Cümhuriyyətimizin 96 illiyini qeyd etmək daha gözəldir. Sağlıq olsun, Cümhuriyyətimizin 100 illiyini də Rəsulzadənin məzarı önündə qeyd edəcəyik. Daha möhtəşəm, izdihamlı və əzəmətli bir yürüş təşkil etmək istəyirik”.

Z.Əkbər Rəsulzadə dəyərlərinin müdafiəsində duran insanlar haqda da danışdı: “Bəzən bizə deyirlər ki, bütpərəstik, şəxsiyyətə pərəstiş edirik. Qətiyyən belə deyil. Sadəcə, biz Rəsulzadə dəyərlərinin daşıyıcısıyıq. Bu gün o dəyərlər uğrunda mübarizə aparan Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov və onlarla belə insan həbsdədir. Bundan sonra da ölkəmizin vicdanlı insanları Rəsulzadənin arzularını reallaşdırmaq, hüquqi və demokratik bir dövlətin qurulması üçün mübarizəni davam etdirəcək”.

Filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı dedi ki, Rəsulzadənin bütün həyatı azərbaycançılıqla yoğrulub: “O, İranda da fəallıq edib, Səttarxanla dostluq edib. XX əsrin iki böyük şəxsiyyəti var - Atatürk və Rəsulzadə... Onlar Türk dünyasının xəzinəsidir. Bu gün Cümhuriyyətimizin 96 illiyini qeyd ediriksə, bunun səbəbkarı Rəsulzadə və onunla bir yerdə olan dostlarıdır”.

Sonda Rəsulzadə Anadolu liseyinin müdiri Yunis Toprak dedi ki, məqsəd Rəsulzadənin ideyalarını dünyaya çatdırmaqdır. Ardınca Rəsulzadə liseyi ziyarət olundu və tədbir bayram ziyafəti ilə yekunlaşdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.