Səhiyyə sistemi 23 yaşlı Səddam Xaliqovu niyə və necə öldürdü...

29-05-2014, 11:13   
Səhiyyə sistemi 23 yaşlı Səddam Xaliqovu niyə və necə öldürdü...
Epilepsiya xəstəliyindən əziyyət çəkən 23 yaşlı Səddam Xaliqov 1 saylı klinik xəstəxanada (keçmiş Semaşko) müəmmalı şəraitdə ölüb. Həkimlər isə gəncin ölümünün səbəblərini gizlədirlər.

Bunu virtualaz.org saytına açıqlamasında mərgum gəncin atası Məhəmməd Xaliqov deyib.

Onun sözlərinə görə, hər şey mayın 20-də Səddamın epilepsiyası tutandan sonra başladı. Valideynləri adəti üzrə təcili yardım çağırıblar. Təcili yardım həkimləri isə gənc oğlanı nəyə görəsə 2 saylı psixiatriya xəstəxanasına aparıblar. Orada Səddamı həkim Rahib Hacıyev qəbul edib. Elə həmin gün - mayın 20-də gecə xəstəxanadan Səddamın valideynlərinə zəng vuraraq deyiblər ki, xəstə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq yerə atılıb. Hündürlükdən yıxıldığı üçün müxtəlif xəsarətlər alan Səddamı Semaşko xəstəxanasına aparıblar.

Psixiatriya xəstəxanası əməkdaşlarının sözlərinə görə, xəstə klinikaya əsəbləri oyanmış şəkildə qəbul edilib, ona xüsusi tibbi yardım göstərilib, bundan sonra gənc oğlan yuxuya gedib, gecə isə naməlum səbəbdən pəncərənin çərçivəsini qıraraq yerə atılıb...



“Yerə düşərkən ayaqları zədələnmişdi. Buna görə də şəhər kilinik xəstəxanasına göndərildi. Oradakı müayinə zamanı müəyyən edilib ki, gəncin daxili orqanlarının heç biri zədələnməyib. Psixiatriya xəstəxanasının mütəxəssisləri xəstəyə hər gün baş çəkirdilər. Onun vəziyyəti sabit kimi qiymətləndirilirdi. Yıxıldığı üçün sadəcə olaraq ayaqları zədələnmiş gəncin ölümü psixiatrlardan ötrü böyük gözlənilməzlik oldu” - deyə psixiatriya xəstəxanasından virtualaz.org saytına bildiriblər.

Bununla yanaşı, gənc oğlanın pəncərədən atılmasının səbəbləri psixiatriya xəstəxanasının həkimlərini deyəsən, o qədər də maraqlandırmır.

“Səddam xəstəxanaya yerləşdiriləndə həkimlər dedilər ki, onun sadəcə ayağı sınıb, başqa narahatlığa əsas yoxdur. Amma oğlum çiyin nahiyəsindəki şiddətli ağrılardan şikayətlənirdi. Həkimlər isə buna əhəmiyyət verməyiblər” - deyə Məhəmməd Xaliqov bildirir.

Dərddən beli bükülmüş biçarə ata deyir ki, o, hər gün xəstaxanaya gedirdi, çünki bacısı (yəni Səddamın bibisi) da həmin xəstəxanada yatırdı.

“Hər gün xəstəxanada idim. Həkimlərin məndən tələb etdiyi pulu da səliqə ilə verirdim. Oğlum yalnız çiynindəki ağrılardan şikayətlənirdi. Bütövlükdə özünü yaxşı hiss edirdi. Həkimlər isə onun səhhətindəki problemlər barədə heç nə demirdilər. Sadəcə onu deyirdilər ki, sınmış ayağı təzədən əməliyyat olunmalıdır” - deyə M.Xaliqov başına gələnlərdən heç nə anlamadığını vurğulayır.

Xəstəxanaya düşənə qədər yalnız epilepsiyadan (bu isə ağır xəstəlikdir, amma öldürücü sayılmır və hər hansı psixi pozuntu ilə bağlı deyil) əziyyət çəkən gəncin atası bu olaydan çox sarsılıb. O deyir ki, həkimlərin “qorxulu heç nə yoxdur” sözlərini eşidəndən 6 gün sonra Səddamın qəfil ölüm xəbərini alıb.

“Deyirlər ki, Səddamı müayinə üçün aşağı mərtəbədəki diaqnostika şöbəsinə aparıblar. Uşaq da elə orada guya qəfildən ölüb. Xəstəxanadan mənə yalnız bunu deməyə dilləri gəldi. Bundan sonra bütün tibb işçiləri sanki susmağa və heç nə danışmamağa and içiblər. Məni heç kim qəbul etmir, şikayətimi dinləmir, suallarıma cavab vermir. Hansı həkimə yaxınlaşıramsa, mənimlə danışmaqdan yayınır. Ən yaxşı halda bunu deyirlər ki, onların Səddamın ölümünə heç bir aidiyyəti yoxdur.

Xəstəxananın baş həkimi məni qəbul etməkdən imtina etsə də onu iclasda tutdum. Baş həkim mənim şikayətimə cavab olaraq sakitcə, heç halını da pozmadan dedi ki, hər ailədə adamlar ölür. Belə də cavab olar? Gənc və sağlam bir adam xəstəxanada naməlum şəraitdə ölür, amma özlərini elə aparırlar ki, sanki heç nə olmayıb” - deyə M.Xaliqov bildirir.

Çarəsiz ata belə hesab edir ki, onun oğlu sadəcə həkim səhlənkarlığı ucbatından ölüb: “Oğlum çiynindəki ağrılardan şikayət edirdi, amma buna heç kim məhəl qoymadı. Ola bilsin ki, uşaq yıxılanda onurğa sütununu zədələyib və onu başqa xəstəxanaya aparanda ehtiyatsızlıq ediblər, bir az da əziblər. Ola bilsin ki, onu müayinə edəndə xəsarət yetiriblər. Nə bilim?! Suallar çoxdur, amma heç kim onlara cavab vermək istəmir. Heç ölüm haqqında aktı da mənə vermədilər. Səddam öləndən dərhal sonra ekspertiza təyin olunsa da onun nəticələrini məndən, ailəmizdən gizlətdilər”.

Virtualaz.org saytının müraciət etdiyi yüksək ixtisaslı həkimlər S.Xaliqovun tibbi sənədləri əsasında belə nəticəyə gəliblər ki, onun əziyyət çəkdiyi xəstəlik (epilepsiya) bu halda və gənc xəstəxanaya yerləşdirdiyi an üçün ölümə səbəb ola bilməz. Redaksiyamız sağlam bir gəncin ölümü ilə yekunlaşan bu qaranlıq məsələni sona qədər araşdırmaqda israrlıdır.



Bu işdə suallar çoxdur. Ən əsas sual budur: psixi cəhətdən sağlam olan bir adam nəyə görə psixiatriya xəstəxanasına yerləşdirilib? S.Xaliqovu həmin xəstəxanada pəncərədən atılmağa nə vadar edib? Axı çətin pasiyentləri olan 2 saylı xəstəxanada məntiqlə müvafiq təhlükəsizlik sistemi olmalı idi... Belə çıxır ki, sabah da digər pasiyentlər bu klinikada asanlıqla özlərini öldürə, intihar edə, yaxud qətl törədə bilərlər. Bəs buna görə kim cavabdehdir, kim cavabdeh olmalıdır? Baş həkim və tibb personalı hara baxırlar? Bəs Semaşko xəstəxanasında S.Xaliqovun müalicəsi üçün niyə müvafiq tədbirlər görülməyib? Əgər xəstə dövlət xəstəxanasına yerləşdirilmişdisə, onda onun yaxınlarından niyə pul alırdılar? Gəncin ölümünə nə səbəb olub? Meyit niyə yarılmayıb, dəqiq yoxlama və müayinə aparılmayıb?...

Bu sualların heç birinə hələ dolğun cavablar ala bilməmişik. Hamı susur, əlini və başını yelləyir. Amma bu suallara mütləq cavablar almağa çalışacağıq..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.