Hakimiyyətin 5 rayon söhbəti yalan çıxdı

16-05-2016, 21:33   



Hakimiyyətin təbliğ etdiyi 5 rayonun qaytarılması məsələsi müzakirə predmeti deyil

RF XIN-in mətbuat katibi Mariya Zaxarova Moskvada keçirdiyi Brifinqdə Ermənistan və Azərbaycan prezidentlərinin mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – Rusiya, ABŞ, Fransanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşünün məqsədləri haqqında danışıb.

"Hazırlanan mümkün məsləhətləşmələrin əsas məqsədi atəşkəs rejimini gücləndirməyə, hərbi riskləri azaltmağa çalışmaqdan, konkret etimad tədbirlərinin möhkəmləndirilməsi haqqında razılaşma əldə etməkdən ibarətdir. Qeyd edim ki, bu, hazırda kifayət qədər fəal şəkildə hazırlanan planlarda var”, deyə o bildirib.

"Bu görüşün münaqişə zonasında vəziyyətin sabitləşməsinə şərait yaratmalı olduğuna və yaradacağına, hərtərəfli həllə nail olmağa yönəlmiş danışıqlar prosesinin bərpası üçün zəruri şəraiti yaradacağına əsaslanırıq”, deyə o əlavə edib.

Moskva bu münaqişənin tənzimlənməsini necə görür? Bu suala cavabda Zaxarova deyib: "Müstəsna olaraq artıq qəbul edilmiş, Bakı və Yerevanın imzaladığı beynəlxalq sənədlər əsasında siyasi-diplomatik sülh yolu ilə. Ümid edirik ki, bu, belə də olacaq. Heç bir alternativ yol, məsələn, güc yolu ilə həll mövcud deyil. Münaqişəni güc yolu ilə həll etmək, nizamlanmanın gedişatını dəyişdirmək cəhdlərinin nəyə gətirib çıxardığını görürük. Bu yol heç yerə çıxmır”.

Rusiyanın Azərbaycana silah ixracını şərh edən Zaxarova deyib: "Rusiya dəqiq beynəlxalq-hüquqi və ikitərəfli hüquqi əsaslarla hərbi-texniki əməkdaşlıq həyata keçirir.

Biz vəziyyətin mürəkkəbliyini və bizim fikrimizcə, sözdə deyil, real olaraq vəziyyətin sakitləşməsinə gətirib çıxara biləcək metodları yaxşı başa düşürük. Biz dəqiqliklə deyirdik ki, bu metodlara ilk növbədə siyasi-diplomatik nizamlama, tərəflərin vasitəçilərin dəstəyi ilə mövcud problemləri ciddi şəkildə həll etmək və işi sülhə qədər aparmaq niyyəti və istəyi aiddir. Mənə elə gəlir ki, gərginləşmə baş verdiyi andan etibarən bizim mövqeyimiz dəqiq ifadə olunub. Bu, şübhəsiz, Ermənistanı da narahat edən suala – necə etmək olar ki, artıq qan axmasın? – sualına məhz siyasi-diplomatik cavab axtarmaq lazım olduğundan ibarətdir. Diplomatiya bunun üçün mövcuddur. Hazırda Vyanada görüş keçirilməsi mümkünlüyünə buna görə baxılır. Bilirsiniz ki, Rusiyanın Dağlıq Qarabağ nizamlanmasındakı rolu kifayət qədər böyükdür, həmçinin, sizə məlumdur ki, biz son illər ərzində tərəflərin yekun həllin axtarışına yaxınlaşdıran bir sıra təkliflər irəli sürmüşük. Təəssüf ki, son anlarda bu razılaşmalar müxtəlif səbəblərdən final mərhələsinə gedib çatmayıb, amma siz yaxşı bilməlisiniz ki, məhz Rusiya daim nizamlanma prosesinə təkan vermək üçün bu və ya digər təkliflər irəli sürüb”.

Bir məqamı nəzərə almaq lazımdır ki, aprel döyüşləri zamanı hakimiyyət bəyan edirdi ki, danışıqlar prosesində "məntiqli sonluğa yaxınlaşıblar”. Amma Rusiya XIN-in yanaşmasından görünür ki, danışıqlar prosesi heç də Azərbaycanın xeyrinə deyil. Rusiyanın mövqeyi atəşkəsi qoruyub saxlamaq, münaqişənin donunun açılmasına imkan verməməkdir. Rusiyanın baş naziri Medvedev Kremlin niyyətini elə aprel döyüşlərinin ilk günü açıqlamışdı. O, bəyan etmişdi ki, müharibədənsə, problemin dondurulması daha yaxşıdır.

Digər tərəfdən aydın oldu ki, hakimiyyətin uzun müddət təbliğ etdiyi 5 rayonun qaytarılması məsələsi danışıqlar prosesinin predmeti deyil.

Siyasi ekspertlərin fikrincə, əslində beynəlxalq birliyin ötən illər ərzində Qarabağ məsələsində görməyə çalışdığı başlıca iş problemin həllini təmin etmək deyil, atəşkəsi qoruyub saxlamaq olub. Başlıca səylər məhz bu istiqamətə yönəlib. Aprelin əvvəlində baş vermiş qanlı hadisələrdən sonra atılan addımlar atəşkəsin ən azı ciddi şəkildə pozulmasının qarşısını almağa xidmət edir. Vyana görüşü də məhz bu məqsədlə təşkil olunur. Son bir il ərzində Azərbaycanda tez-tez Rusiyanın işğal olunmuş bir neçə rayonu qaytaracağına şərait yaradacığı ilə bağlı şaiələr yayılıb. Bu şaiələrin yayılmasında bir məqsəd də Qarabağ məsələsi ilə bağlı Rusiyaya qarşı olan ictimai rəyi yumşaltmaq olub. Siyasi hakimiyyətin maraqlarını qorumaq naminə Rusiya ilə münasibətləri çox səviyyədə saxlamağa çalışan dairələr bu məsələdə xüsusi canfəşanlıq edirlər.

Qarabağ probleminin yaradılmasında və bu vaxta qədər faktiki idarə olunmasında müstəsna rol oynamış Rusiyanın münaqişənin köklü şəkildə həllində maraqlı olmaması hamıya bəllidir. Rusiya problemin həllində deyil, qalmasında maraqlıdır. Çünki bu amil Rusiyaya regionu nəzarətdə saxlamağa imkan verir .//millet.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.